close

DSK: Ərzaq məhsulları bahalaşıb

Foto: Meydan TV

Qiyməti artan məhsullar arasında meyvə-tərəvəz də var

Azərbaycanda un, makaron, mal və qoyun əti, yumurtanın qiymətləri bahalaşıb.

Qiyməti artan məhsullar arasında zeytun yağı, limon, alma, çiyələk, kivi, ağ kələm, göyərti də var.

Dövlət Statistika Komitəsinin (DSK) məlumatında belə deyilir.

Məlumatda bildirilir ki, bu ilin iyununda istehlak qiymətləri indeksi 2023-cü ilin eyni dövrünə baxanda 101,1 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 100,2 faiz, qeyri-qida məhsulları üzrə 101,0 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 102,4 faiz təşkil edib.

2024-cü ilin iyun ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99,9 faiz, yanvar-iyun aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 100,7 faiz olub.

Ötən ayın sonu Azərbaycanda ictimai nəqliyyatda gediş haqları, benzin, dizel və bir sıra xidmətlərin qiymətlərində də artım olub.

Ekspertlər hesab edir ki, tezliklə bu artımın nəticələri ərzaq, kənd təsərrüfatı məhsullarının qiymətlərində özünü göstərəcək.

2024-cü ilin yanvar-iyun aylarında ölkədə 59 milyard 520,4 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,3 faiz çox ümumi daxili məhsul istehsal olunub.

DSK bildirir ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,6 faiz, qeyri neft-qaz sektorunda isə 6,9 faiz artıb.

Əhalinin hər nəfərinə düşən ÜDM 5 min 840,7 manata bərabər olub.

Ana səhifəİqtisadiyyatDSK: Ərzaq məhsulları bahalaşıb