close

“Bravo”dakı silahlı hücuma görə həbs olunanlar özlərini təqsirli bilmir

“Bravo”

Cinayət işinin materiallarında yazılıb ki, hadisə günü Ruhlan İsmayılov silaha 12 güllə yerləşdirərək, “Bravo”nun qarşısına gəlib, inkassatorları gözləyib

Əhmədli qəsəbəsində “Bravo” hipermarketinin girişindəki bankomatda inkassatora silahlı hücum zamanı 1 nəfərin ölümü, daha birinin isə yaralandığı hadisəyə görə cinayət məsuliyyətinə cəlb olunan 6 nəfərin heç biri özünü təqsirli bilmir. Onlar məhkəmədə ittihama münasibət bildirərkən özlərini təqsirli bilmədiklərini deyiblər.

“Bravo”ya silahlı basqınla bağlı cinayət işini Bakı Ağır Cinayətlər Məhkəməsində Azad Məcidovun sədrlik etdiyi hakimlər kollegiyası araşdırır.

Oktyabrın 4-də məhkəmə iclasında prokuror ittiham aktını elan edib.

Bu hadisəyə görə 7 nəfər təqsirləndirilən şəxs qismində tanınsa da, məhkəmə qarşısına 6 nəfər çıxarılıb. Çünki bir nəfər – Ruhlan İsmayılov hadisədən bir neçə saat sonra saxlanılarkən hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən öldürülüb. Onun təslim olmadığı, silahlı müqavimət göstərdiyi iddia olunur.

Təqsirləndirilən 6 nəfərə gəlincə, Dəyanət Qüdrətov martın 4-də Ruhlan İsmayılovla birlikdə “Bravo”da cinayəti törətməkdə ittiham olunur. Azər Məmmədov, İbrahim İbrahimov və Səbuhi Qurbanov isə bu cinayətin törədilməsinə yardım etməkdə günahlandırılır.

Təqsirləndirilən Rövşən İsmayılov isə cinayəti törətməkdə ittiham olunan və saxlanılarkən öldürülən Ruhlan İsmayılovun atasıdır.

Daha bir təqsirləndirilən – Babək İsmayılov isə Azərbaycan Minatəmizləmə Agentliyinin əməkdaşı olub. O, müharibə iştirakçısı olub, medallarla təltif edilib. Rövşən İsmayılov və Babək İsmayılov barəsində istintaq və məhkəmə dövrü üçün həbs qətimkan tədbiri seçilməyib.

Prokurorun elan etdiyi ittihama görə, Ruhlan İsmayılov əvvəlcədən “Bravo”ya hücumu planlaşdırıb və bu məqsədlə qrup yaradıb. İddia olunur ki, o, 1300 manata odlu silah alıb. Daha sonra atası Rövşən İsmayılova və Babək İsgəndərova bu barədə məlumat verib. Onlar “Çay evi 900”də toplaşıb, sözügedən hipermarketdəki bankomatı necə qarət etməyi planlaşdırıblar. Bu məqsədlə paytaxt sakini Suğra Sadıqovanın maşınının nömrəsini oğurlayan Ruhlan İsmayılov onu özünün “Opel” markalı avtomobilinə bağlayıb. Onlar inkassatorun günün hansı saatlarında “Bravo”ya gəlib-getdiyini müəyyənləşdiriblər.

Hadisədən bir gün əvvəl “Unibank”ın əməkdaşlarını izləyiblər.

Cinayət işinin materiallarında yazılıb ki, hadisə günü Ruhlan İsmayılov silaha 12 güllə yerləşdirərək, “Bravo”nun qarşısına gəlib, inkassatorları gözləyib. Dəstənin digər üzvləri isə inkassatorları izləyib, Ruhlan İsmayılova məlumat verib. İnkassatorlar hipermarketin girişindəki bankomata pulları yerləşdirəndə Ruhlan İsmayılov səsboğucu silahla onlara atəş açıb və pulu götürüb Xətai rayonu ərazisindəki mənzilə gəlib. Orada pulları bölüşdürüblər. Ruhlan İsmayılov tanışına zəng edərək onu gizlətməsini xahiş edib.

Dəyanət Qüdrətova qarşı Cinayət Məcəlləsinin 120 (qəsdən adam öldürmə), 29.120 (qəsdən adam öldürməyə qəsd), 181 (quldurluq), 228 (qanunsuz silah əldə etmə, gəzdirmə), 229 (odlu silah hazırlama) və s. maddələrilə ittihamlar irəli sürülüb.

Təqsirləndirilən Azər Məmmədov, İbrahim İbrahimov və Səbuhi Qurbanov isə bu cinayətin törədilməsinə yardım etməkdə günahlandırılır. Onlara qarşı da eyni əməllərdə iştirakçı olmaqla bağlı ittiham irəli sürülüb.

Daha iki nəfər – Rövşən İsmayılov və Babək İsgəndərova isə yalnız qanunsuz silah əldə etmə və odlu silah hazırlamaya yardım maddələrilə ittiham verilib.
İttihamlara münasibət bildirən təqsirləndirilən şəxslər deyiblər ki, orada yazılanlarla razılaşmırlar. Onların heç biri özünü təqsirli bilməyib.

Məhkəmə prosesi oktyabrın 18-də dindirmələrlə davam edəcək.

Əhmədli qəsəbəsindəki “Bravo” hipermarketində silahlı hücum martın 4-də günorta saat 12.00 radələrində baş verib. Nəticədə inkassator Rüfət Həşimov qətlə yetirilib, Samir Şeydayev isə ağır xəsarət alıb.

Təqsirləndirilən şəxslərdən Ruhlan İsmayılov həmin gün axşam saat 21.00 radələrində Fəvvarələr meydanına yaxın mənzillərdən birində öldürülüb.

Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun birgə məlumatında iddia olunur ki, o, əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərdiyi üçün zərərsizləşdirilib:

“Ruhlan İsmayılovun gizləndiyi mənzilə istintaq-əməliyyat qrupu tərəfindən baxış keçirilərkən cinayət nəticəsində əldə olunan 16 min 835 manat və 20 min 100 ABŞ dolları pul, “AKS Lancaster-03” markalı odlu silah, 1 ədəd “Makarov” və 1 ədəd “Colt” tipli tapançalar, çoxsaylı döyüş sursatları tapılıb”.

Ana səhifəSosial“Bravo”dakı silahlı hücuma görə həbs olunanlar özlərini təqsirli bilmir