close

“Bolt” qiymət ucuzluğu və faiz çoxluğundan şikayətlənən sürücüləri dəstəklədi

Foto: “Bolt”

“Sürücülərin etiraz etmək hüququnu dəstəkləyir, onlarla dialoqa açığıq”

“Bolt” taksi şirkəti qiymət ucuzluğundan, faiz çoxluğundan şikayətlənən sürücüləri dəstəklədiyini açıqlayıb.

Şirkət bildirib ki, sürücülərin etiraz etmək və fikirlərini bildirmək hüququnu dəstəkləyir, onlarla dialoqa açıqdır.

Bu barədə “Bolt” taksi şirkətinin aprelin 14-də Meydan TV-yə göndərdiyi açıqlamada deyilir.

Şirkət qeyd edir ki, Azərbaycanda minlərlə sürücü “Bolt” tətbiqindən istifadə edir.

“Bolt” komandası olaraq inanırlar ki, sürücülər sərnişinlərə daha keyfiyyətli xidmət göstərə bilər:

“Buna görə də biz sürücülərimizə həmişə hörmətlə yanaşırıq və əsas məqsədimiz onları bazarda ən yüksək saatlıq qazanc ilə təmin etməkdir. Biz həmişə vəziyyəti təhlil edirik ki, tariflər müştərilər üçün cəlbedici olsun, qazanc imkanı isə sürücü tərəfdaşlarımızı həvəsləndirsin”.

Açıqlamada sürücülərdən xahiş edilir ki, “Bolt” ilə bağlı təcrübələri barədə rəylərini onlarla bölüşsünlər:

Çünki sürücülərimizə keyfiyyətli xidmət və dəstək göstərmək üçün məhz bu rəylərə əsaslanırıq. Çox sayda tərəfdaş sürücülərin olmasına baxmayaraq, biz onların hər birinin fikrini diqqətə alırıq. “Bolt” sürücülərinin əməkdaşlıq şərtləri və gəlir səviyyəsi bazarda ən yaxşılarındandır. Biz həmişə komissiya, avtomobilə texniki qulluq və sairə kimi bütün müvafiq amilləri nəzərə alaraq sürücülər üçün təkliflərimizi tənzimləyirik ki, sürücülər daha çox qazana, eləcə də tətbiqdə hər gün kifayət qədər sifarişlər ala bilsinlər”.

Şirkət qeyd edir ki, platformalarından istifadəni dayandırmağa və digər xidmətləri sınamağa qərar verən sürücüləri də anlayırlar. Bu, onların seçimidir.

“Bolt” taksi xidmətinin tətbiqindən istifadə edən sürücülər aprelin 13-də şirkətin önündə toplaşıb, etiraz ediblər.

Onlar gediş haqlarının aşağı olmasından şikayətləniblər.

Bildiriblər ki, belə işləmək onlara sərf etmir:

“Marşurta 3 nəfər minir, 1 manat 20 qəpik ödəyir, taksiyə 4 nəfər minir, o da eyni qədər ödəyir. Bəs fərq nə oldu? Əməyimiz istismar edilir”.

Meydan TV-yə açıqlama verən sürücülər bildiriblər ki, 10-12 kilometrlik yola 2.80 – 3 manat pul yazılır.

Onlar hesablamanın düzgün aparılmadığı qənaətindədirlər.

Deyirlər ki, bu gün taksi xidməti ictimai nəqliyyatdan ucuz başa gəlir.

200-300 kilometrə 30-35 manat gəlir götürmək mümkün olur, bu da sürücülərə sərf etmir: “Hər şey bahalaşıb, təkər, yağdəyişmə, benzin, ərzaq, xidmətlər… Belə vəziyyətdə işləmək sərf etmir, ona görə də işi dayandırmışıq”.

Ana səhifəSosial“Bolt” qiymət ucuzluğu və faiz çoxluğundan şikayətlənən sürücüləri dəstəklədi