close

Ermənistan sentyabr hadisələrindəki itkilərini açıqlayıb

Qor Abramyan. Mənbə: “factor.am”

Qor Abramyan: “224 nəfərin hamısının şəxsiyyəti müəyyən edilib”

“2022-ci ilin sentyabrın 13-14-də Ermənistan-Azərbaycan sərhədində baş verən hərbi toqquşmada erməni tərəfinin itkiləri 224 nəfər olub”.

Bu fikri Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Qor Abramyan “Azadlıq Radiosu”nun erməni bürosunda səsləndirib.

Onun sözlərinə görə, indiyədək ölən 224 nəfərin hamısının şəxsiyyəti müəyyən edilib.

“Hər bir mərhumun ölüm şəraitini aydınlaşdırmaq və qiymət vermək üçün çoxtərəfli araşdırma aparılır”, – Qor Abramyan əlavə edib.

Sentyabrın 12-də Azərbaycan-Ermənistan sərhədində silahlı toqquşma baş verib və nəticədə hər iki tərəf itkiyə məruz qalıb.

Azərbaycan Müdafiə Nazirliyinin yaydığı rəsmi açıqlamada bildirilir ki, Ermənistan silahlı qüvvələri Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı hücuma keçib.

Ermənistan Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Aram Torosyan isə bildirib ki, Azərbaycan Ermənistanın Qoris, Sotk və Cermuk (Gorus, Zod və İstisu) rayonları istiqamətində intensiv atəş açıb, döyüşə artilleriya və PUA-lar cəlb olunub.

Azərbaycan Müdafiə Nazirliyi 79, Ermənistan isə 200-dən artıq hərbçisini itirdiyini açıqlayıb.

Ana səhifəSiyasətErmənistan sentyabr hadisələrindəki itkilərini açıqlayıb