close

Fikrət Məmmədovla Mübariz Qurbanlı vəzifələri ilə vidalaşdılar

Sərəncam. Foto: arxiv

Hər iki qurum rəhbərini müvəqqəti müavinləri əvəzləyəcək

Ədliyyə naziri Fikrət Məmmədov vəzifəsindən azad edilib.

Bu barədə Prezident İlham Əliyev fevralın 16-da sərəncam imzalayıb.

Bildirilib ki, Ədliyyə naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası nazirin müavini Azər Cəfərova həvalə edilsin.

24 ildir Ədliyyə naziri olan Fikrət Məmmədov 1955-ci ildə Bakıda doğulub.
I dərəcəli dövlət ədliyyə müşaviri olan Fikrət Məmmədov 2005-ci ildən Məhkəmə-Hüquq Şurasının sədridir.

Azər Cəfərov 2012-ci ilin iyul ayında Ədliyyə nazirinin müavini təyin edilib.

II dərəcəli dövlət ədliyyə müşaviri olan Azər Cəfərov 2004-cü ildə Ədliyyə Nazirliyinin Təşkilat-nəzarət Baş İdarəsinin rəisi və nazirliyin Kollegiyasının üzvü olub.

Ölkə başçısının digər sərəncamı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı da vəzifəsindən azad edilib.

Yeni komitə sədri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası komitə sədrinin birinci müavini Səyyad Salahlıya həvalə edilib.

M.Qurbanlı 2014-cü ildən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədriydi. O, elə həmin il “Şöhrət” ordeni ilə təltif edilib.

1993-cü ilə qədər AMİP üzvü olan M.Qurbanlı sonradan hakim partiyanın İdarə Heyətinə seçilib. M.Qurbanlı 1995–2010-cu illərdə Milli Məclisin üzvü olub.

1952-ci ildə anadan olan Səyyad Salahlı Yeni Azərbaycan Partiyasının qurucularından biridir. O, I dərəcəli fövqəladə və səlahiyyətli elçidir. Həmçinin, 1995-2005-ci illərdə deputat olub.

2012-ci ildən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavinidir.

Ana səhifəSiyasətFikrət Məmmədovla Mübariz Qurbanlı vəzifələri ilə vidalaşdılar