close

FHN polkovniki intim görüntülərə görə məhkum edildi, təzminat da ödəməlidir

Foto: Meydan TV

Zaur Mirzəyevin məhkəməsi yekunlaşdı

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti rəisinin keçmiş köməkçisi, nazirlikdəki iş otağında tabeliyində olan xanım əməkdaşlarla intim hərəkətlərini videoya çəkməkdə ittiham olunan polkovnikin məhkəməsi yekunlaşıb.

Mayın 24-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Məhəmməd Əkbərovun sədrliyilə çıxarılan hökmə əsasən, Zaur Mirzəyev 3 il 6 ay azadlıqdan məhrum edilib. Ona qarşı zərərçəkmiş qismində tanınan qadınların qaldırdığı 192 min manatlıq mülki iddia qismən təmin olunub. Məhkəmə Zaur Mirzəyevin üzərinə zərərçəkmişə 4 min manat təzminat ödəmək öhdəliyi qoyub.

1979-cu il təvəllüdlü Zaur Mirzəyev məhkəmədə ifadə verərkən özünü qismən təqsirli bildiyini deyib. O bildirib ki, görüntüləri özü gizli şəkildə çəksə də, yaymayıb. Onun sözlərinə görə, çəkməkdə məqsədi də gələcəkdə həmin qadınlar tərəfindən şantaj olunacağı halda, bunun qarşısını almaq idi.

Gizli şəkildə görüntüsü çəkilmiş iki qadınla yanaşı, FHN də cinayət işi üzrə zərərçəkmiş qismində tanınıb. İddia olunur ki, Zaur Mirzəyevin hərəkəti nəticəsində nazirliyin işgüzar nüfuzuna zərbə vurulub.

Polkovnik Zaur Mirzəyev 2022-ci il avqustun 17-dən həbsdədir. Ona qarşı Cinayət Məcəlləsinin 156.2.1 (şəxsi həyatın toxunulmazlığını pozma), 242 (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) və 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham irəli sürülüb.

İddia olunur ki, Zaur Mirzəyev iş otağındakı kompüterinə xüsusi proqram vasitəsilə video və foto çəkiliş həyata keçirmək üçün gizli kamera quraşdırıb.

Xidməti və sair asılılıqlarından yararlanaraq, qadınlarla 2013-cü ildən 2019-cu ilin sonlarına qədər iş otağında cinsi əlaqə və digər formalarda intim münasibətdə olarkən video və foto çəkilişlər aparıb. Hazırlanmış qanunsuz pornoqrafik materialların 2022-ci ilin avqust ayında internetdə yayılmasına səbəb olub”, – ittihamda belə yazılıb.

Zaur Mirzəyev isə xidməti asılılıqdan istifadə etmədiyini, heç kimi heç nəyə məcbur etmədiyini bildirib.

Zərərçəkmiş qismində tanınan qadınlar məhkəmədə ondan şikayətçi olduqlarını bildiriblər.

Ana səhifəSosialFHN polkovniki intim görüntülərə görə məhkum edildi, təzminat da ödəməlidir