close

“Bravo”dakı silahlı hücuma görə evində əməliyyat keçirilən şəxs narkotik ittihamıyla məhkəmə qarşısında

“Bravo”

 “Mənə tutub aparıb psixoloji təzyiq göstərərək, sənədlərə imza atdırıblar”

“Bravo” hipermarketində inkassatora silahlı hücumdan sonra bu cinayəti törətməkdə şübhəli bilinən Ruhlan İsmayılov hadisə günü axşam saatlarında Fəvvarələr meydanında yerləşən mənzillərdən birində keçirilən polis əməliyyatı nəticəsində öldürülmüşdü. Elə həmin vaxt da o mənzildə yaşayan İsmayıl Hacızadə Cinayət Məcəlləsinin 234.1-1 (satış məqsədi olmadan külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsilə tutulub.

24 yaşlı İsmayıl Hacızadə hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur. İyunun 25-də onun işi üzrə məhkəmə prosesi başlayıb. Onun ev dustaqlığına buraxılması haqda vəsatət qaldıran vəkili bildirib ki, əslində, narkotik ittihamı əsassızdır.

Cinayət işinin materiallarında iddia olunur ki, Səbail rayonu, 9-cu polis bölməsinin əməkdaşları 4 mart saat 21.30 radələrində İsmayıl Hacızadəni küçədə saxlayıblar, gətirib üstünə baxış keçirəndə cibindən bir neçə bükümdə ümumilikdə 2.2 qram heroin tapıblar.

İsmayıl Hacızadənin sözlərinə görə, əslində isə onu yaşadığı evdən tutub aparıblar. Çünki həmin vaxt o evdə polislər əməliyyat keçirib, gözünün qarşısında “Bravo” hadisəsində şübhəli bilinən Ruhlan İsmayılovu odlu öldürmüşdülər.

İsmayıl Hacızadə əlavə edib ki, homoseksualdır, Ruhlan İsmayılov da tanışı idi, bu üzdən həmin gün onun yaşadığı evə gəlmişdi.

“Mən narkotik istifadəçisi deyiləm. Heç vaxt da istifadə etməmişəm. Həmin gün gözümün qarşısında adam öldürülüb. Mənə tutub aparıb psixoloji təzyiq göstərərək, sənədlərə imza atdırıblar. Məni dindirəndə yanımda vəkil olmayıb”, – İsmayıl Hacızadə də narkotik ittihamının əsassız olduğunu deyir.

Bakı Ağır Cinayətlər Məhkəməsi
Foto: Meydan TV

Lakin məhkəmə onu ev dustaqlığına buraxmaqdan imtina edib.

İsmayıl Hacızadənin ittiham olunduğu Cinayət Məcəlləsinin 234.1-1 maddəsində 3 ildən 8 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Əhmədli qəsəbəsindəki “Bravo” hipermarketində silahlı hücum martın 4-də günorta saat 12 radələrində baş verib. Nəticədə inkassator Rüfət Həşimov qətlə yetirilib, daha bir nəfər yaralanıb.

Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun yaydığı birgə məlumatda iddia olunur ki, Ruhlan İsmayılov axşam saat 21.00 radələrində əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərdiyi üçün zərərsizləşdirilib:

“Ruhlan İsmayılovun gizləndiyi mənzilə istintaq-əməliyyat qrupu tərəfindən baxış keçirilərkən cinayət nəticəsində əldə olunan 16 min 835 manat və 20 min 100 ABŞ dolları pul, “AKS Lancaster-03” markalı odlu silah, 1 ədəd “Makarov” və 1 ədəd “Colt” tipli tapançalar, çoxsaylı döyüş sursatları tapılıb”.

Baş Prokurorluq və DİN-in məlumatına görə, “Bravo”ya silahlı hücumla əlaqədar üç nəfər – Dəyanət Qudrətov, Azər Məmmədov və Səbuhi Qurbanov həbs olunub. Onlara qarşı qəsdən adam öldürmə, adam öldürməyə cəhd kimi ittihamlar irəli sürülüb.

Adları çəkilən şəxslərdən Azər Məmmədovun atası mətbuata açıqlamasında bildirib ki, oğlu özünü təqsirli bilmir.

Ana səhifəSosial“Bravo”dakı silahlı hücuma görə evində əməliyyat keçirilən şəxs narkotik ittihamıyla məhkəmə qarşısında