close

Buzovna qayalıqlarındakı villaların hamısı sökülməyib

Fotolar: Meydan TV

“Bu tikililər  təbii abidə hesab olunan qayalıqları məhv edir”

“Buzovna qayalıqlarının qanunsuz tikililərdən tamamilə azad ediləcəyini gözləyirdik, amma hələ də bir neçə tikili sökülməyib. Halbuki ölkə başçısı bununla bağlı tapşırıq vermişdi”.

Bunu Meydan TV-yə Buzovna sakini, qayalıqların qanunsuz tikililərdən, tullantılardan təmizlənməsi üçün ötən ilin mayından başlayan iməclik aksiyasının fəalllarından biri – Seyfulla Azər bildirib.

Bakının Xəzər rayonu, Buzovna qəsəbəsinin sakinləri artıq 35 həftədir bazar günləri qayalıqlarda iməclik keçirirlər.

Seyfulla Azərin sözlərinə görə, ümumilikdə, 9 qanunsuz tikili sökülməliydi. Amma dörd  tikili tam sökülməyib. Həmin tikililər villalardır, dəyəri milyonlarla manatla ölçülür.

Dörd villa qalıb, hansı ki, danizin bir addımlığında yerləşir. Bir tikilinin də yarısın söküblər, yarısı qalıb, qayalıqların üstündə yolu kəsib. Prezident bizim Buzovna qayalıqlarının zəbt edilməsi ilə bağlı müraciətimizə dərhal cavab verdi, amma məmurlar vəzifələrini icra etmirlər. Biz məmurlardan narazılıq edirik”, -Seyfulla Azər qeyd edib.

Buzovna qayalıqlarının üstündəki tikililər, hasarlar bu nadir təbii qayalıqların məhv olmasına səbəb olub. “Hacı” qayası tamamilə dağıdılıb, onun yerində hovuz tikilib.

İki ilə Qarabağda xeyli bərpa işləri həyata keçirilib. İstəsələr qayalıqlardakı tikililəri bir həftəyə, uzaqbaşı bir aya sökə bilərlər. Bu tikililər dövlət əhamiyyətli abidələr deyil, əksinə təbii abidə hesab olunan qayalıqlar məhv edilir”,-qəsəbə sakini deyib.

İndiyədək qayalıqlardan tonlarla tullantı daşınıb.

Xəzər Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildiriblər ki, onlar tapşırığa uyğun, plan çərçivəsində söküntü və təmizlik işləri aparırlar. Həmin tikililərin qanuni sənədləri var. Lakin icra hakimiyyətinin əməkdaşı dənizin bir addımlığında, qayalıq üzərində tikintiyə icazə almış şəxslərin kim olduğunu bilmədiyini, bu tikililərin də sökülüb-sökülməcəyindən xəbərdar olmadığını deyib.

Ana səhifəSosialBuzovna qayalıqlarındakı villaların hamısı sökülməyib