close

Blinken: “Qarabağ ermənilərinin təhlükəsizliyi ilə bağlı müzakirələri təqdir edirik”

A.Blinken və İ.Əliyev

ABŞ 17 hərbi əsirin Ermənistana qaytarılmasını alqışlayıb

ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Prezidenti Əliyevlə danışıb. Onların söhbəti əsasən Azərbaycan və Ermənistanın davamlı sülh sazişinin əldə edilməsi istiqamətində atdığı addımlardan bəhs edib.

Bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Həmin məlumatda bildirilir ki, Blinken Ermənistan və Azərbaycan xarici işlər nazirləri və liderlər arasında son birbaşa danışıqları yüksək qiymətləndirdiyini söyləyib.

O, oktyabrın 4-də Azərbaycanda olan 17 erməni hərbi əsirin Ermənistana qaytarılmasını alqışlayıb və Prezident İlham Əliyevi sülh prosesini dəstəkləmək üçün vaxta bağlı ölçüləbilən addımları davam etdirməyə çağırıb.

Dövlət katibi ABŞ-ın sərhədlərin dəqiq delimitasiyası, nəqliyyat əlaqələri, itkin düşmüş şəxslər barədə məlumat və onların şəxsiyyətinin müəyyən edilməsi proseslərini də dəstəklədiyini bildirib:

“Məhbusların qaytarılması prosesi də önəmlidir. Eyni zamanda, Dağlıq Qarabağ sakinlərinin hüquqları məsələləri də vacibdir. Bütün bunlar, eyni zamanda, hər iki tərəfin atəşkəsi qoruyub saxlaması davamlı sülhə aparan yeganə yoldur”.

Azərbaycan Prezidentinin Mətbuat Xidmətinin yaydığı məlumata görə, Dövlət katibi, eyni zamanda, konkret vaxt çərçivəsində sülh müqaviləsi üzrə danışıqların aparılmasının əhəmiyyətinə toxunub:

“Qarabağda yaşayan etnik erməni sakinlərin hüquqlarının və təhlükəsizliyinin təmin olunması üzrə müzakirələri təqdir edib”.

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan oktyabrın 6-da Praqada birinci Avropa Siyasi Birliyinin hüdudlarında Fransa Prezidenti və Avropa İttifaqı Şurasının sədrinin dəvəti ilə görüşüb.

Görüşdə Azərbaycan-Ermənistan münasibətləri, sərhədlərin delimitasiyası məsələlərinə də toxunulub, iki ölkənin sərhədinə mülki Aİ missiyası göndərilməsinə də razılıq verilib.

Azərbaycan da bu missiya barəsində əməkdaşlığa razı olduğunu bəyan edib:

“Missiya oktyabrda başlayacaq və maksimum iki ay müddətinə gerçəkləşəcək. Missiyanın məqsədi isə tərəflər arasında güvən yaratmaq və öz hesabatları vasitəsilə sərhəd komissiyalarına töhfə verməkdir”.

Sərhəd komissiyalarının növbəti iclasının isə oktyabrın sonunda Brüsseldə keçiriləcəyi gözlənilir.

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 6-da keçirilən Praqa görüşündən sonra yerli mediaya açıqlamasında artıq sülh prosesinə təkan verildiyini söyləyib.

O bildirib ki, ilin sonunadək sülh sazişi imzalana bilər.

Azərbaycan və Ermənistan arasında olan Qarabağ münaqişəsinin ilkin mərhələsi 1988-ci ildə başlayıb.

Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayan və 1994-cü ildə imzalanan atəşkəs razılaşması ilə bitən Birinci Qarabağ müharibəsi zamanı Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində isə Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Hazırkı mərhələdə ərazidə tez-tez atəşkəs pozulur, hətta günlərlə sürən döyüşlər baş verir. Nəticədə hər iki tərəf itki verir və buna görə bir-birlərini günahlandırırlar.

Ana səhifəSiyasətBlinken: “Qarabağ ermənilərinin təhlükəsizliyi ilə bağlı müzakirələri təqdir edirik”