close

Əziz Orucovun ailə üzvlərinin bank hesabına həbs qoyulub

Əziz Orucov, foto: Meydan Tv

Vəkil bu qərarı qanunsuz və əsassız sayır, ondan şikayət verəcəklərini deyir

“Kanal 13” internet televiziyasının həbsdə olan rəhbəri Əziz Orucovun ailə üzvlərinin bank hesablarına həbs qoyulub. Bu barədə onun həyat yoldaşı Lamiyə Çerpanova məlumat verib. Onun sözlərinə görə, Əziz Orucovun həm həyat yoldaşının bank hesabı, həm də anasının pensiya kartı bloklanıb.

Lamiyə Çerpanova deyir ki, bloklanmadan dekabrın 20-də xəbər tutublar:

Bu gün öyrəndim ki, mənim bank hesabım bloklanıb. “Kapital bank”dan bloklanmanın səbəbini soruşdum. Amma izah edə bilmədilər. Sonra Əziz Orucovun anası Almaz xanımın pensiyasını çıxarmaq istədim. Məlum oldu ki, pensiya kartına da blok qoyulub. Biz o pulla sabah Əzizin yanına getmək üçün bazarlıq edəcəkdik. Həm də Almaz xanımın özünün dərmanları alınmalıydı. Amma heç nə edə bilmədim. Mən indi iki körpə qızlarımı, xəstə anamızı necə saxlayım? Əzizin xərclərini necə qarşılayim?”.

Meydan TV-nin əldə etdiyi məlumata görə, Əziz Orucovun işi üzrə istintaqı aparan Səbail Rayon Polis İdarəsindən verilən vəsatət əsasında məhkəmə bank hesablarının, o cümlədən pensiya kartının bloklanması barədə qərar çıxarıb.

Əziz Orucovun vəkili Bəhruz Bayramov bu qərarı qanunsuz və əsassız sayır, ondan şikayət verəcəklərini deyir:

Pensiya kartına gələn pulun mənbəyi məlumdur. Cinayət yoluyla əldə olunan vəsait deyil, cinayətin predmeti deyil. Onu bloklamağın heç bir əsası yoxdur. İkincisi, Almaz xanım yaşlı, xəstə adamdır. Onun qida, dərman ehtiyacları var. Onları kim ödəyəcək? Oğlu həbsdə, pensiyası da verilmir…”.

Əziz Orucov noyabrın 27-də saxlanılıb, ertəsi gün Səbail Rayon Məhkəməsində onun barəsində ilkin istintaq dövrü üçün 3 aylıq həbs qətimkan tədbiri seçilib. Onun evində və kanalın ofisində axtarış aparılıb.

“Kanal 13” rəhbərinə qarşı əvvəl Cinayət Məcəlləsinin 188.2 (Mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işləri aparma) maddəsilə ittiham irəli sürülüb. İttihamda göstərilib ki, o, Səbail rayonu ərazisində tikinti üçün dövlət orqanlarının icazəsi olmadan ev inşa etdirib.

Dekabrın 19-da Əziz Orucova Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsilə əlavə ittiham verilib.

Əziz Orucov isə bu ittihamların absurd olduğunu bildirib, həbsini rəhbərlik etdiyi kanalın fəaliyyətilə əlaqələndirib. O vurğulayıb ki, jurnalist fəaliyyətinə görə cəzalandırılıb.

Son bir ay ərzində Azərbaycanda çoxsaylı jurnalistlər həbs olunub. Onların arasında korrupsiya araşdırmalarıyla tanınan “AbzasMedia” nəşrinin direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı, saytın layihə rəhbəri Məhəmməd Kekalov, araşdırmaçı jurnalist Hafiz Babalı, jurnalist Nərgiz Absalamova, bir sıra internet televiziyalarının əməkdaşı olan reportyor Teymur Kərimov, “Kanal 13”ün aparıcısı Rüfət Muradlı da var.

Adları çəkilən jurnalistlərin ailə üzvlərinin də bank hesablarına həbs qoyulub. Ülvi Həsənli və Sevinc Vaqifqızının analarının da pensiya kartı bloklanıb.

Ana səhifəSiyasətƏziz Orucovun ailə üzvlərinin bank hesabına həbs qoyulub