close

Gədəbəy sakini: “Qardaşımın böyrəklərinin üstünə o qədər vurublar, aşağı əyilə bilmir”

Foto: Zaur Qəmbərovun şəxsi arxivindən

Elməddin Qəmbərov: “Sonra əlləri və ayaqları qandallanmış vəziyyətdə aparıb buz kimi otağa – “kars”a atıblar”

Gəncədəki 2 saylı istintaq təcridxanasında jurnalist Zaur Qəmbərovun işgəncəyə məruz qaldığı bildirilir. Bu barədə Meydan TV-yə onun qardaşı – Gədəbəy rayonunun Arıqıran kənd sakini Elməddin Qəmbərov danışıb. Onun sözlərinə görə, işgəncə nəticəsində qardaşının vəziyyəti o qədər ağırlaşıb ki, onu Bakıya – Penitensiar Xidmətin Müalicə Müəssisəsinə göndərmək məcburiyyətində qalıblar.

“Qardaşım etiraz olaraq, özünə xəsarət yetirib”

Elməddin Qəmbərov deyir ki, qardaşını fevralın 17-də Gəncədən Bakıya göndəriblər. Bir həftə Müalicə Müəssisəsində qalandan sonra fevralın 24-də Gəncəyə – istintaq təcridxanasına geri qaytarıblar:

“Dünən (fevralın 26-da) gedib onunla görüşdüm. Hadisədən 10 günə yaxın vaxt keçsə də, hələ xəsarət izləri var. Zaur deyir ki, bədənimə, böyrəklərimin üstünə təpiklə o qədər vurublar ki, hələ də aşağı əyilə bilmirəm. İnsanın əllərini qandallarıb, yerə yıxıb təpikləmək hara sığar? Əvvəl təcridxana rəisinin otağının qarşısında döyüblər. Orada kamera da var. Rəis müavini Şahin Əhmədov da döyənlər arasında olub. Sonra rəisin otağına salıblar. Rejim rəisi var, Mirzə Məmmədov, otaqda alnına təpiklə vuranda rəis qışqırıb. Sonra aparıb buz kimi otağa – “kars”a atıblar – əlləri və ayaqları qandallanmış vəziyyətdə. Bir sutka o vəziyyətdə saxlayıblar. Qardaşım da baş verənlərə etiraz olaraq, özünə xəsarət yetirib. Bundan sonra Müalicə Müəssisəsinə köçürüblər”.

“Pul verməyəndə ya bərbad kameraya salırlar, ya da…”

Zaur Qəmbərov yaxınlarına deyib ki, ona verilən işgəncələrin səbəbi rüşvət tələb olunmasıdır. O bildirib ki, 2 saylı istintaq təcridxanasında normal şəraiti olan kameralarda qalmağa görə orada saxlanılan şəxslərdən böyük məbləğlərdə rüşvət tələb olunur. Onun sözlərinə görə, bəzən bu məbləğin qiyməti 3 min manata qədər qalxır.

“Bu pulu verməyənləri ya bərbad kameraya salırlar, ya da yerini tez-tez dəyişirlər. Zaur deyir ki, buna etiraz elədiyinə görə onu elə vəziyyətə salıblar”.

“Gəlib görüşüblər, amma ekspertizadan keçirməyiblər”

Ailə üzvləri Zaur Qəmbərovun təcridxanada döyülməsi, təhqir olunmasıyla əlaqədar Penitensiar Xidmətin rəhbərliyinə, Ombudsman Aparatına, Baş Prokurorluğa şikayət edib. Qardaşı deyir ki, Müalicə Müəssisəsində saxlandığı dövrdə Penitensiar Xidmətin nümayəndələri gəlib, onunla görüşüblər:

“Penitensiar Xidmətin “Qaynar Xətt”inə şikayət eləmişdik. Gəlib, şifahi danışıblar onunla. Zaur da başına gətirilənləri deyib. Amma ekspertizadan keçirməyiblər. Halbuki, gerçəkdən araşdırma aparılırsa, mütləq ekspertizadan keçirilməliydi. Baş Prokurorluqdan cavab gəldi ki, Gəncə şəhər Prokurorluğuna ərizə verin. Onu da elədik. Ombudsman Aparatından xəbər yoxdur”.

Elməddin Qəmbərov əlavə edir ki, qardaşının istintaq təcridxanasında rüşvətə etirazı və ardınca baş verənlərdən sonra onun özünə qarşı da münasibət dəyişib. Onun sözlərinə görə, sonuncu dəfə qardaşının yanına gedəndə bir sıra süni maneələrlə qarşılaşıb.

Penitensiar Xidmətdən Zaur Qəmbərovun işgəncəyə məruz qalması, təhqir edilməsi barədə iddialara münasibət öyrənmək mümkün olmayıb.

“Müdafiə Xətti” insan haqları təşkilatından Meydan TV-yə bildirilib ki, Zaur Qəmbərovun ailəsinin müraciəti əsasında onlar da araşdırma aparırlar:

“Penitensiar Xidmət işgəncə barədə deyilənləri təkzib elədi. Amma Zaur Qəmbərovun Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülməsini təsdiqlədilər. Lakin köçürmənin xəsarətlərlə əlaqədar olmadığını bildirdilər”.

“Müdafiə Xətti” alternativ mənbələr vasitəsilə bu istiqamətdə araşdırmaları davam etdirir.

Zaur Qəmbərov xuliqanlıq ittihamıyla 2023-cü il avqustun 1-dən həbsdədir. İddia olunur ki, Gəncədə axşam saatlarında başqa bir maşın onun idarə etdiyi avtomobilə dəyib və qəza baş verib. Zaur Qəmbərov mübahisə zəminində digər avtomobilin sürücüsü və yanında olan şəxsi təhqir edib, onlara xəsarət yetirib.

Zaur Qəmbərov isə ittihamda yazılanların yalan olduğunu, jurnalist fəaliyyətinə görə sifarişlə həbs olunduğunu deyir. Onun sözlərinə görə, qəza da onu şərləyib həbs etdirmək üçün öncədən planlaşdırılmış təxribat olub.

Zaur Qəmbərovun ittiham olunduğu Cinayət Məcəlləsinin 221.3 maddəsində 2 ildən 5 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Onun işinə hazırda Gəncə Şəhər Məhkəməsində baxılır.

O, 2023-cü ilin noyabrında qanunsuz həbsinə etiraz olaraq, üstünə qaynar su töküb intihara cəhd etmişdi.

Ana səhifəBölgəGədəbəy sakini: “Qardaşımın böyrəklərinin üstünə o qədər vurublar, aşağı əyilə bilmir”