close

Cavanşir Məmmədovun qızını aldatmaqda ittiham olunan Türkiyə vətəndaşı həbs olundu

Cavanşir Məmmədov və Manaf Cəlilzadə. Foto: Meydan TV

Məhkəmə Mustafa Kamal İbili ilə bağlı hökm çıxardı

Əməkdar artist, müğənni Cavanşir Məmmədovun qızını evlənmək adıyla aldatmaqda ittiham olunan Türkiyə vətəndaşı iyulun 24-də Bakıda məhkəmə zalında həbs olunub. Bu, Bakı Ağır Cinayətlər Məhkəməsində baş verib.

Müğənninin şikayəti əsasında cinayət məsuliyyətinə cəlb olunan Mustafa Kamal İbili Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsilə ittiham olunur. O, istintaq və məhkəmə dövründə həbsdə deyildi. Lakin iyulun 24-də hakim Əhməd Quliyevin sədrliyilə hökm oxunandan sonra o, məhkəmə zalında həbs olunub.

Mustafa Kamal İbili hökmə əsasən, 6 il 6 ay azadlıqdan məhrum edilib.

Cavanşir Məmmədovla yanaşı, ailə üzvləri də zərərçəkmiş qismində tanınıb.

Cinayət işinin materiallarında iddia edilir ki, Mustafa İbili Əməkdar artistin qızı ilə sevgili münasibətində olduğu dövrdə onun ailə üzvlərinə məxsus 130 min dollardan artıq pulu qazanc olacağı adıyla alıb və qaytarmayıb. Hərçənd, müğənni və ailə üzvlərinin ifadələrində də var ki, Mustafa İbili bir neçə dəfə qazanc adıyla onlara müəyyən məbləğdə pullar verib.

Türkiyə vətəndaşı isə əksinə, bu işdə özünün zərərçəkmiş olduğunu deyir. Onun sözlərinə görə, Xatirə Məmmədova evlənəcəyini vəd edərək, Türkiyədə olan əmlaklarını satdırıb, Azərbaycanda ona ev, əşyalar, bahalı hədiyyələr aldırıb, sonda da ailə üzvlərilə birləşib, başına oyun açıblar.

Ana səhifəSosialCavanşir Məmmədovun qızını aldatmaqda ittiham olunan Türkiyə vətəndaşı həbs olundu