close

“Bravo” alıcıların aldadılmasına görə cərimələndi

“Bravo”

 Şirkətin nümayəndəsi məhkəməyə gəlməsə də, qərar verilib

“Bravo” istehlakçıların hüquqlarının pozulmasına görə cərimələnib. Bu barədə Meydan TV-yə məlumat verən mənbə bildirib ki, buna səbəb supermarketdə satış zamanı məhsulun qiymətinin piştaxtada göstəriləndən fərqli – daha baha hesablanmasıdır.

Bakı sakini Yusif Yusifov bununla əlaqədar İqtisadiyyat Nazirliyinin tabeliyində olan Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə şikayət edib. O bildirib ki, “Bravo”da şərabın üstündə qiyməti 11 manat 99 qəpik göstərildiyi halda, kassada məhsulların qiyməti hesablananda şəraba görə ondan 15 manat 59 qəpik pul tələb olunub. Bunu istehlakçıların aldadılması kimi qiymətləndirən Yusif Yusifov piştaxtada məhsulun qarşısında yazılan qiymətin şəklini də, kassa qəbzini də təqdim edib.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində vətəndaşın şikayətini araşdırılandan sonra belə nəticəyə gəliblər ki, “Azərbaycan Supermarket” MMC (“Bravo”) istehlakçıların hüquqlarını pozur. Şirkətə münasibətdə İnzibati Xətalar Məcəlləsinin 447.0.1 (malın (xidmətin) ölçüsü, çəkisi, hesabı, istehlak xüsusiyyəti və ya keyfiyyətilə bağlı istehlakçıların az miqdarda aldadılması) maddəsilə inzibati xəta işi başlayıb. Bu məsələ məhkəmə müstəvisinə çıxıb.

“Bravo”nun nümayəndəsi məhkəməyə gəlməyib. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi isə o fikirdə qalıb ki, “Bravo” istehlakçıların hüquqlarını pozub.

Buna görə də məhkəmə “Bravo”nun 4 min manat cərimələnməsi barədə qərar çıxarıb.

Ana səhifəSosial“Bravo” alıcıların aldadılmasına görə cərimələndi