close

Ekspert: “Sertifikasiya vasitəsilə savadsız müəllimləri işdən azad etmək istəyirlər”

Müəllimlərin imtahanı. Mənbə: “muallim.edu.az”

Nabatəli Qulamoğlu deyir ki, dövlət savadsız müəllimlərə kompensasiya ödəyib işdən azad etməlidir

“Nazir sertifikasiya imtahanlarından 9 bal yığan müəllimləri işdən çıxara bilmir. Çünki icra başçısı, mərkəzi icra hakimiyyəti ilə döyüşməyə hünəri yoxdur. Onları bu vəzifəyə təyin edirlər. Deyirlər ki, get, sənin iş prinsipin, çərçivən budur. Bundan artığını edə bilməzsən”.

Bunu təhsil eksperti Nabatəli Qulamoğlu elm və təhsil naziri Emin Əmrullayevin bu gün keçirdiyi brifinqdə sinif müəllimlərinin sertifikasiyada topladığı nəticələrlə bağlı səsləndirdiyi fikirləri Meydan TV-yə şərh edərkən deyib.

Bəs sertifikasiya imtahanında 0-9 bal toplayan 223 nəfər müəllimə daha bir il möhlət verilməlidirmi?

Nabatəli Qulamoğlu hesab edir ki, 0-9 bal toplayan müəllimlərin məktəblərdə bir il ərzində dərs deməsi heç də narahatlıq yaratmamalıdır:

“Onsuz da hazırda orta məktəblərdə bilik, dərs öyrətmirlər. Tək-tük müəllim var ki, yaxşı dərs keçir. Amma, demək olar ki, məktəblərdə kütləvi şəkildə dərs keçirilmir. Sinifə girsələr də, başlarını pul yığmaqla qatırlar. Ona görə də hamı uşağını repititor yanına göndərir”.

Ekspert deyir ki, keçmiş təhsil naziri Mikayıl Cabbarov da bilik səviyyəsi aşağı olan müəllimlərin işdən xaric edilməsi istiqamətində işlər görməyə cəhd edib, amma buna nail olmayıb:

Mikayıl Cabbarov bəyan etmişdi ki, Azərbaycanda iki mindən artıq müəllim saxta diplomla fəaliyyət göstərir. Nazir onlardan bir-ikisini müəllimlikdən xaric etdi. Amma icra hakimiyyəti buna imkan vermədi ki, sosial narazılıq olar. Həmin müəllimlər də məhkəməyə müraciət etdilər. Məhkəmə də onları işinə bərpa etdi”.

Nabatəli Qulamoğlu. Foto: sosial şəbəkə

Nabatəli Qulamoğlu bildirib ki, Emin Əmrullayev də eyni halla üzləşməmək üçün sertifikasiyadan istifadə edir. Üstəlik, həmin müəllimlərə bir il də şans verir ki, sonra rahatlıqla işdən xaric edə bilsin:

Dövlət savadsız müəllimlərə kompensasiya ödəyib işdən azad etməlidir. Onların günahı deyil ki, dövlət nəzarət etməyib, biliksiz, savadsız adamlar saxta diplom alıblar. Digər bir məsələ də var ki, həmin savadsız müəllimlər onların siyasi fiqurlarıdır. Seçkilərin saxtalaşdırılması prosesində həmin müəllimlərdən daha çox istifadə edirlər. Azərbaycanda bisavad müəllim çoxdur. Pulla oxuyub, diplom alanların sayı-hesabı yoxdur”.

İyunun 6-da Elm və Təhsil Nazirliyinin “Sertifikatlaşdırma: Peşəkar müəllim-keyfiyyətli təhsil” tədbiri keçirilib.

Nazir Emin Əmrullayev tədbirdə deyib ki, ibtidai siniflər üzrə 30 min müəllim sertifikatlaşdırma prosesinə cəlb edilib.

2023-cü il üzrə ibtidai sinif müəllimləri üçün statistik nəticələrə görə, yüksək nəticə göstərənlər 10 faiz, qənaətbəxş hesab edilən 53 faiz, təkmilləşdirilməyə ehtiyacı olanlar isə 30 faiz olub.

Nazir əlavə edib ki, sertifikasiyada iştirak edən 30 min ibtidai sinif müəlliminin 0,7 faizi, yəni 223 nəfəri 0-9 bal toplayıb.

Nazir qeyd edib ki, müəllimlərdən 10 faizi isə 10-19 bal yığıb.

Emin Əmrullayev əlavə edib ki, 51 bal həddini keçən müəllimlərin faiz göstəricisi isə 17 faiz təşkil edib.

Nazir bildirib ki,  2022-ci ildən başlayan sertifikatlaşdırma prosesinin birinci mərhələsi 2027-ci ilə qədər davam edəcək.

Ana səhifəSosialEkspert: “Sertifikasiya vasitəsilə savadsız müəllimləri işdən azad etmək istəyirlər”