close

Əli Kərimli: “Bu gün təkcə mitinqlərin yox, həm də parlamentin taleyi həll edilir”

Foto: Meydan TV

AXCP sədri hakimiyyəti siyasi məhbusları azad etməyə, sərbəst toplaşmaq azadlığına imkan verməyə çağırıb

Demokratik Qüvvələrin Milli Şurası mayın 19-da mitinq keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib.

İcra hakimiyyəti Milli Şuranın bundan əvvəl 21 aprel və 5 may müraciətlərinə rədd cavabı vermişdi.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli Meydan TV-yə deyib ki, Milli Şuranın mitinq müraciətlərinin əsas məqsədi azad seçkilərə şəraitin yaradılması tələbidir.

O, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun seçkilərin vaxtının önə çəkiləcəyi ilə bağlı fikirlərinə toxunub.

Kərimli bildirib ki, indiki şərait qalacağı təqdirdə, parlament seçkiləri də əvvəlki seçkilər kimi saxtalaşdırılacaq:

“Təbii ki, belə olduqda, müxalifət seçkilərə qatılmayacaq və növbəti qeyri-legitim parlament formalaşacaq. Bu, Azərbaycan hakimiyyətinin üzərinə böyük məsuliyyət qoyur. Hakimiyyət qərar verməlidir, seçkilərin heç olmasa, yarımazad keçirilməsi üçün şərait yaratmalıdırlar: siyasi məhbuslar azad edilməli, sərbəst toplaşmaq azadlığı təmin olunmalı, seçki komissiyalarının yenidən formalaşması üçün müxalifətin təmsilçiliyinə imkan verilməlidir. Əgər sadaladığım minimal şərtlər təmin ediləcəksə, seçkiləri yarımazad keçirmək olar, o zaman müxalifət də qatılar”.

Onun sözlərinə görə, mövcud hakimiyyətin seçkiləri tam azad və şəffaf keçirməsi mümkün deyil:

Bununla belə, biz mövcud hakimiyyətin seçkiləri tam şəffaf keçirəcəyini mümkün saymırıq. Amma həmin minimal imkan olarsa, hansısa rəqabətdən danışıla bilər. Məhz buna görə hakimiyyətini 19 may mitinqinə “yox” deməzdən əvvəl 2 dəfə düşünməyə çağırırıq. Çünki mitinqlərə sona qədər “yox” demək parlament seçkilərinin taleyini əvvəlcədən həll etməkdir. Beləliklə, hakimiyyət gözlənilən parlament seçkilərini kütləvi saxtakarlıq şəraitində keçirəcək, formalaşacaq qanunverici orqanda da real müxalifət olmayacaq və yeni parlamentin mandatı da Avropa Şurası Parlament Assambleyasında tanınmayacaq”.

“Əgər Avropanın tanınmış siyasətçilərindən Frank Şvabe İlham Əliyevi qeyri-legitim prezident elan edirsə, deməli, bu tendensiya davam edəcək. Yəqin növbəti parlament də qeyri-legitim elan olunacaq. Ona görə də hökumət bu məsuliyyəti düşünüb 19 may mitinqinə razı olmalıdır”, – deyə Kərimli əlavə edib.

AXCP sədri “Hakimiyyətin razılıq verməyəcəyi təqdirdə, başqa alternativiniz varmı?” sualına belə cavab verib:

“Başqa nə alternativ ola bilər? Biz 2022-2023-cü illərdə 4 dəfə partiya fəallarının daxili resursu ilə razılaşdırılmamış aksiyalar etmişik. Hazırkı 300-ə qədər siyasi məhbusun olduğu şəraitdə xalqın kütləvi şəkildə razılaşdırılmamış aksiyalara çıxacağını siz də gözləmirsiniz. Bu, başadüşüləndir, kiçik bir ölkədə 300 nəfərə yaxın siyasi məhbus varsa, ölkədə azad mətbuat və vətəndaş cəmiyyət adına heç nə qalmayıbsa, kütləvi qorxu mühitinin olması məntiqlidir. Bu mənada narazı və hətta dəyişiklik istəyən sadə insanların da cəbhəçilərlə meydana çıxma ehtimalları yox dərəcəsindədir. Biz bunu təkcə nəzəriyyədən yox, xatırladığım 4 aksiyadan bilirik”.

Yalnız cəbhəçilərin hesabına keçiriləcək razılaşdırılmamış aksiyaların da hökumətin nəyəsə məcbur edəcəyi real deyil. Ona görə indiki mərhələdə Azərbaycan cəmiyyətini səfərbər etməyə daha çox diqqət yetiririk”, – Kərimli vurğulayıb.

Onun fikrincə, bütün xalq hökumətin üstünə gedib təbliğat kampaniyasına qoşulmalıdır:

Hamı tələb etməli, azad seçkiyə yalnız müxalifətin işi kimi baxmaq ənənəsindən qurtarmaq lazımdır. Hər bir azərbaycanlı fərqində olmalıdır ki, bu gün təkcə mitinqlərin yox, həm də parlamentin taleyi həll edilir. Parlamentin də bir adam tərəfindən seçilməsi, faktiki zəbti onu hökumətin siyasətinə təsir edən imkanlardan məhrum edəcək. Bizim apreldən başlatdığımız kampaniyada da əsas məqsədlərdən biri bu tələblərin kütləviləşməsinə nail olmaqdır”.

“Müxalifət olaraq cəmiyyəti apatiya şəraitindən çıxarıb hamılıqla demokratik dəyişikliklər uğrunda mübarizəyə başlatmağa çalışırıq. Bunun üçün xalqın ən müxtəlif təbəqələri prosesə qoşulmalıdır. Hazırda onun üçün təbliğat aparırıq ki, xalqın ən geniş təbəqələri hökumətə təzyiq etsin. Hökumət üzərində dəyişiklik istəyən xalqın narazılığını hiss etməlidir”, – deyə o qeyd edib.

Gözlənilən seçkiyə konkret münasibətə gəlincə, Əli Kərimli deyib ki, hökumətin onların tələblərinə reaksiyası seçkilərə qatılıb-qatılmayacaqlarını müəyyənləşdirəcək:

Bu gün hələ son qərarı demək tezdir. 19 maydakı mitinqə cavabı gözləyirik. Prinsipcə, hökumətin səhv yoldan dönmək şansı var. Başa düşürəm ki, bu şans çox deyil. Ona görə son qərarı vermədiyimizdən indidən bunu anons etmək mümkün deyil. Amma mövqeyimiz aydındır: gözlənilər parlament seçkilərində minimal rəqabət imkanları olmasa, yəni siyasi məhbuslar azad edilməsə, indiki qorxu mühiti aradan qaldırılmasa, sərbəst toplaşmaq azadlığına imkan verilməsə, seçki komissiyalarında müxalifətin nəzarət imkanları təmin edilməsə, seçki şousundan söhbət gedə bilər, real seçkidən yox. Biz də yalnız rəqabət imkanı olan seçkilərə qatıla bilərik, nəticələri əvvəlcədən bəlli olan seçki şousunda rol almaq niyyətində deyilik. İndi qərar hökumətindir. Əgər gözlənilən seçkini də şouya çevirəcəksə, biz o prosesdə iştirak etməyəcəyik”.

Ana səhifəSiyasətƏli Kərimli: “Bu gün təkcə mitinqlərin yox, həm də parlamentin taleyi həll edilir”