close

Ekspert: “Evlərin məcburi sığortalanması gərginliyə səbəb olacaq”

Mənbə: İcbari Sığorta Bürosu

Hüquqşünas deyir ki, sığorta şirkətlərinin kimisə cərimələmək səlahiyyəti yoxdur

Daşınmaz əmlakın sığortalanması, əks təqdirdə cərimə tətbiq ediləcəyi məsələsi yenidən gündəmdədir.

Yerli media yazır ki, iyunun 1-dən icra hakimiyyətlərinin yeni elektron sistemi işə düşəcək, bununla sistemdə sığortasız evlər görünəcək və avtomatik cərimələnəcək.

Meydan TV-nin sorğusuna cavab verən vətəndaşlardan bəziləri bu barədə məlumatı “sms” vasitəsilə aldığını, bəziləri isə evinə məktub gəldiyini bildirir.

Yeni tikilmiş binaların sakinləri isə deyirlər ki, bina girişlərində daşınmaz əmlak sığortası ilə bağlı elan yapışdırılıb.

Sorğu iştirakçılarından bəziləri illərdir ki, evini sığortalatdırır.

Deyirlər ki, bu, onların rahatlığı üçün vacibdir:

İki ildir ki, sığorta olunmayan evlərin cəriməsi məsələsi gündəmdədir. Mən cəriməyə görə yox, özümə də xoş olduğu üçün ildə 50 manat verərək evimi sığortalatdırıram. Bircə dəfə getmişəm, ondan sonra hər il hesabımdan 50 manat ödəyərək, müqaviləni yeniləyirəm”.

Lakin bəzi vətəndaşlar da hətta ildə 50 manat əlavə vəsaiti belə ödəməyin çətin olduğunu deyirlər:

“Deyirlər ki, məcburidir. Amma məcbur olduğum tək şey evin sığortası deyil. Ən azından deyirlər, amma bir ziyanlığını görməmişik. İşığı, qazı ödəməyəndə kəsirlər. Qışda ödəyə bilmədiyim üçün 1 ay qazsız qaldım, donduq. Sonra borc-xərci birtəhər ödəyib, açdıra bildik. İşığını, qazını ödəyə bilməyən, soyuqda donan insan necə 50 manat da əlavə ev üçün sığorta ödəsin?”

Azərbaycan qanunvericiliyində daşınmaz əmlakın sığortası məcburidir.

2011-ci ildə qəbul edilmiş “İcbari sığortalar haqqında” Qanunun 35.2-ci maddəsinə görə, hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri və binalarının, mənzillərin, habelə dövlət əmlakının sığortası icbaridir.

2015-ci ildə qəbul edilmiş İnzibati Xətalar Məcəlləsinin 469-cu maddəsində qeyd edilir ki,  icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər 30, vəzifəli şəxslər 80, hüquqi şəxslər 200 manat cərimə edilir.

Qanuna 2016-cı ildə edilmiş əlavəyə görə, cərimə edilmiş şəxs 20 gün ərzində icbari sığorta müqaviləsini bağlamalıdır. Ancaq 20 gündən sonra təkrarən cərimə tətbiq oluna bilər.

Ekspertlər isə daim açıqlamalarında bildirirlər ki, əvvəla, əmlakı sığortası dünyanın heç bir yerində məcburi deyil, olmamalıdır, ikincisi, cərimə məsələsi işləməyəcək, çünki həmin cəriməni insanlardan almaq üçün təsir rıçaqları mövcud deyil.

İqtisadçı Samir Əliyev də deyir ki, bir neçə il öncə də cərimə məsələsi gündəmdə olub. İndi yenə sığorta şirkətləri əhali üzərinə “genişmiqyaslı hücum”a hazırlaşır.

İqtisadçı bildirib ki, məsələ ən son 2019-cu ildə gündəmə gələndə cəmiyyətin buna mənfi reaksiyası nəticəsində sığorta şirkətləri geri çəkilməyə məcbur oldular:

“Yaşayış evlərinin icbari sığortası heç də bütün ölkələrdə tətbiq edilmir. Əksər ölkələrdə əmlakın sığortası könüllüdür. Bundan əlavə, belə addım vətəndaşların Konstitusiya hüququna ziddir. Konstitutsiyanın 29.3-cü maddəsinə görə, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İndiki halda mülkiyyətçinin əvəzindən dövlət qərar verərək onu sığortaya məcbur edir. Bunun avtomobillərin icbari sığortası ilə qarışdırmaq düz deyil. Çünki avtomobillərin icbari sığortası üçüncü şəxs qarşısında tətbiq edilir. Mənzillərin sığortası isə mülkiyyətçinin öz zərərini minimuma endirmək üçün atılan addımdır. Bunun məcbur edilməsi mülkiyyətçinin seçim hüququnu pozmaqdır”.

Samir Əliyev
Mənbə: Meydan TV

Samir Əliyev deyir ki, tətbiq ediləcəyi bildirilən cərimə mexanizmi işləməyəcək, çünki yerli vergilərdə olduğu kimi cərimənin əhalidən alınması üçün təsir rıçaqları yoxdur:

Kommunal xidmətlər ödənilməyəndə onların verilməsi dayandırılır, dövlət vergisi verilməyəndə sahibkarın bank hesabı bloklanır, avtomobillər icbari sığortalanmayanda sürücü avtomobili itirmək riski ilə üzləşir. Bəs ev məsələsində necə olacaq? Ev mülkiyyətçinin əlindən alınacaq? Bu, daha çox sosial məsələ olduğu üçün inanmıram cərimə məsələsində çox dərinə getsinlər. Ona görə də hökumət yaşayış evlərinin icbari sığortası qərarını ləğv etməlidir, könüllü sığortalanma mexanizminə keçməlidir”.

İqtisadçı bildirir ki, sığorta siyasəti maarifləndirmə üzərində qurulmalıdır. Əks halda, sığorta məhsullarının icbari xarakter daşıması əhali üçün ən yaxşı halda, işləməyəcək, ən pis halda isə sosial gərginlik yaradacaq:

“Həmçinin, elə ərazilər (evlər bir-birinin içində) və evlər (tikinti normalarına cavab vermir) var ki, sığorta şirkətləri üçün cəlbedici deyil. Yəni heç bir şirkət maraqlı olmayacaq onlarla müqavilə imzalasın. Bu halda qanunvericiliyin icrası necə olacaq? Belə bir sual da var”.

Daşınmaz əmlakın sığortalanması məsələsi 2019-cu ildən sonra tez-tez gündəmə gəlir.

Həmin il yanvarın 13-də Prezident İlham Əliyevə daşınmaz əmlakın sığortasından danışmışdı.

Bununla bağlı hökumətə tapşırıqlar vermişdi, eyni zamanda sığorta sahədə əhalinin maarifləndirilməsinin vacib olduğunu bildirmişdi:

“Azərbaycanda mülkiyyətin sığortalanması prosesi ilə bağlı çox böyük maarifləndirmə işləri aparılmalıdır. Vətəndaşlar bilməlidirlər ki, evlər, əmlak sığortalanmalıdır. Nəzərə alsaq ki, Azərbaycanda bu sahədə böyük boşluqlar var, dövlət bütün maliyyə yükünü öz üzərinə götürüb. Əlbəttə, bu, böyük vəsait tələb edirdi, ancaq yenə də deyirəm, vətəndaşların rahatlığı, onların rifahı, normal yaşayışı bizim üçün əsas məsələdir. Ancaq hesab edirəm ki, bu il və bundan sonrakı illərdə əmlakın sığortalanması, o cümlədən maarifləndirmə ilə bağlı çox ciddi addımlar atılmalıdır. Bu məsələ ilə bağlı müxtəlif tədbirlər keçirilməlidir, atılacaq addımlar haqqında vətəndaşlara ətraflı məlumat verilməlidir. Hökumətə tapşırıram ki, bu məsələyə diqqət yetirsin”.

Daha öncə bu mövzu ilə bağlı Meydn TV-yə danışan hüquqşünas Əkrəm Həsənov bildirmişdi ki, bu, sığorta şirkətlərinin bir oyunudur.

Yerli icra hakimiyyəti orqanlarının, eləcə də sığorta şirkətlərinin kimisə cərimələmək səlahiyyəti yoxdur.

Ana səhifəSosialEkspert: “Evlərin məcburi sığortalanması gərginliyə səbəb olacaq”