close

Əhalinin ərzaq xərcləmələri artıb

Source: Meydan TV

“İndi o insanlar özü qərar verməlidir, kasıbdır, ya yoxsul”

2024-cü ilin ilk altı ayında əhali pərakəndə ticarət şəbəkələrindən 27 milyard 251,2 milyon manatlıq alış-veriş edib.

Bunun 15 milyard 36,4 milyon manatı ərzaq məhsullarına xərclənib.

Dövlət Statistika Komitəsinin (DSK) açıqladığı məlumatda belə deyilir.

Bildirilir ki, alış-veriş ötən ilin eyni dövrü ilə müqayisədə 3,4 faiz, ərzaq xərcləmələri isə 1,9 faiz artıb.

Ümumi xərclənən vəsaitin 50,6 faizi ərzaq məhsullarının, 4,6 faizi içki və tütün məmulatlarının alınmasına sərf olunub.

İqtisadçı Natiq Cəfərli deyir ki, dünyada belə bir yanaşma var, insanların aylıq xərclərinin 20 faizdən çoxunun ərzağa getməsi onun kasıb olmasından xəbər verir.

Natiq Cəfərli
Natiq Cəfərli, Foto: Meydan TV

“Aylıq gəlirin 40 faizdən çoxu ərzağa xərclənirsə, bu, yoxsulluğun xəbərçisidir. Azərbaycanda bu rəqəm 50 faizdən çoxdur. İndi o insanlar özü qərar verməlidir, kasıbdır, ya yoxsul”.

Müstəqil ekspertlər həm də ərzağa xərclənən vəsaitin artmasını bahalaşma ilə də əlaqələndirir. Günü-gündən artan ərzaq qiymətlərinin xərcləri artırdığını düşünürlər.

DSK-nın açıqladığı rəqəmlərdən yola çıxaraq, 2019-cu ildə Azərbaycanda adambaşına düşən aylıq ərzaq xərcləri 168 manat olub. Bu rəqəm 2023-cü ildə 103 manat artaraq 271 manata yüksəlib, yəni 61 faiz artım olub.

2024-cü ilin ilk 6 ayında isə ərzağa xərclənən vəsaitlər daha 1.9 faiz artıb.

Ötən ayın sonu Azərbaycanda ictimai nəqliyyatda gediş haqları, benzin, dizel və bir sıra xidmətlərin qiymətlərində də artım olub.

Ekspertlər hesab edir ki, tezliklə bu artımın nəticələri ərzaq, kənd təsərrüfatı məhsullarının qiymətlərində özünü göstərəcək.

Ana səhifəİqtisadiyyatƏhalinin ərzaq xərcləmələri artıb