close

Separatçı “DQR”-in müdafiə naziri də saxlanılıb (yenilənib)

Foto: DTX

Sentyabrın 29-da separatçı “Dağlıq Qarabağ Respublikası”nın “müdafiə naziri” Lyova Henrixi Mnatsakanyanın Azərbaycandan Ermənistan istiqamətində hərəkət etməyə cəhd göstərərkən saxlanıldığı bildirilir.

Bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.

Bildirilir ki, 1965-ci il təvəllüdlü Lyova Henrixi Mnatsakanyan 2015-2018-ci illərdə separatçı rejimin “müdafiə naziri” vəzifəsində çalışıb.

Saxlanılan şəxs Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələri əməkdaşlarının müşayiəti ilə Bakı şəhərinə gətirilib və barəsində müvafiq qərar qəbul edilməsi üçün aidiyyəti dövlət orqanlarına təhvil verilib”, – deyə DSX əlavə edib.

Lyova Henrixi Mnatsakanyan. Foto: Telegram


Davit Manukyan barəsində həbs qətimkan tədbirinin seçildiyi bildirilir

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Ermənistan vətəndaşı Davit Manukyanı həbs edib.

DTX onu Qarabağda törətdiyi terrorçuluq cinayətlərinə görə həbs etdiyini bildirib.

Qurumun yaydığı rəsmi məlumatda bildirilir ki, sübutlar əsasında Ermənistan vətəndaşı, 1971-ci il təvəllüdlü Davit Manukyan tərəfindən Azərbaycan Cinayət Məcəlləsinin 214.2.1, 214.2.2, 214.2.3 (mütəşəkkil dəstə tərəfindən təkrar terrorçuluq), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama və daşıma), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr və qruplar yaratma) və 318.1-ci (Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələrində ehtiva olunan cinayət əməllərinin törədilməsinə əsaslı şübhələr müəyyən olunub.

İttihama əsasən, 10 noyabr 2020-ci il tarixli Üçtərəfli bəyanatda erməni silahlı qüvvələrinin Azərbaycanın ərazisindən çıxarılmasının nəzərdə tutulmasına baxmayaraq, Ermənistanın silahlı qüvvələrinin hərbi qulluqçusu, general-mayor ali hərbi rütbəsində xidmət edən Davit Manukyan ötən müddət ərzində Azərbaycanın Qarabağ ərazisində cinayət əməllərini davam etdirərək qondarma “Dağlıq Qarabağ Respublikasının Müdafiə Ordusu komandanının birinci müavini” adı altında qanunsuz mütəşəkkil silahlı birləşmələrin fəaliyyətinin təşkilində və idarə edilməsində, silah-sursat, partlayıcı maddə və qurğularla təchiz edilməsində iştirak edib”, – deyə məlumatda qeyd olunur.

Dövlət Təhlükəsizliyi Xidməti
Foto: DTX

DTX Davit Manukyanun sentyabrın 27-də saxlanılaraq təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb edildiyini, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçildiyini qeyd edib.

Sentyabrın 27-də separatçı “Dağlıq Qarabağ”ın keçmiş “dövlət naziri” Ruben Vardanyan həbs olunub.

Bir gün sonra separatçı “Dağlıq Qarabağ Respublikası”nın keçmiş “xarici işlər naziri” David Babayan Azərbaycan hökumətinə təslim olduğunu açıqlayıb.

Bu gün isə Ermənistan mediası “sabiq müdafiə naziri” Lyova Henrixi Mnatsakanyanın və “keçmiş baş prokuror” Arşavir Qaramyanın Laçın keçid məntəqəsində saxlanıldığı haqda məlumat yayıb.

L.Mnatsakanyan 1992-1994-cü illərdə separatçı rejimin silahlı birləşmənin motoatıcı bölüyü komandirinin müavini, hərbi hissənin artilleriya diviziyasının komandiri, artilleriya rəisi və artilleriya briqadasının komandiri vəzifələrini tutaraq döyüşlərdə iştirak edib.

Ona 2003-cü ildə general-mayor hərbi rütbəsi verilib.

Ermənistan mediası iddia edir ki, Levon Mnatsakanyanla yanaşı, digər hərbçilər də saxlanılıb, amma onların adları dəqiqləşdirilməyib.

Ana səhifəSiyasətSeparatçı “DQR”-in müdafiə naziri də saxlanılıb (yenilənib)