close

DTX: Pakistanlılar öz həmyerlilərini girov götürüb, Qəbələdə gizlədiblər

Dövlət Təhlükəsizliyi Xidməti. Foto: DTX

32 yaşlı şəxsin aldadılaraq Azərbaycana gətirildiyi, girov saxlandığı və yaxınlarından pul tələb edildiyi bildirilir

Pakistan vətəndaşlarının öz həmyerlilərini oğurlayaraq Azərbaycanda – Qəbələ rayonunun Vəndam qəsəbəsində gizlətdikləri bildirilir.

Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumatda deyilir ki, Vəndamda əməliyyat keçirilərək, girov saxlanılan Şeraz Muhammad Afzal Muhammad azad edilib. Onu aldadıb Azərbaycana gətirən, Qəbələdə kirayə götürülmüş evdə əlləri-ayaqları bağlı vəziyyətdə saxlayıb, yaxınlarından pul tələb edənlər isə tutulub.

Cinayət Məcəlləsinin 144.2.3 və 144.2.6-cı (qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah məqsədi ilə adam oğurluğu) maddələrilə ittiham olunan 32 yaşlı Ullah Naeem Xan Navvab və digərləri həbs olunub.

DTX-nın məlumatına görə, həmyerliləri pakistanlı zərərçəkmişi Kanadaya getməsi üçün vizasının təsdiqlənməsi adıyla Azərbaycana gətirib. Onu Qəbələdəki evə aparıb, əl-qolu bağlı vəziyyətdə saxlayıblar, azad olunması üçün yaxınlarından pul istəyiblər.

Əcnəbi vətəndaşın Azərbaycanda girov saxlanması barədə məlumatdan sonra əməliyyat keçirilib.

Həbs olunanların adam oğurluğu ittihamına münasibəti, özlərini təqsirli bilib-bilmədikləri məlum deyil.

Ana səhifəSosialDTX: Pakistanlılar öz həmyerlilərini girov götürüb, Qəbələdə gizlədiblər