close

Fransa Azərbaycanı Qarabağ ermənilərinin “deportasiyası”nda suçlayır

Fransa-Azərbaycan. Mənbə: vladm/shutterstock

Ermənilərin Qarabağa qaytarılması üçün BMT-yə qətnamə təşəbbüsü ilə müraciət edilib

 Fransa erməni əhalinin Qarabağa qayıtmasına şərait yaradılması üçün BMT Təhlükəsizlik Şurasına qətnamə qəbulu və müzakirə üçün müraciət edib. Məlumatı Fransa xarici işlər naziri Katrin Kolonna Senatda çıxışı zamanı verib.

Onun sözlərinə görə, Qarabağ erməniləri tarixi və mədəni haqları da daxil, hüquqlarının müdafiəsinə güclü qarantiya almalıdırlar:

Vəziyyəti hansı formada təsvir etməyə çalışmalarından asılı olmayaraq, Azərbaycan 100 mindən çox Dağlıq Qarabağ ermənisinin deportasiyasını planlaşdırıb və təşkil edib”.

Nazir hazırki vəziyyəti cavabsız qala bilməyəcək fövqəladə, ağır cinayət hesab edib:

“Əminik ki, Ermənistan və Azərbaycan arasında problemlər yalnız danışıqlar prosesi, ədalətli və möhkəm sülh yolu ilə həll olunmalıdır. Məhz buna görə də Fransa Avropa İttifaqının səylərini dəstəkləyir, Ermənistanın beynəlxalq hüquq, suverenlik və ərazi bütövlüyü məsələsində heç bir güzəştə gedilməməsini tələb edir”.

Nazir Fransanın Ermənistanı dəstəkləməkdə davam etməli olduğunu bildirib. Deyib ki, Azərbaycana gücdən istifadəyə izin verilməməlidir.

“Cənubi Qafqazda bütün sakinlərin xeyrinə qarantiyalı sülhün başqa alternativi yoxdur”.

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) daha öncə bu barədə açıqlamasında bildirib ki, Paris “ermənilərin Qarabağdan könüllü çıxışının Azərbaycan tərəfindən təşkil edildiyini iddia etməklə beynəlxalq təşkilatların və hətta Ermənistan baş nazirinin sentyabrın 21-də verdiyi bəyanatlara rəğmən öz məkrli siyasətini davam etdirmək marağında olduğunu göstərir”.

XİN qeyd edirdi ki, Azərbaycanla hədə və təzyiq dilində danışılması heç bir nəticə verməyəcək:

Belə destruktiv hərəkətlər dərhal dayandırılmalıdır. Paris erməniyönlü və qərəzli mövqe tutur”.

Oktyabrın 3-də Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupun fəaliyyətinin dayandırıldığı bildirilib. Ondan öncə isə Fransa Milli Assambleyasında Fransa-Azərbaycan Dostluq Qrupu fəaliyyətini dayandırdığını açıqlamışdı.

Sentyabrın 18-dən Qarabağdan ölüm xəbərləri gəlməyə başlayıb. Tank əleyhinə minaya düşən iki böyük yük avtomobilinin içində 14 nəfər həyatını itirib. Bunlardan yeddisi polis, qalanı mülki şəxs olub. Azərbaycan həmin minaların erməni diversiya qrupları tərəfindən yeni basdırıldığını açıqlayıb. Sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyata başlayıb. Tələbi erməni silahlı qüvvələrinin regiondan çıxarılması olub.

Sentyabrın 28-də isə separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb.

Tanınmamış respublikanın 2024-cü il yanvarın 1-də ləğv olunacağını bəyan edib. Bunu sentyabrın 19-da yaranmış vəziyyətlə əlaqələndirib. Hərbi əməliyyatlar zamanı hər iki tərəfdən yüzlərlə insan həlak olub. Daha sonra Qarabağdan etnik ermənilərin köçü başlayıb. Azərbaycan tərəf daim açıqlamalarında Qarabağın erməni əhalisinin bölgəni tərk etməməsini, reinteqrasiya prosesini qəbul edib, evlərində yaşaya biləcəyini açıqlayıb. Ermənistan tərəf Azərbaycanı Dağlıq Qarabağı erməni əhalidən təmizləmək üçün “etnik təmizləmə” kampaniyası aparmaqda ittiham edib.

Ana səhifəSiyasətFransa Azərbaycanı Qarabağ ermənilərinin “deportasiyası”nda suçlayır