close

Əliyev: “ABŞ-la əlaqələr Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesindən kənarda inkişaf etdirilməlidir” (yenilənib)

İ.Əliyev və A.Blinken. Foto: president.az

Dövlət Departamenti ABŞ dövlət katibi Antoni Blinkenin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü haqda məlumat yayıb.

Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib ki, Blinken Azərbaycanın beynəlxalq və insan hüquqları ilə bağlı öhdəliklərinə əməl etməsinin vacibliyini vurğulayıb.

Metyu Miller Antoni Blinkenin həmçinin Ermənistanın Baş naziri Nikol Paşinyanla ikitərəfli əlaqələrin gücləndirilməsi, Bakı ilə Yerevan arasında uzunmüddətli, şərəfli sülh sazişinin əldə edilməsi üçün səylərin dəstəklənməsini müzakirə etmək üçün ayrıca görüş keçirdiyini də bildirib:

“Dövlət katibi Ermənistanın öz xalqının firavan və demokratik gələcəyi ilə bağlı baxışını dəstəkləmək üçün davam edən səylərimizi, həmçinin ABŞ-ın Ermənistanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünü dəstəklədiyini qeyd edib”.


Blinken: “Danışılacaq çoxlu mövzular var”

Fevralın 17-də Münhendə Azərbaycanın Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının (ABŞ) dövlət katibi Antoni Blinkenlə görüşüb.

President.az yazır ki, görüş ABŞ-ın müraciətinə əsasən olub.

Antoni Blinken bildirib ki, indiki zaman kəsiyi Azərbaycanın “COP” rəhbərliyini öz üzərinə götürməsi baxımından çox vacibdir:

“Biz bu məsələni ciddi dəstəkləyirik. Tədbirin uğurlu olması, eyni zamanda, Azərbaycan və Ermənistan arasında davamlı və ləyaqətli sülhün təmini üçün əlimizdən gələni etmək arzusundayıq. ABŞ bu istiqamətdə faydalı işlər görmüşdür və görməyə davam edəcəkdir. Danışılacaq çoxlu mövzular var”.

Azərbaycanın dövlət başçısı deyib ki, “COP29” ikitərəfli gündəliyi önəmli bir hissəsidir:

“Bu, gündəliyimizdə duran məsələlərin mövzularını genişləndirir və biz cari ildə bütün təşəbbüslərimizlə bağlı hökumətinizin dəstəyinə ümid edirik. Qeyd etdiyiniz kimi, gündəliyimizdə daha bir məsələ var və bu da Qafqazda regional vəziyyətdir, xüsusilə Ermənistan və Azərbaycan arasında sülhün əldə olunmasının perspektivləridir. Azərbaycan sülh prosesinə sadiqdir və sülh sazişinin ən qısa zamanda bağlanması bizim milli maraqlarımıza cavab verir. Mən Amerika Birləşmiş Ştatlarına və xüsusilə cənab Dövlət katibinə bu istiqamətdə göstərdiyi səylərinə görə təşəkkür edirəm”.

Sayt yazır ki, ikitərəfli əlaqələri yüksək qiymətləndirdiklərini qeyd edən Antoni Blinken münasibətlərin və əməkdaşlığın daha da gücləndirilməsi üçün yaxşı imkanların olduğunu vurğulayıb. Əliyev də Vaşinqton-Bakı tərəfdaşlığının genişləndirilməsi üçün əlverişli imkanların olması ilə razılaşıb.

İlham Əliyev Ermənistanla münasibətlərin normallaşdırılmasını və sülh gündəliyini dəstəklədiyini qeyd edib. Həmçinin, o, Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistanın Baş naziri ilə görüşdüyünü və sülh müqaviləsinə dair danışıqların, sərhədlərin delimitasiyası üzrə görüşlərin keçirilməsi ilə bağlı razılaşmaların əldə olunmasını müsbət addım kimi qiymətləndirib.

“Artıq regionda de-fakto sülhün olduğunu bildirən Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan-ABŞ ikitərəfli əlaqələri Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması prosesindən kənar şəkildə özlüyündə inkişaf etdirilməlidir”.

Fevralın 15-də ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi yerli mediaya müsahibəsində Vaşinqtonla Bakının münasibətlərində müəyyən sahələr üzrə ziddiyyətin olduğunu bildirmişdi.

Səfir Azərbaycanda jurnalistlərin və vətəndaş cəmiyyəti fəallarının saxlanılmasından narahatlığını ifadə edərərk demişdi ki, vəziyyəti düzəltmək üçün çoxlu imkan var, çünki iki ölkənin maraqlarının üst-üstə düşdüyü və müsbət əməkdaşlıq təcrübəsinin olduğu bir çox sahə var:

Bunlar təhlükəsizlik, enerji və digər sahələrdir”.

Ana səhifəSiyasətƏliyev: “ABŞ-la əlaqələr Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesindən kənarda inkişaf etdirilməlidir” (yenilənib)