Emil Məmmədli
Siyasi şərhçilər Azərbaycanın israr etməli olduğunu deyir
Minsk qrupunun keçmiş amerikalı həmsədri Ceyms Uorlik ABŞ-in Atlantik Şurasında “Ermənistan və Azərbaycan sülhün astanasındadırmı?” diskusiyası zamanı “Ermənistan Konstitusiyasının dəyişdirilməsi Azərbaycanla sülh sazişinin imzalanması üçün şərt kimi irəli sürülməməlidir” deyib.
Onun sözlərinə görə, Ermənistanın Konstitusiyası gələcəkdə dəyişdirilə bilər, amma hazırda belə bir şərt sülh sazişinin imzalanmasına maneə yaradar.
“Hamı bilir ki, Ermənistan üçün bunu etmək çətindir. Əgər çərçivə sazişinin imzalanması üçün şərt Konstitusiyanın dəyişdirilməsidirsə, bu, bir çox səbəblərdən baş tutmayacaq”, – o deyib.
C.Uorlik hesab edir ki, Konstitusiyanın dəyişdirilməsi şərti sazişdə göstərilə bilər və qeyd olunar ki, bu, gələcəkdə baş verəcək.
“Ermənistan Konstitusiyasının dəyişdirilməsinin gələcəyə saxlanılması Azərbaycan üçün riskdir”
İsveçrədə yaşayan siyasi şərhçi Rauf Mirqədirov isə hesab edir ki, Azərbaycan Ermənistanın Konstitusiyasının dəyişdirilməsində israr etməlidir:
“Bu, əslində yeganə və vacib şərtdir. Qalan məsələlər müxtəlif vaxtlarda və müxtəlif variantlarda həll oluna bilər. Dövlətlərin ərazi bütövlüyünü şübhəyə salan bir müddəanın daxili qanunvericilikdə olmaması və dövlətlərin bir-birinin ərazi bütövlüyünü şərtsiz tanıması əsas baza tələbdir”.
O qeyd edib ki, bu cür məsələlər referendumda qoyulur və bu, erməni xalqının seçimi ola bilər. R.Mirqədirov hesab edir ki, əgər Ermənistan bu və ya digər vasitələrlə, yaxud tələblər irəli sürməklə məlum maddələri Konstitusiyadan çıxarmazsa, o halda Azərbaycanın növbəti addımları yalnız sülh sazişi bağlanmadan digər məsələlərin həlli olmalıdır.
“Bu mənada hətta diplomatik münasibətləri də bərpa etmək olar, iki dövlət üçün maraqlı olan bir sıra sahələrdə əməkdaşlıq da mümkündür, məsələn, kommunikasiyaların açılışı…”, – o deyib.
Bununla bərabər R.Mirqədirov vurğulayıb ki, Uorlikin dediyi kimi, Konstitusiyanın dəyişdirilməsi Azərbaycanla Ermənistan arasında sazişdə gələcəkdə nəzərdə tutulan məsələ kimi qeyd olunsa, bu, Azərbaycan üçün riskdir.
Onun sözlərinə görə, belə bir saziş imzalamaq yalnız o halda mümkün ola bilər ki, sənədin Ermənistanın qanunvericiliyinə müvafiq dəyişiklik etdikdən sonra qüvvəyə mindiyi göstərilsin:
“Digər hallarda, bu, böyük riskdir. Bəli, referendumun keçirilməsi qanunvericiliklə vaxt ala bilər, ona görə sülh sazişində sadə bir müddəa göstərilə bilər ki, saziş yalnız o halda qüvvəyə minir ki, bu və ya digər formada qanuniləşdirməklə Konstitusiyaya dəyişikliklər edilsin. Yəni Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan müddəalar Konstitusiyadan çıxarılmalıdır”.
“Ermənilər Konstitusiyaya dəyişikliklə bağlı öhdəlik götürüb, bir müddət sonra onu təhrif edib başqa formada yoza bilərlər”
Politoloq Fərhad Məmmədov isə qeyd edib ki, Azərbaycanın məlum tələbi uzunmüddətli sülh üçün edilən tələbdir, yəni Ermənistanda hakimiyyətdə kimin olmasından asılı olmayaraq Azərbaycana qarşı ərazi iddiası bir daha səslənməsin və qanunvericilikdə də olmasın:
“Qərbdə bu fikir daha çox səslənir ki, rəsmi Bakı bu tələbi çox səsləndirməməlidir, çünki Paşinyanın hakimiyyətinə təhlükə yaratdığından qeyri-mümkündür, amma Yerevan bu öhdəliyi üzərinə götürə bilər. Lakin biz onun şahidi oluruq ki, indiyə qədər Ermənistanla Azərbaycan arasında hər hansı məsələdə uzlaşma birincinin öz xoşu ilə baş verməyib”.
O xatırladıb ki, 2020-ci ildən bugünə qədər baş verənlər bir daha sübut edir, Ermənistan bütün variantları istifadə edib, sonra başqa seçimi qalmadığından Azərbaycanın dediklərini həyata keçirib.
F.Məmmədov Ermənistana hər hansı bir etibarın olmadığını deyib:
“İyunun 26-da Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın “Rusiya Qarabağı Azərbaycana verib və gedib” bəyanatı onu göstərir ki, Yerevan lazım olanda ən yaxın tarixi təhrif edir, saxtalaşdırır. Bu da onların götürdükləri öhdəliklərə necə yanaşmasını nümayiş etdirir. Yəni bü gün sülh sazişi üçün hansısa öhdəliyi, – bu halda Konstitusiyaya dəyişikliklə bağlı öhdəlik götürüb bir müddət sonra onu təhrif edib başqa formada yoza bilərlər”.
Politoloqun fikrincə, sülh sazişində belə müddəa qoyula bilər ki, Konstitusiyaya dəyişiklik bir problem kimi qeyd olunsun və rəsmi Yerevan tərəfindən etiraf edilsin.
“Daha sonra sazişin qüvvəyə minməsi Ermənistanda Konstitusiyanı dəyişdirməklə şərtləndirilsin. Biz belə mexanizmlərlə irəliyə gedə bilərik. Hazırda sazişi imzalamaq üçün yaxşı tarixi dövrdür. Hamının başı qarışıb daxili məsələlərinə, yəni sənədin imzalanması Ermənistan rəhbərliyinin konstruktivliyindən asılı olacaq”, – F.Məmmədov deyib.