close

Əliyevin növbədənkənar seçki qərarına müxalifət və ictimaiyyətdən reaksiya

Azərbaycanda seçkilər. Foto: Andy.LIU/shutterstock

Əli Kərimli: “Əliyev çalışır ki, Putin rejimi ayaqda ikən saxta seçkilərlə müddətini uzatsın”

2024-cü ilin fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.

İlham Əliyevin bu gün imzaladığı sərəncamda qeyd olunub ki, Mərkəzi Seçki Komissiyası növbədənkənar Prezident seçkilərinin 2024-cü il fevralın 7-nə təyin olunmasını və Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etsin.

Azərbaycanda növbəti Prezident seçkilərinin 2025-ci ildə olacağı gözlənilsə də, növbədənkənar seçkilərin elan edilməsi bir sıra suallar doğurur.

Xüsusən gələn ilin martın 17-də Rusiyada da seçkilər baş tutacaq, o zaman sualların aktuallığı yaranır.

“Xaricdən müdaxilə ehtimalı böyükdür”

Siyasi şəhrçi, konfliktoloq Əhməd Əlili Meydan TV-yə deyib ki, 7 fevral seçkiləri ən gözlənilən növbədənkənar seçkidir:

Yada salın ki, Rusiya qoşunları 2020-ci ildə Qarabağa daxil olanda əksər politoloqlar 2025-ci ildə həmin qoşunların çıxacağını, eyni zamanda, Prezident və parlament seçkilərinin keçiriləcəyini vurğulayırdılar. Ona görə də həm seçkilər, həm də sülhməramlıların çıxarılması eyni ildə olmaya bilər, ayrı-ayrı illər üzrə planlaşdırıla bilərdi. Bu mənada 7 fevral seçkiləri gözlənilən idi”.

Rusiya amili və ya xarici müdaxilələrə gəlincə, Əhməd Əlili bu ehtimalı mümkün sayır:

Əhməd Əlili. Foto: Meydan TV

Məsələ ondadır ki, İlham Əliyev vaxtaşırı həm Rusiyayla münasibətlərdə gərginlik yaşayır, həm də ABŞ-la. Dünənə qədər İranın Azərbaycan sərhədlərinə qoşun toplaması gündəmdə olub. Hesab edirəm ki, xaricdən Azərbaycana müdaxilə, xüsusən də İlham Əliyev və hökumət üçün müəyyən problemlər yaradıb güzəştlər əldə etmək ehtimalı böyükdür”.

İkincisi, Rusiyayla Azərbaycan arasında əlaqələrin intensivliyi daha genişdir, şimal ölkədə baş verənləri Azərbaycan siyasi elitasının izləmə imkanı daha artıqdır. Nəhayət, dekabrın 6-da ABŞ-dan yüksək səviyyəli nümayəndə heyəti gəlmişdi. Belə çıxır ki, dünənki görüşün nəticəsi də xoş olub. Vəziyyət o həddə olub ki, Azərbaycan hakimiyyəti növbədənkənar seçkilərin keçirilməsi qərarını “gözünüqırpmadan” verib”, – deyə Əhməd Əlili qeyd edib.

O qədər də gözlənilməz olmadı”

Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər də Meydan TV-yə deyib ki, seçkilərin 7 fevrala təyin edilməsi onun üçün gözlənilməz olmayıb:

İsa Qəmbər
Foto: Meydan TV

Son dövrlərin hadisələrini götürüb təhlil etsək, o qədər də gözlənilməz olmadı”.

İsa Qəmbər Azərbaycandakı seçkinin gələn ilin martında Rusiyada keçiriləcək seçkilərlə əlaqəsinin olub-olmadığı barədə suala belə cavab verib:

“İstəsəniz, hər şeyi hər şeyə bağlaya bilərsiniz”.

Hakimiyyət Qarabağ zəfərinin legitimliyini istədiyi kimi ictimai dəstəyə çevirə bilmədi”

Siyasi Menecment İnstitutunun sədri Azər Qasımlı 7 fevralda keçiriləcək seçkilərin Rusiya seçkiləri ilə əlaqəli olduğuna inanmır.

Onun fikrincə, Rusiyada mart ayında seçkilər olmalıydı:

“Moskvayla münasibətlər pis deyil ki, seçkiləri əvvələ salsınlar”.

Qasımlı Meydan TV-yə deyib ki, seçkilərin belə tez elan edilməsi onun üçün gözlənilməz olub:

Görünən odur ki, əvvəlcədən planlaşdırılan qərar deyil, çünki seçkilər 15 ay əvvəl baş tutacaq. Suallar çoxdur, məsələn, əgər Qarabağda qələbə qazanmısansa, niyə belə sərəncam verirsən?”.

Azər Qasımlı
Azər Qasımlı, Foto: Meydan Tv

Seçkilərin vaxtından 15 ay əvvəl keçirilməsi onun göstəricisidir ki, ölkə başçısı nə özünə, nə də proseslərə güvənir. Bu il MDB ölkələrində iqtisadi artımın ən aşağı göstəricisi Azərbaycandadır. Gələn il isə iqtisadi artımın olmaması gözlənilir, sosial uçurum hər gün artır, gələn il isə bu gedişat pik həddinə çatacaq. Həmçinin hakimiyyət Qarabağ zəfərinin legitimliyini istədiyi kimi ictimai dəstəyə çevirə bilmədi”, – deyə Qasımlı əlavə edib.

Onun sözlərinə görə, Əliyev iqtidarının əlində daxildə istifadə edəcək hər hansı xarici siyasət “kartı” qalmayıb.

Onun fikrincə, Qarabağ məsələsi sonuncu “kart” idi ki, istifadə olundu:

Düşünürəm ki, Rusiyanın sülhməramlı kontingenti 2025-ci ildə Azərbaycanı tərk etməyəcək, bu da daxildə hakimiyyətin legitimliyini aşağı salacaq. Həm də Qərblə əlaqələrdə qopma trendi davam edəcək və bu, hakimiyyət üçün müəyyən təhdidlər yaradacaq. Son ayların repressiyaları gələn il də davam etdiriləcək ki, əlavə gərginliklər olacaq. Ona görə də seçkilər 15 ay tez elan olundu. Maraqlıdır, dünən ABŞ dövlət katibinin köməkçisi Bakıda Əliyevlə nə danışıb ki, səhəri belə qərar verilib? Bu özü bir sual olsa da, Qərblə münasibətlər yaxşı olmadığından sanksiyalar mümkündür”.

Seçkidə iştiraka gəlincə, Azər Qasımlı bildirib ki, kim özünü Əliyevə alternativ görür və seçkidə iştirakı vacib sayırsa, iştirak etməlidirlər:

Ancaq yaxın 2 ayda bütün resursları yığmaq və seçkiyə qatılmaq əsl müxalifət üçün mümkün deyil”.

Əliyevin müttəfiqi Putin yaxın gələcəkdə hərbi məğlubiyyətə uğrayacaq”

AXCP sədri Əli Kərimli hesab edir ki, İlham Əliyevin heç bir ictimai müzakirə aparmadan 7 fevrala növbədənkənar prezident seçkisi təyin etməsi rejim tərəfindən seçkilərin saxtalaşdırılacağına hazırlıqdır.

İndi məlum olur ki, nəyə görə son aylarda  ölkə gündəmini qanunsuz həbslər zəbt edib. Nəyə görə son aylarda ABŞ, Aİ, ATƏT kimi qurumlarla ölkənin münasibəti süni şəkildə gərginləşdirilib. İlham Əliyev bu addımlarla planladığı növbədənkənar  seçkilərin daha asan saxtalaşdırıla bilməsi üçün zəmin hazırlayırmış. İlham Əliyev kütləvi həbs və repressiya mühitində,  demokratik dünyadan təcrid şəraitində, seçkilər üçün minimal imkanların da olmadığı bir vəziyyətdə qəfil seçki tamaşası qurub, saxta yolla şəxsi hakimiyyətini bir müddət də uzatmaq fikrindədir”,- deyə Əli Kərimli “Facebook” səhifəsində yazıb.

Əli Kərimli
Foto: Meydan TV

AXCP sədri deyib ki, belə bir şəraitdə seçkilərdə rəqabət üçün minimum imkanlar yoxdur:

Prezident seçkilərinin ictimai-siyasi qüvvələrdən və bütövlükdə xalqdan gizli şəraitdə hazırlanması və rəqabət üçün minimum imkanların da olmadığı repressiv mühitdə qəfil keçirilməsi rejimin hətta bu repressiya mühitində də minimal siyasi yarışdan qorxduğunun etirafıdır. Rejimi növbədənkənar seçkilərə sövq edən daha bir səbəb, son vaxtlar daha da sıx yaxınlaşdığı və arxalandığı  müttəfiqi Putin hakimiyyətinin yaxın gələcəkdə hərbi məğlubiyyətə uğrayıb, ciddi siyasi tənəzzülə uğraması ehtimalıdır. İlham Əliyev çalışır ki, Putin rejimi hələ ayaqda ikən rəqabətsiz və saxta seçki vasitəsilə səlahiyyət müddətini uzatsın”.

“Prezident seçkilərinin 2-ci dəfə də növbədənkənar keçirilməsinin yeganə müsbət tərəfi isə odur ki, xalqımız növbədənkənar seçkilərə alışdırılır. Deməli, xalqımız tələb edəndə, hazır olanda prezident seçkiləri də, parlament seçkiləri də hər zaman – növbədənkənar keçirilə bilər və keçiriləcək”, – deyə Kərimli fikrini tamamlayıb.

“Seçkilərdə iştirak etməyi düşünürük”

REAL Partiyasının Siyasi Komitəsinin üzvü Natiq Cəfərli Meydan TV-yə deyib ki, partiya bütün hallarda hansısa formada seçkilərdə iştirakın tərəfdarıdır.

Natiq Cəfərli
Foto: Meydan.TV

Biz seçkilərin boykot edilməsinin əleyhinə olmuşuq. Düşünürük ki, hansısa formada seçkidə iştirak etmək lazımdır. Amma bu iştirakın necə olması yaxın günlərdə  partiyanın Siyasi Komitəsində müzakirə ediləcək və qərar ictimaiyyətə təqdim ediləcək”, – deyə Cəfərli qeyd edib.

Azərbaycanda sonuncu dəfə Prezident seçkiləri 2018-ci il aprelin 11-də keçirilib.

Həmin seçkilər də növbədənkənar baş tutub.

İlham Əliyev 20 ildir ki, prezidentdir.

Rusiyada seçkilərə gəlincə, 2024-cü ilin martın 17-də Rusiyada Prezident seçkiləri keçiriləcək.

Bu barədə dekabrın 7-də Rusiya Federal Məclisinin Federasiya Şurası qərar qəbul edib.

Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova bildirib ki, ölkənin müasir tarixində ilk dəfə Prezident seçkiləri belə “zəhərli” geosiyasi atmosferdə keçiriləcək.

Rusiya Konstitusiyasına görə, dövlət başçısı altı il müddətinə seçilir.

Rusiyada sonuncu dəfə Prezident seçkiləri 2018-ci ilin martında keçirilib.

Ana səhifəSiyasətƏliyevin növbədənkənar seçki qərarına müxalifət və ictimaiyyətdən reaksiya