close

“Bravo”ya silahlı hücumda öldürülən şəxsin bacısı: “Almaniyaya köçməyə hazırlaşırdı”

“Bravo”

Məhkəmədə sənədlərin tədqiqi mərhələsi başlayıb

Bakının Əhmədli qəsəbəsindəki “Bravo” hipermarketinə silahlı hücum zamanı qətlə yetirilən inkassator Rüfət Həşimov həmin hadisədə öldürülməsəydi, Almaniyaya köçüb, orada yaşayacaqdı. Onun bacısı Gülnarə Yarova ifadəsində bu barədə məlumat verib.

Gülnarə Yarova eyni zamanda, qardaşının hüquqi varisi qismində tanınıb və istintaqda zərərçəkmiş kimi ifadə verib. Onun ifadəsi məhkəmədə elan olunub.

“Bravo”ya silahlı hücumda ittiham olunan şəxslərin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Hakim Azad Məcidovun sədrliyilə keçirilən məhkəmə prosesində sənədlərin tədqiqi mərhələsi başlayıb. Hakim bildirib ki, şahid qismində tanınan 31 nəfərdən ikisi məhkəməyə gəlməyib, digərləri dindirilib. Həmçinin hadisə nəticəsində həyatını itirmiş Rüfət Həşimovun hüquqi varisi qismində tanınan və istintaqda dindirilən Gülnarə Yarova da məhkəməyə gəlmək istəmədiyini bildirib. O, məhkəməyə göndərdiyi məktubda bildirib ki, sarsıntı keçirib, səhhətində ciddi problemlər var, bu üzdən gəlməyib.

Hakim onun istintaqdakı ifadəsini elan edib. Gülnarə Yarova orada göstərib ki, qardaşı 2020-ci ildə 44 günlük müharibə zamanı iş yerindən döyüşlərə cəlb olunmuşdu. O, müharibədə iştirakına görə bir neçə medala layiq görülüb. Bacısının sözlərinə görə, qətlə yetirilməsəydi, qardaşı Almaniyaya köçəcəkdi:

“Qardaşım Yevgeniya adlı xanımla ailə qurmuşdu. Əgər ölməsəydi, Almaniyaya gedəcəkdi. Viza məsələlərinin həllinə görə yubanmışdı. Sənədlərini hazırlamışdı”.

Onun sözlərinə görə, Yevgeniya Almaniyada yaşayırdı, lakin onların nikahı Bakıda olmuşdu.

Qardaşının bankomatlara pulların yüklənməsi və dəyişməsilə məşğul olduğunu bildirən Gülnarə Yarova deyib ki, Rüfət Həşimov hər gün səhər saat 07.30-dan 17.00-a qədər işdə olurdu.

Hadisəyə gəlincə, zərərçəkmiş ifadəsində deyib ki, Rüfət Həşimovun başına gələnləri sosial şəbəkələrdən eşidib. O vurğulayıb ki, qardaşının hadisəni törətməkdə təqsirləndirilən iki nəfər – Ruhlan İsmayılov və Dəyanət Qüdrətovun heç biri ilə əvvəldən əlaqəsi olmayıb.

Daha sonra hakim məhkəməyə gəlməyən şahidlərin ifadələrini elan etməyə başlayıb.

Təqsirləndirilən şəxslərdən Azər Məmmədovun vəkili şahidlərdən biri – Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Nurlan Qurbanovun ifadəsinin elan olunmasına etiraz edib. Vəkil bildirib ki, bu şəxs Azər Məmmədovun əleyhinə ifadə verib, tutularkən onun üzərində narkotik maddə olduğunu iddia edib. Lakin Azər Məmmədov bu ittihamı qəbul etmir, ümumiyyətlə, özünü təqsirli bilmir və bu işə heç bir aidiyyəti olmadığını deyir.

Vəkilin sözlərinə görə, təqsirləndirilən şəxsin onun əleyhinə ifadə vermiş şahidi məhkəmədə dindirmək hüququ var və bu hüquq təmin olunmalıdır.

Hakim Azad Məcidov bildirib ki, bu şahidə dəfələrlə məhkəmə çağırışı göndərilib, lakin gəlməyib. Son olaraq, məhkəməyə onun xaricdə olduğu bildirilib.

Vəkil adıçəkilən polis əməkdaşının dindirilməsini tələb etsə də, hakim onun istintaqdakı ifadəsini elan edib. O, ifadəsində göstərib ki, Azər Məmmədovun narkotik vasitələrin dövriyyəsilə məşğul olması haqda əməliyyat məlumatı daxil olmuşdu. Həmin məlumat əsasında onun yerini müəyyənləşdirib, özünü saxlayıblar. O, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilərək, üstünə baxış keçirilib və 5 büküm narkotik maddə tapılıb.

Daha sonra məhkəmə iclasında idarədə Azər Məmmədovun cibindən narkotik çıxarılmasıyla bağlı videogörüntülər nümayiş etdirilib.

Təqsirləndirilən Azər Məmmədov isə bildirib ki, məhkəmədə baxılan görüntülər o, “bandotdel”ə gətiriləndən bir gün sonra çəkilib, cibinə də narkotiki əvvəldən polislər qoyub, kamera qarşısında ondan çıxarmasını tələb ediblər. Onun sözlərinə görə, üstünə baxışda dövlət hesabına təyin edilmiş vəkil Əli Qasımov iştirak etsə də, əslində, ona vəkillik etməyib:

O vəkil əvvəldən orada idi, özləri çağırmışdılar. Hətta narkotikin mənim cibimə qoyulmasını da gördü”.

Bu iş üzrə məhkəmə prosesi mayın 29-da davam edəcək.

İttihama görə, Ruhlan İsmayılov əvvəlcədən “Bravo”ya hücumu planlaşdırıb və bu məqsədlə qrup yaradıb. İddia olunur ki, o, 1300 manata odlu silah alıb. Onlar “Çay evi 900”də toplaşıb, sözügedən hipermarketdəki bankomatı necə qarət etməyi planlaşdırıblar. Bu məqsədlə paytaxt sakini Suğra Sadıqovanın maşınının nömrəsini oğurlayan Ruhlan İsmayılov onu özünün “Opel” markalı avtomobilinə bağlayıb. Onlar inkassatorun günün hansı saatlarında “Bravo”ya gəlib-getdiyini müəyyənləşdiriblər. Hadisədən bir gün əvvəl “Unibank”ın əməkdaşlarını izləyiblər.

Cinayət işinin materiallarında yazılıb ki, hadisə günü Ruhlan İsmayılov silaha 12 güllə yerləşdirərək, “Bravo”nun qarşısına gəlib, inkassatorları gözləyib. Dəstənin digər üzvləri isə inkassatorları izləyib, Ruhlan İsmayılova məlumat verib. İnkassatorlar hipermarketin girişindəki bankomata pulları yerləşdirəndə Ruhlan İsmayılov səsboğucu silahla onlara atəş açıb və pulu götürüb Xətai rayonu ərazisindəki mənzilə gəlib. Orada pulları bölüşdürüblər. Ruhlan İsmayılov tanışına zəng edərək onu gizlətməsini xahiş edib.

Dəyanət Qüdrətova qarşı Cinayət Məcəlləsinin 120 (qəsdən adam öldürmə), 29.120 (qəsdən adam öldürməyə qəsd), 181 (quldurluq), 228 (qanunsuz silah əldə etmə, gəzdirmə), 229 (odlu silah hazırlama) və s. maddələrilə ittihamlar irəli sürülüb.

Təqsirləndirilən Azər Məmmədov, İbrahim İbrahimov və Səbuhi Qurbanov isə bu cinayətin törədilməsinə yardım etməkdə günahlandırılır. Onlara qarşı da eyni əməllərdə iştirakçı olmaqla bağlı ittiham irəli sürülüb.

Daha iki nəfər – Rövşən İsmayılov və Babək İsgəndərova isə yalnız qanunsuz silah əldə etmə və odlu silah hazırlamaya yardım maddələrilə ittiham verilib. Onlar haqqında istintaq və məhkəmə dövrü üçün həbs qətimkan tədbiri seçilməyib.

Rövşən İsmayılov cinayəti törətməkdə ittiham olunan və saxlanılarkən öldürülən Ruhlan İsmayılovun atasıdır. Babək İsmayılov isə dayısı, eyni zamanda Azərbaycan Minatəmizləmə Agentliyinin əməkdaşı olub.

Əhmədli qəsəbəsindəki “Bravo” hipermarketində silahlı hücum martın 4-də günorta saat 12.00 radələrində baş verib. Nəticədə inkassator Rüfət Həşimov qətlə yetirilib, Samir Şeydayev isə ağır xəsarət alıb.

Təqsirləndirilən şəxslərdən Ruhlan İsmayılov həmin gün axşam saat 21.00 radələrində Fəvvarələr meydanına yaxın mənzillərdən birində öldürülüb.

Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun birgə məlumatında iddia olunur ki, o, əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərdiyi üçün zərərsizləşdirilib:

Ruhlan İsmayılovun gizləndiyi mənzilə istintaq-əməliyyat qrupu tərəfindən baxış keçirilərkən cinayət nəticəsində əldə olunan 16 min 835 manat və 20 min 100 ABŞ dolları pul, “AKS Lancaster-03” markalı odlu silah, 1 ədəd “Makarov” və 1 ədəd “Colt” tipli tapançalar, çoxsaylı döyüş sursatları tapılıb”.

Ana səhifəSosial“Bravo”ya silahlı hücumda öldürülən şəxsin bacısı: “Almaniyaya köçməyə hazırlaşırdı”