close

Gədəbəydə qazi intihara cəhd edib

Youtube Screenshot

“Heç kim şikayətimə baxmır”

Gədəbəy rayonunun Mormor kənd sakini, Nəbi Gədəbəyli kimi tanınan İkinci Qarabağ müharibəsi qazisi Nəbi Azad oğlu Məmmədovun özünü yandıraraq intihara cəhd etdiyi bildirilir.

Meydan TV Nəbi Məmmədovun özü ilə əlaqə saxlayıb. O, iyulun 13-də axşam saatlarında özünü yandırdığını təsdiqləyib. Bədəninin müxtəlif nahiyələrinin yandığını, lakin hələ də ona diqqət yetirilmədiyini deyir.

“Heç kim şikayətimə baxmır. Ağrıdan ölürəm, əgər bu ağrı azalmasa axşam özümü asacam”, – deyən qazinin sözlərinə görə, hazırda Gədəbəydədir, yaxınları onu xəstəxanaya aparır.

Nəbi Məmmədov deyib ki, intihar etmək istəməsinə səbəb işlə təmin olunmaması, dövlət orqanlarından gördüyü laqeydlikdir. Onun sözlərinə görə, dəfələrlə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısının qəbuluna gedib işləmək istədiyini deyib.

“İcra başçısı mənim şikayətlərimə məhəl qoymur. Ümumiyyətlə, belə yaşamaq nəyə gərəkdir? Mən bundan sonra kimə, nəyə lazımam? İki gündür mənimlə bir maraqlanan yoxdur”, – qazi Meydan TV-yə deyib.

İş günü olmadığından Gədəbəy Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamaq mümkün olmayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Meydan TV-yə deyib ki, polis artıq məlumatlıdır, Nəbi Məmmədovla əlaqə saxlanılıb, eyni zamanda Gədəbəy Rayon İcra Hakimiyyətinə vətəndaşın problemi ilə bağlı məlumat verilib.

Ana səhifəXəbərlərGədəbəydə qazi intihara cəhd edib