close

Əli Əliyev: “Əfvi azadlığım və mübarizəm üçün istəmişəm”

Əli Əliyev. Mənbə: Video Screenshot Meydan TV

Partiya sədri mövqeyində deyil, taktikasında dəyişiklik etdiyini deyib

“Həbs müddətimi normal və azərbaycansayağı praktika kimi qəbul edirəm. Əlbəttə ki, normal da demək olmaz. Çünki son 20 ildə Azərbaycanda partiya sədri, prezidentliyə namizəd həbs edilməmişdi”.

Bunu prezidentin mayın 8-də imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılan Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev keçirdiyi mətbuat konfransında deyib.

O qeyd edib ki, Azərbaycanın müstəqillik tarixində siyasətçiyə eyni vaxtda 4 həbs cəzası verilməmişdi:

“Bu, bir ilkdir. Siyasətçi həbsxanadan keçməlidir və həbs taleyimi də parlaq hesab edirəm. Çünki orada toplanan təcrübə siyasətçi üçün zəruri dərəcədə vacibdir. Ona görə də heç kəs heç nədən narahat olmasın, həbsə necə getmişiksə, elə də çıxmışıq”.

Partiya sədri mübarizə əzminin yerində olduğunu, ancaq taktikada dəyişiklik ola biləcəyini vurğulayıb:

“Mübarizəmiz və paradiqmalarımız yerindədir, təbii ki, müəyyən korrektələr edəcəyik və bu barədə ictimaiyyətə məlumat verəcəyik. Qapalı yerdən çıxmışam, kənarda baş verənlərdən bir qədər məlumatsızam. Dostlarımla görüşəcəm, məlumat imkanlarımı zənginləşdirəcəm. Bilirsiniz ki, partiyaların qeydiyyat məsələsi var, vaxt az qaldığından seytnotdayıq. Cəmiyyətin siyasi durumundan məlumatsızam. Səhhətimlə bağlı bəzi problemləri aradan qaldırandan sonra bu məsələlərlə məşğul olacağam”.

Əfv ərizəsi yazması barədə suala Əli Əliyev belə cavab verib:

“Mən hakimiyyətdən əfv istəmişəmsə, bunu azadlığım və mübarizəm üçün istəmişəm. Mövqeyim yerindədir, taktikamız haqda da dedim. Kim mənim sındırılmağım haqda deyirsə, gözündə qalacaq”.

“Ona görə əfv müraciəti etdim ki, ailəmin və dostlarımın yanında olmaq istəyirdim. Bu, heç bir halda cəzanın qəbul olunmasını etiraf etmək deyil. Mən haqqımda çıxarılmış qanunsuz hökmləri məhbəsdə keçirməyə borclu deyiləm. Müraciət etmək hüququmdur və bundan istifadə etmişəm. Təmin olunubsa, normal sayıram, bu, heç bir halda təslimçilikdən xəbər vermir”,-deyə Əliyev əlavə edib.

VİP sədri hazırda 3 şikayətinin Avropa İnsan Hüquqları Məhkəməsində icraatda olduğunu bildirib:

“İki işim isə Ali Məhkəmənin müzakirəsindədir. Bütün işlərdə də qanunların imkan verdiyi çərçivədə bəraət almaq uğrunda  mübarizə aparacağıq. Mənim məhkumluğum qeyri-qanuni olub”.

Ə.Əliyev deyib ki, məhbəs həyatı çox ağırdır:

“Həbsxanada oranı canlı insanların qəbiristanlığı adlandırırlar və xeyli sayda günahı olmayan insanları görmüşəm. Əlbəttə ki, ilk növbədə siyasi məhbuslar azadlığa buraxılmalıdır, bu, Azərbaycan dövlətinin imici üçün lazımdır. Hesab edirəm ki, Avropa Şurasının üzvü olan, XXI əsrdə bir dövlətdə siyasi məhbus olmamalıdır”.

Partiya sədrinin həbsinin qısa xronikası

2022-ci ilin yanvarından iyununa qədər Əli Əliyevə üç dəfə hökm oxunub.

VİP sədri birinci dəfə yanvarın 13-də Yasamal Rayon Məhkəməsinin hökmüylə məhkum edilib.

Ona Dövlət Sərhəd Xidmətinin polkovniki Emil Cəfərovun iddiası əsasında CM-in 147.1 (böhtan) maddəsilə 5 ay həbs cəzası verilib.

Bir müddət sonra DSX-nın başqa bir zabiti Ramin Cəbrayılovun iddiası əsasında Əli Əliyev eyni maddə ilə təqsirli bilinib.

Əvvəlki cəzası da birləşdirilməklə üzərində qəti olaraq, 6 ay həbs cəzası saxlanılıb.

Əli Əliyev 2021-ci il noyabrın 30-da qəzaya uğramış Dövlət Sərhəd Xidmətinə (DSX) məxsus helikopterdən sağ çıxdığı iddia olunan bu iki nəfərin hadisə vaxtı vertolyotda olmasına inanmadığını deyib. Buna görə həmin şəxslər ona qarşı xüsusi ittiham qaydasında iddia qaldırıb.

“Ağlı başında olan adamlar bilir ki, o sürətlə yerə çırpılan, 1000 dərəcə istilikdən adam o vəziyyətdə çıxa bilməz. Mən həkiməm. Uçuşda təhlükəsizlik məsələləri üzrə ekspert olmuş Sərdar Cəlaloğlu da eyni fikirləri ifadə edib. Mən çıxışımda o adamların adlarını çəkməmişəm. Onlara deyiblər ki, bunu elə, onlar da eləyib. Onlar sadəcə, alətdi. Bu məhkəmə işi indiyə qədər mənə qarşı təzyiqlərin davamıdır. Mən desəm ki, onlar o vertolyotda olub, bu, 14 şəhidimizin ruhuna hörmətsizlikdir. Mən bu cür düşünmürəm. Bu cür düşünməyi heç kim mənim əlimdən ala bilməz”, – Əli Əliyev bildirib.

Ana səhifəSiyasətƏli Əliyev: “Əfvi azadlığım və mübarizəm üçün istəmişəm”