close

Fazil Mustafaya qarşı sui-qəsddə ittiham olunanlar: “Bunu edənlər cəzalanmalıdır ki, başqalarına da dərs olsun”

Foto: Meydan TV

 “Mənim dinimi təhqir eləyənin əllərini kəsərəm”

Milli Məclisin deputatı Fazil Mustafaya qarşı sui-qəsddə ittiham olunan 5 nəfərin – Azər Səricanov, Səbuhi Şirinov, Emin Əliyarov, Rəşad Əhmədov və Elşad Əsgərovun məhkəməsi davam edir. Bakı Ağır Cinayətlər Məhkəməsinə bu iş üzrə keçirilən məhkəmə prosesində hələ ki, təqsirləndirilən şəxslər dindirilir.

Zərərçəkmiş qismində tanınan Fazil Mustafa bundan əvvəlki məhkəmə iclaslarının heç birinə gəlməyib. Təqsirləndirilən şəxslər isə onun məhkəmədə iştirakını tələb edirlər.

Budəfəki məhkəmə iclasında elan olunub ki, deputatı məhkəmədə nümayəndəsi və vəkili Əjdər Əhmədov təmsil edəcək.

Cinayət işində sui-qəsdin əsas təşkilatçısı kimi təqdim olunan təqsirləndirilən Azər Səricanov ötən məhkəmə iclasında sərbəst ifadə versə də, bu dəfə məhkəmədə tərəflərin ona verdiyi sualları cavablandırıb.

O, sərbəst ifadəsində bildirmişdi ki, Fazil Mustafa dini inancını təhqir etdiyinə görə onu cəzalandırmaq qərarına gəlib.

Bu səbəbdən də Azər Səricanovdan soruşulub ki, niyə Fazil Mustafanı sivil yolla başa salmayıb, ona qarşı sui-qəsdə əl atıb? O isə cavabında bildirib ki, deputat sosial şəbəkələrdəki çıxışlarında milli-mənəvi dəyərləri tapdalayırdı. Bu səbəbdən hələ bir neçə il əvvəl onu cəzalandırmaq qərarına gəlib. Onun sözlərinə görə, bununla başqalarına da dərs vermək istəyirdi:

“Milli-mənəvi dəyərləri tapdalamaq olmaz. Bunu eləyənlər cəzalanmalıdır ki, başqalarına da dərs olsun”.

Azər Səricanov bildirib ki, Mirşahin Ağayev də insanları təhqir edir.

Fazil Mustafanın konkret hansı fikirlərinin onun hisslərinə toxunduğu barədə suala cavab verən təqsirləndirilən şəxs bildirib ki, o, “Youtube”dakı çıxışlarında İmam Hüseyni təhqir edib:

“Deyir ki, “Aşura günü toy eləmək olar”, “Aşura günü ulaşmaq olmaz”. Mən bunları qəbul eləyə bilmərəm. Mənim dinimi təhqir eləyənin əllərini kəsərəm”.

Deputatın nümayəndəsi isə deyib ki, Fazil Mustafanın bu cür fikirlər səsləndirməsi barədə heç bir sübut yoxdur.

Cinayət işinə əsasən, Azər Səricanovgildə 3 odlu silah olub. Fazil Mustafanın nümayəndəsi ondan bunun da səbəbini soruşub:

“Bir nəfəri cəzalandırmaq üçün 3 odlu silahı neynirdiniz?”.

Təqsirləndirilən şəxs ona belə cavab verib: “Bunun nə dəxli var? Kişinin belində tapança olar…”.

O, sualları cavablandırarkən əlavə edib ki, Fazil Mustafanı “nurçu” kimi tanıyırdı.
Azər Səricanov əməlindən peşman olmadığını da vurğulayıb.

Ondan sonra təqsirləndirilən şəxslərdən Rəşad Əhmədovun dindirməsi başlayıb.

Rəşad Əhmədov siyasi xadimin həyatına sui-qəsd, dövlətə xəyanət ittihamlarıyla yanaşı, həm də narkotiklə təqsirləndirilir. Lakin o, özünü yalnız qanunsuz silah saxlamaqda təqsirli bilir. Məhkəmədə ifadəsində bildirib ki, tutulandan sonra “Bandotdel”ə aparılıb, orada onun üzərinə əvvəlcə narkotik ittihamı qoyulub. Bu ittihamı boynuna götürmək üçün işgəncələrə məruz qalıb. Onun sözlərinə görə, əvvəlcə 4 gün “Bandotdel”də saxlanılıb, sonra Bakı İstintaq Təcridxanasına göndərilib. Lakin bir neçə gün sonra yenidən “Bandotdel”ə qaytarılıb. Bu dəfə isə Fazil Mustafaya qarşı sui-qəsd işi ilə əlaqədar, o cümlədən İrandan pul gətirib Azər Səricanova verməsi barədə ifadələr almaq üçün ona işgəncə verilib.

Rəşad Əhmədov bildirib ki, Fazil Mustafaya qarşı sui-qəsd baş verəndə ondan xəbəri olmayıb. Lakin hadisədən sonra İstanbula gedib. Oradan da İrana keçib. İranda 10 gün qaldıqdan sonra isə Azərbaycana qayıdıb. O, qayıdandan bir neçə gün sonra həbs edilib:

“Mən buradakılardan ancaq Azər Səricanovu tanıyıram. O biriləri görməmişəm. Azər Səricanovla biznes əlaqəmiz olub. O, mənə silah vermişdi. Tapşırmışdı ki, saxlayım, lazım olanda gəlib götürəcək. Amma Azərin həbsindən sonra gözüm qorxdu. Əvvəl İstanbula, oradan da Tehrana getdim. 10 gün orada qaldım, geri qayıtdım”.

Onun ibtidai istintaq vaxtı verdiyi ifadə də məhkəmədə elan olunub. Orada deyib ki, uşaqlıq dostu olan Valeh İsmayılov uzun illər əvvəl Suriyaya gedib, orada müharibədə iştirak edib. Müharibədən sonra isə İrana köçüb, həmin vaxtdan orada yaşayıb:

“Valehlə sosial şəbəkələrdə danışırdıq. Bir dəfə Qumda Valehlə görüşümüz oldu”.

İfadəyə əsasən, həmin görüşdə Rəşad Əhmədov Azər Səricanovun deputatı öldürmək planı barədə uşaqlıq dostuna danışıb. Valeh İsmayılov da bu işi dəstəkləyib. Fazil Mustafaya qarşı sui-qəsdi həyata keçirə bilmək üçün 30 min dollar pul verib:

“Pulu alanda Valeh şərt qoymuşdu ki, iş alınmasa, pul qaytarılmalıdır. Tutulmasaydım, İrana qayıdıb yaşayacaqdım”.

İfadədə o da qeyd olunub ki, uşaqlıq dostu Rəşad Əhmədova Azərbaycandakı strateji obyektlərin fotolarını çəkib ona göndərməyi tapşırıb. O da müəyyən obyektlərin fotolarını çəkib göndərib.

Rəşad Əhmədov məhkəmədə elan olunan ifadəni təsdiqləməyib. O bildirib ki, bu ifadə təzyiq altında alınıb. Müttəhim strateji obyektlərin fotolarını Valeh İsmayılova göndərməsi barədə ittihamı da təkzib edib:

“Mən hərbi pilot olmaq istəyirdim. Buna görə telefonuma proqramlar yükləmişdim. O proqramlarla strateji obyektlərə baxırdım. O proqramı Valehə də demişdim. O da baxa bilirdi”.

Məhkəmə prosesi martın 1-də davam edəcək.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 214-1 (terroru maliyyələşdirmə), 228 (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama, gəzdirmə), 274 (dövlətə xəyanət), 277 (dövlət xadimi, ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq, fəaliyyətinə görə qisas almaq məqsədilə həyatına sui-qəsd etmək) maddələrilə ittiham irəli sürülüb.

Fazil Mustafaya qarşı silahlı hücum martın 28-də saat 21:51-də onun yaşadığı evin qarşısında – Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Babək küçəsi ev 2 “Z” ünvanında baş verib. Ona “Kalaşnikov” konstruksiyalı avtomat silahdan atəş açıldığı bildirilir.

Ana səhifəSiyasətFazil Mustafaya qarşı sui-qəsddə ittiham olunanlar: “Bunu edənlər cəzalanmalıdır ki, başqalarına da dərs olsun”