close

DİN onkoloji xəstələr üçün toplanan pulları ələ keçirən şəxsin saxlanıldığını deyir

Həbs. Foto: Meydan TV

 Faktla bağlı cinayət işi başlanıb

Sosial şəbəkələrdə onkoloji və başqa ağır xəstəliklərdən əziyyət çəkənlərə, eləcə də aztəminatlı ailələrə yardım toplamaq məqsədilə bank kartlarının yayılması hallarına tez-tez rast gəlinir. Bu cür elanlarda göstərilən kartlardan bəzilərinə müdaxilə olunduğu, hesablara toplanan vəsaitlərin isə kibercinayət yoluyla ələ keçirildiyi bildirilir. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, hesablarda olan pulların ələ keçirildiyi haqda polisə çoxsaylı şikayətlər daxil olub. Həmin şikayətlər əsasında araşdırmalar aparılıb və kibercinayətkarlıq metodlarından istifadə olunduğu ortaya çıxıb.

Baş verənlərlə əlaqədar Aslan Qurbanov adlı şəxs istintaqa cəlb edilib.

İddia olunur ki, Aslan Qurbanov onkoloji xəstələr üçün maddi yardımın toplanması məqsədilə sosial şəbəkələrdə paylaşılmış bank kartlarının məlumatlarını götürüb. O, həmin şəxslərlə xarici virtual nömrələr vasitəsilə əlaqə saxlayıb və onları .yardım edəcəyi adıyla aldadaraq, bank kartlarının məxfi məlumatlarını əldə edib.

Aslan Qurbanov ələ keçirdiyi pul vəsaitlərini izi itirmək məqsədilə əvvəlcə xaricdə olan idman-mərc oyunlarındakı hesablarına transfer edib. Sonradan o, pulları istifadəsində olan bank kartına köçürərək nağdlaşdırıb”, – DİN-in məlumatında belə deyilir.

Aslan Qurbanovun bu ittihama münasibəti məlum deyil.

Faktla bağlı Cinayət Məcəlləsinin 177.2.3-1 (oğurluq – elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə) maddəsilə cinayət işi başlanıb.

Ana səhifəSosialDİN onkoloji xəstələr üçün toplanan pulları ələ keçirən şəxsin saxlanıldığını deyir