close

Ermənistan ABŞ-la təlimləri suveren qərarı sayır, Moskva narazıdır

Source: https://www.aa.com.tr/ru/

Zaxarova isə Ermənistana Ukrayna nümunəsini xatırladır

“Ermənistan və ABŞ arasında keçirilən hərbi təlimlər iki ölkə arasında münasibətlərin dərinləşməsinin nəticəsidir.”

Ermənistan parlamentində Respublika Milli Assambleyasının xarici əlaqələr daimi komissiyasının sədri, hakim “Mülki Müqavilə” partiyasından olan deputat Sarqis Xandanyan jurnalistlərə açıqlamasında belə deyib.

Xandanyan Ermənistanda ABŞ-la birgə hərbi təlimlərin keçirilməsini Rusiyanın həyəcanverici adlandırmasına da münasibət bildirib.

“Müxtəlif tərəflər bundan narahat olublar. Bu, Ermənistanın suveren qərarıdır. Ermənistan-Amerika münasibətlərinin dərinləşməsinin nəticəsidir”, – komitə sədri bildirib.

Jurnalistlər Xandanyandan hərbi təlimlərlə bağlı qərar qəbul edilməzdən əvvəl Rusiya tərəfi ilə müzakirə olub-olmadığını soruşublar.

O cavabında: “Məndə heç bir məlumat yoxdur, bəlkə də, olub”, – deyib.

Ermənistan Müdafiə Nazirliyi iki gün öncə məlumat yayıb ki, sentyabrın 11-dən 20-dək Ermənistanda ABŞ-ın “EAGLE PARTNER-2023” adlı birgə hərbi təlimləri keçiriləcək.

Bildirilib ki, təlimlərin məqsədi sülhməramlı əməliyyatların tərkib hissəsi kimi beynəlxalq sülhməramlı missiyalarda iştirak edən bölmələr arasında qarşılıqlı fəaliyyət səviyyəsinin artırılması, idarəetmə və taktiki rabitə sahəsində təcrübə mübadiləsi, o cümlədən NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramının “Əməliyyat İmkanları Konsepsiyası”nın planlı qiymətləndirilməsinə erməni hərbçilərinin hazırlığının artırılmasıdır.

Rəsmi Moskva isə belə xəbərlərin narahatlıq doğurduğunu bildirib.

“Ermənistan və ABŞ-ın birgə hərbi təlimlər keçirməsi regionda vəziyyətin sabitləşməsinə və qarşılıqlı etimadın möhkəmlənməsinə töhfə vermir”, – Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məsələyə münasibət bildirərkən deyib.

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov isə ABŞ-la təlimləri müttəfiqliyə zidd saymışdı.

Rəsmi Moskva hesab edir ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı müttəfiqlər qurumun təlimlər praktikasına riayət etməlidir.

Ermənistan xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan isə Rusiya ilə münasibətlərdə gərginlik olmadığını bildirib.

“Tərəfdaşlarımızla olan fikir ayrılıqları və müzakirələrimiz gərginlik kimi şərh edilməməlidir”, – Hovhannisyan deyib.

Ermənistanın Baş naziri Nikol Paşinyan sentyabrın 3-də, İtaliyanın “La Republica” nəşrinə deyib ki, Ermənistanın təhlükəsizliyinin Rusiyadan asılı hala salınması “strateji səhv” olub.

Onun sözlərinə görə, rəsmi Moskva Qarabağda təhlükəsizliyi təmin edə bilmir və regiondan çəkilmək mərhələsindədir.

Rusiya Xarici İşlər Nazirliyi cavab olaraq Paşinyanı məsuliyyətsizlikdə və səhvlərinə görə başqa günahkarlar axtarmaqda ittiham edib.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova İrəvanda keçirilən Rusiya-Ermənistan media forumunda isə qərbyönümlü media qurumlarını tənqid edib.

O, Ermənistanda Rusiyanı və iki ölkə arasındakı münasibətləri gözdən salmaq məqsədi daşıyan qərbyönümlü media strukturlarının sayının artmasından narahat olduğunu bildirib.

Zaxarova deyib ki, “qərblilər” regionun taleyi ilə maraqlanmır və onların son məqsədi Rusiya və Ermənistan xalqları arasında nifaq salmaq və Moskvanın təsirini zəiflətməkdir.

“Təbii ki, bu baxımdan göz önündə Ukraynanın nümunəsi var”, – deyə o əlavə edib.

Dmitri Peskov isə deyib ki, Kreml Paşinyanın bəyanatları, eləcə də Qarabağdakı sülhməramlıların fəaliyyətinin uğursuz olması fikri ilə razılaşmır.

“Rusiya bu regionun tərkib hissəsidir, ona görə də oranı tərk edə bilməz Rusiya Ermənistanı tərk edə bilməz”, – Peskov bildirib.

Ana səhifəXəbərlərErmənistan ABŞ-la təlimləri suveren qərarı sayır, Moskva narazıdır