Görüntü və yazışmaları yayılmış qadınlarla bağlı araşdırma aparıldığı bildirilir
Son günlər sosial şəbəkələrdə həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevə aid şəxsi yazışmalar yayılır. Həmin yazışmaların yayılmasıyla Bəxtiyar Hacıyevin özüylə yanaşı, bir sıra başqa şəxslərin də özəl həyatına müdaxilə olunur.
Sosial şəbəkələrdə bu mövzu ətrafında müzakirələr zamanı tənqidlər vətəndaşların təhlükəsizliyini, şəxsi həyat toxunulmazlığını qorumalı olan dövlət orqanlarına yönəlir. Üstəlik, şübhələr daha çox Bəxtiyar Hacıyevin həbsindən öncə daha çox tənqid etdiyi, həmçinin onunla bağlı hazırda istintaqı aparan daxili işlər orqanlarının üzərində dayanır.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev Meydan TV-yə bildirib ki, Bəxtiyar Hacıyev saxlandığı gün Bakı şəhər Baş Polis İdarəsinə vəkili ilə birlikdə dəvət olunub. Həmin vaxt onun üzərində elektron daşıyıcı cihaz – mobil telefon, planşet, kompüter olmayıb, evində və ofisində axtarış aparılmayıb:
“Bu məsələlər istintaqın araşdırma predmeti təşkil etməyib. O, vəkili ilə birlikdə məhkəməyə aparılıb, məhkəmə qərarından sonra Bakı İstintaq Təcridxanasına köçürülüb. Onun şəxsi əşyalarına baxılması və yaxud köçürülməsi ilə bağlı iddiaları qəti olaraq təkzib edirik”.
Elşad Hacıyev əlavə edib ki, Bəxtiyar Hacıyevin şəxsi hesablarından görüntü və yazışmaların necə yayılmasıyla bağlı məsələnin araşdırılması üçün bir neçə qadından və onların ailə üzvlərindən şikayət daxil olub:
“Həmin müraciətlər üzrə müvafiq araşdırmalar aparılır”.
Lakin Bəxtiyar Hacıyevin yaxınları bildirib ki, ictimai fəal Bakı şəhər Baş Polis İdarəsinə öz maşını ilə gedib və notbuku ilə telefonu maşında olub. Həbsindən 3 gün sonra polislər maşının açarını onun vəkillərindən birinə təqdim ediblər. Yaxınları güman edir ki, həmin müddət ərzində onun şəxsi əşyalarına polis tərəfindən müdaxilə olunub.
Dekabrın 9-dan həbsdə olan Bəxtiyar Hacıyev Cinayət Məcəlləsinin 221.2.2 (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən şəxsə qarşı müqavimət göstərməklə xuliqanlıq) və 289.1 (məhkəməyə hörmətsizlik) maddələrilə ittiham olunur. Bu maddələrdə 3 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.