close

Ekspertdən nazirə cavab: “Təhsil müddətini uzatmaq yox, sistemi dəyişmək lazımdır”

Emin Əmrullayev, Foto: edu.gov.az

Elçin Əfəndi isə hesab edir ki, müddəti uzatmaq keyfiyyətə müsbət təsir edə bilər

“Gündə bir söz deyirlər ki, camaatın başını qatsınlar. Camaat da desin ki, bax, bunlar təhsil üçün çalışırlar. Tədris ilinin uzadılmasının heç bir faydası olmayacaq. Təhsil sistemi dəyişməlidir”.

Təhsil eksperti Nabatəli Qulamoğlu elm və təhsil naziri Emin Əmrullayevin tədris ilinin uzadılması ilə bağlı söylədiyi fikirləri Meydan TV-yə şərh edərkən belə deyib.

Emin Əmrullayev mayın 16-da keçirdiyi brifinqdə bildirib ki, tədris müddəti nə qədər uzun olarsa, uşaqların gələcəyi daha yaxşı olar.

Nazirin fikrincə, tədris müddəti artırılmalıdır:

İndi şagirdlər daha az dərsə gedir. Biz on il oxusaq da, bir çoxumuz şənbə günü dərsə getmişik. Məktəb günlərinin azaldılması uşaqlarımıza yaxşı nəsə vəd etmir. Tədris ili nə qədər uzun olarsa, uşaqların gələcəyi daha yaxşı olar. Təhsil müddətini qısaltmaq təhsildən gözləntiləri də qısaltmalıdır”.

Nazir həmçinin məktəblərdə sentyabrın 1-dən tədrisin başlaması daha uyğun olduğunu da qeyd edib.

Nabatəli Qulamoğlu tədris ilinin uzadılmasının təhsilin keyfiyyətinə təsir etməyəcəyi qənaətindədir:

Bir gün Molla Nəsrəddin küləkli havada qovud yeyirmiş, daha doğrusu, yemək istəyirmiş. Biri molladan soruşur ki, molla, nə yeyirsən? Mollada qayıdır ki, külək belə əssə heç nə. Emin Əmrullayevin tədris ilinin sentyabrın 1-dən başlaması təklifi də buna bənzəyir. Azərbaycanda təhsil ölüb, fəaliyyət göstərmir. Ölüyə də iynə vurmaqla diriltmək olmaz”.

Ekspert deyir ki, təhsilin müddətini uzatmaq yox, məzmununu, sistemi dəyişmək lazımdır:

Bu günlərdə Misir Mərdanov dedi ki, təhsil naziri təyin ediləndə Heydər Əliyev onunla dörd saat söhbət aparıb. Misir Mərdanov deyir ki, dörd saatlıq söhbət ərzində yadında qalan Heydər Əliyevin “təhsil islahatını inqilabi şəkildə həyata keçirmək olmaz”, – cümləsi olub. O vaxtdan iyirmi beş il keçib. Məgər bu illər ərzində təhsildə dəyişiklik etmək olmazdı? Bunların çıxardığı qanunlar da, verdikləri fərmanlar da hamısı camaatın gözünə kül üfürmək üçündür, təhsilin qayğısına qalmaq deyil. Emin Əmrullayev də həmin məqsədi güdür. Bunlar hamısı sözdə deyilmiş bəyanatdır”.

Nabatəli Qulamoğlu. Foto: sosial şəbəkə

Düzdür, Emin Əmrullayevin bir çox bəyanatlarını təqdir edirəm. Çünki o, təhsilin işıq gələn yolunu bilir. Sadəcə, cəsarəti yoxdur. Dövlət sektorunda dərs keçmirlər. Valdeynləri də məktəbə buraxmırlar. Çünki göstəriş veriblər ki, bizim zibilimizi açmasınlar. Bu hökumətə təhsil sərf etmir. Hökumət deyir ki, mənə təbəə lazımdır. Mən nə desəm, onu yerinə yetirsinlər”, – deyə o bildirib.

Təhsil eksperti Elçin Əfəndi isə hesab edir ki, tədris ilinin sentyabrın 1-dən başlaması şagirdlərin dərs prosesinə daha tez uyğunlaşmasına təkan verəcək.

Bu da il ərzində tədrisin keyfiyyətinə daha müsbət təsir edə bilər:

Şagird dərsə sentyabrın 15-də başlayırsa, ay sonunda belə davamiyyət yerində olmur. Bəziləri istirahətdən qayıtmırlar, bəziləri isə dərsə biganə yanaşırlar. Proses ən azı iki həftə vaxt aparır. Sentyabrın 1-də başlasalar, hazırki tədris ilinin başlanğıcına qədər müvafiq olaraq, şagirdlərin adaptasiya prosesi, dərsə maraqları daha uyğun ola bilər”.

Ekspert həmçinin qeyd edir ki, əksər ölkələrdə tədris ili daha uzundur. Bu da təhsilin keyfiyyətinə müsbət təsir göstərir:

Yaponiya dünyanın ən ikişaf etmiş ölkələrindən biridir. Burada tətil üç-dörd həftədir. Avropa ölkələrindən Fransanı götürsək, tədris prosesi daha uzunmüddətlidir. Dərslər oktyabrda başlayır. Tədris prosesi iyul ayına qədər davam edir. Bir çox inkişaf etmiş ölkələrdə tətil dövrü çox azdır. Bizdə isə, demək olar ki, üç aylıq bir dövrü əhatə edir. Tətil müddətini üç ay yox, iki aya endirmək mənə görə məqsəduyğundur. Bu da təhsilin keyfiyyətinə müsbət təsir edə bilər”.

Əvvələr Azərbaycanda dərslər sentyabrın 1-də başlasa da, sonralar bu qayda dəyişib.

Mövcud qanunvericiliyə əsasən tədris ili sentyabrın 15-də başlayıb, iyunun 14-də bitir.

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında “Bilik günü”nün təsis edilməsi və təhsil müəssisələrində iş rejiminin tənzimlənməsi haqqında” 21 avqust 2004-cü il tarixli 114 nömrəli Fərmanı ilə 15 sentyabr “Bilik günü” elan edilib və respublikanın bütün təhsil müəssisələrində dərslərin sentyabrın 15-dən başlanması müəyyən edilib.

Ana səhifəSosialEkspertdən nazirə cavab: “Təhsil müddətini uzatmaq yox, sistemi dəyişmək lazımdır”