close

Bloger qəzaya görə özünü günahkar sayır

Nicat Şakirli. Foto: sosial şəbəkə

İttihama görə, Nicat Şakirli hadisə zamanı içkili olub

Sosial şəbəkələrdə “Nikosayağı” kimi tanınan bloger Nicat Şakirli dostunun ölümünə səbəb olan avtoqəzaya görə özünü günahkar sayır. Lakin o, hadisə vaxtı spirtli içkinin təsiri altında olmadığını deyir. O, öz məhkəməsində ifadə verib.

Fevralın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyilə keçirilən məhkəmə iclasında əvvəl prokuror ittiham aktını elan edib. İttihama əsasən, 15 avqust 2023-cü ildə gecə saatlarında baş vermiş hadisə zamanı Nicat Şakirli sərxoş olub. O, “Porsche” markalı avtomobili idarə edərkən sürət həddini aşıb. Nəticədə onun idarə etdiyi avtomobil yüksək sürətlə yük maşınına dəyib. Qəza zamanı Nicat Şakirlinin maşınında olan dostu Ruslan Məmmədov hadisə yerində həyatını itirib. Özü isə xəstəxanaya çatdırılıb. Xəstəxanada onun qolu amputasiya olunub.

İttihama münasibət bildirən 29 yaşlı Nicat Şakirli özünü təqsirli saydığını deyib. Lakin o, qəzanı spirtli içkinin təsiri altında törətməsi barədə ittiham aktında yazılanları qəbul etməyib. Bloger hadisə barədə bunları danışıb:

“Nərimanov”da oturub domino oynayırdıq. Bir az sonra sıxıldıq, durduq maşınla gəzməyə. Evə gedib paltarımı dəyişmək istəyirdim. Ruslan dedi ki, pulqabım öz maşınımda qalıb, məni qaytar, götürüm. Hadisədən 1-2 saat əvvələ qədər hər şeyi xatırlayıram. Amma sonradan nə olduğunu videoya baxıb bilmişəm. İçkili olmamışam. Mən içmək istəsəydim belə, Ruslan qoymazdı. Mən bir gün əvvəl içmişdim. Mənə qaranlıqdır ki, məndən necə nümunə götürülüb, onu da bilmirəm. Bunları danışmaq çox ağırdır. Çünki qardaş kimi əziz olan bir adamı itirmişəm. O, ailəmizin bir üzvü idi. Günahkaram…”.

Nicat Şakirli əlavə edib ki, 2015-ci ildə də travma alıb, bununla əlaqədar da yaddaşında problem var.

“Nikosayağı” Cinayət Məcəlləsinin 263-1.3 (yol hərəkəti qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan pozma – ölümə səbəb olduqda) maddəsilə ittiham olunur. Bu maddədə 5 ildən 8 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Nicat Şakirli həbsdə deyil, istintaq dövründə onun haqqında başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilib. Məhkəmə də bunu dəyişməyib.

Qəzada həyatını itirən 1996-cı il təvəllüdlü Ruslan Məmmədov Şimali Osetiya-Alaniya Respublikası Azərbaycanlıları Konqresinin fəxri prezidenti Şahin Məmmədovun oğludur.

Ana səhifəSosialBloger qəzaya görə özünü günahkar sayır