close

Eynulla Fətullayev Elçin Sadıqovdan Vəkillər Kollegiyasına şikayət edib

Foto: Vəkillər Kollegiyası

Vəkil: “Gördülər ki, cinayət işi alınmır, bu müstəvidə təzyiqə başladılar”

“Haqqın.az” saytının baş redaktoru Eynulla Fətullayev vəkil Elçin Sadıqovdan Vəkillər Kollegiyasına şikayət edib.

Bu barədə vəkil özü Meydan TV-yə danışıb.

E.Sadıqov iyunun 24-də Vəkillər Kollegiyasının İntizam Komissiyasının iclasına dəvət aldğını bildirib.

O deyir ki, bu, ona qarşı təzyiqdir və siyasi repressiyanın davamıdır:

Gördülər ki, cinayət işi alınmır, bu müstəvidə təzyiqə başlanıldı”.

Elçin Sadıqovun hesab edir ki, Eynulla Fətullayevin şikayəti icraata götürülə bilməz:

Çünki onun şikayət etdiyi məsələylə bağlı mənim vəkil münasibətim olmayıb, vəkil müştəri münasibətində olmamışıq. İkincisi, indiyə qədər mənə qarşı haqsızlıq olsa da, kollegiya reaksiya verməyib, müdafiə etməyib. Halbuki kollegiyanın rəhbərliyinə dəfələrlə müraciət etmişəm. Hətta əməlimdə cinayət tərkibi olmadığı halda barəmdə saxta cinayət işi qalır. Kollegiya isə Baş Prokurorluğa bir dəfə də etiraz etməyib. Yəni “niyə vəkilin müstəqilliyinə müdaxilə olunur” sualını müvafiq orqana ünvanlamayıb. Həm də eyni məsələ ilə bağlı Baş Prokurorluqda təqib gedirsə, kollegiyanın intizam işi başlamaq səlahiyyəti yoxdur”.

Elçin Sadıqov və Eynulla Fətullayev. Foto: arxiv

Vəkil intizam icraatına xitam veriləcəyinə ümid edir:

“Amma sifarişin haradan və necə gəldiyini bilmirəm”.

Meydan TV Vəkillər Kollegiyasının sədri Anar Bağırovla əlaqə saxlamağa cəhd etsə də, o, zənglərə cavab verməyib.

2022-ci ilin sentyabrın 10-da Əvəz Zeynallı ilə yanaşı, vəkil Elçin Sadıqov da eyni cinayət işi üzrə həbs olunub.

O, Rasim Məmmədovun vəkili idi. Elçin Sadıqov rüşvətə vasitəçilikdə ittiham olunur.

Elçin Sadıqov sentyabrın 17-də Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə ev dustaqlığına buraxılıb.

Elçin Sadıqov da özünü təqsirli bilmir, həbsini peşə fəaliyyətilə əlaqələndirir.

Onun sözlərinə görə, həbsinin əsl səbəbi ictimai-siyasi fəalların hüquqlarını müdafiə etməsidir.

Əvəz Zeynallıya Cinayət Məcəlləsinin 178.2.1 (bir qrup şəxs tərəfindən dələduzluq), 311.3.2, 311.3.3, 311.3.4 (külli miqdarda, hədə-qorxu ilə, təkrar rüşvət alma), 32.4, 312.2 (rüşvət verməyə təhrik) və 312-1.1 (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə) maddələrilə ittiham irəli sürülüb.

Rüşvət ittihamıyla həbs edilən Ə.Zeynallı 2021-ci ilin yanvarından həbsdə olan Rasim Məmmədovun ailəsindən onun əleyhinə materiallar yaymamaq üçün 20 min manat pul almaqda ittiham olunur.

Cinayət işində rüşvət ittihamı üzrə başqa bir epizod isə “Azəryolservis” ASC rəhbərliyindən rüşvət alınması iddiasıyla bağlıdır. Lakin Əvəz Zeynallı bu ittihamları rədd edir, özünü təqsirli bilmir.

O, istintaqda ifadə verməkdən imtina edib.

Ana səhifəSiyasətEynulla Fətullayev Elçin Sadıqovdan Vəkillər Kollegiyasına şikayət edib