close

Ermənistan parlamenti Qarabağla bağlı layihəni gündəliyə salmaqdan imtina edib

Ermənistan parlamenti. Foto: Ruslan Harutyunov/shutterstock

Alen Simonyan: “Əgər bu qanun qəbul olunarsa, Rusiya Prezidentinə qarşı cinayət işi başlanılmalıdır”

Dekabrın 5-də Ermənistan parlamentinin Dövlət və Hüquq Komissiyası “Ayakve” vətəndaş təşəbbüsünün Cinayət Məcəlləsinə təklif etdiyi dəyişikliklərə mənfi rəy verib.

Komissiya “Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınmasına görə cinayət məsuliyyətinin tətbiq edilməsi haqqında” qanun layihəsini parlamentin plenar iclasının gündəliyinə salınmasından imtina edib.

Erməni mediasının yazdığına görə, layihəni parlamentin müvafiq komissiyasına Paşinyan hakimiyyətinə müxalif “Hayastan” fraksiyasının katibi Artsvik Minasyan təqdim edib.

Bununla yanaşı, sözügedən komissiya Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınmasına qoyulan qadağanı dəstəkləməyib.

Komissiyanın üç üzvü (müxalifət nümayəndələri) qanun layihəsinin qəbulunun lehinə, yeddisi isə (hakim “Mülki müqavilə” fraksiyasından olan parlamentarilər) əleyhinə səs verib.

Müxalifətin koordinatoru Avetik Çalabyan jurnalistlərə deyib ki, 2021-ci ildə hakim “Mülki Müqavilə” seçicilərə “Artsax”ın (Qarabağ) öz müqəddəratını təyinetmə hüququna nail olmasına, həmçinin əhalinin təhlükəsizliyinin təminatçısı rolunda çıxış edəcəyinə söz verib:

Avetik Çalabyan. Foto: “panorama.am”

Əgər hakim partiya təklif olunan qanun layihəsini dəstəkləməkdən imtina edərsə, o zaman, əslində, öz hökumətinin proqramına qarşı çıxacaq. Bu o deməkdir ki, partiya hökumətin fəaliyyətini qanunsuz hesab edir. Bu Nazirlər Kabineti qeyri-legitim olur, ona görə də bizim vəzifəmiz öz seçicilərini aldadan və hansısa yolla hakimiyyəti qəsb edən bu hökumətdən qurtulmaqdır” .

Spiker Alen Simonyan isə layihəni qəbul etməməklə müxalifəti xilas etdiklərini deyib:

Biz sizə kömək edirik, çünki siz indi öz təşəbbüsünüzün girovusunuz. Sizə bir sual vermək istəyirəm: bu layihə qəbul olunsaydı, biz Rusiya Prezidentini “Artsax”ı Azərbaycanın bir hissəsi kimi tanıdığına görə qınayardıqmı?”, – deyə Simonyan qeyd edib.

Foto: “galatv.am”

Ermənistan blokunun katibliyi bəyan edir ki, əgər bu qanun qəbul olunarsa, Rusiya Prezidentinə qarşı cinayət işi başlanılmalıdır. Siz bunu qeyd edə bilərsinizmi?” – spiker fraksiya üzvlərini sorğulayıb.

Noyabrın 29-da Ermənistan parlamentinin spikeri Alen Simonyan bəyan edib ki, Yerevan üçün Qarabağ problemi mövcud deyil.

O, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını qeyd edib.

Spiker bildirib ki, hazırda Ermənistan üçün əsas məsələ Azərbaycanla sülh müqaviləsinin imzalanmasıdır.

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında 44 günlük İkinci Qarabağ müharibəsi baş verib.

Azərbaycan Qarabağın bir hissəsinə və ətraf  7 rayona nəzarəti bərpa edib.

2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirib.

Sentyabrın 28-də separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb.

O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.

Oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndi şəhərinə səfər edib.

Prezident Xankəndidə Azərbaycan bayrağını qaldırıb və çıxış edib.

Çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.

Ana səhifəSiyasətErmənistan parlamenti Qarabağla bağlı layihəni gündəliyə salmaqdan imtina edib