close

Gələn ilin dövlət büdcəsi təsdiqləndi

2024-cü il büdcəsi. Foto: Deemerwha studio/shutterstock

2024-cü ildə də büdcədə neftin bir bareli 60 dollar götürülüb

Dekabrın 5-də Milli Məclis “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsini üçüncü oxunuşda qəbul edib.

Beləliklə, gələn ilin dövlət büdcəsinin gəlirləri 34 milyard 173 milyon manat, xərcləri 36 milyard 763 milyon manat olacaq.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, işğaldan azad edilən bölgələrə “Böyük Qayıdış Proqramı”nın maliyyələşdirilməsi, ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin möhkəmləndirilməsi xərc istiqamətləri üzrə əsas prioritetlər kimi müəyyən edilib.

Bura “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın yerinə yetirilməsi də aiddir”.

2023-cü ilin isə dövlət büdcəsinin gəlirləri 33 milyard 890.5 milyon manat, xərcləri 36 milyard 624.8 milyon manat proqnozlaşdırılmışdı.

Milli Məclis, Foto: By Photographer RM/Shutterstock

Gələn ilin büdcəsində neftin bir bareli 60 dollar götürülüb. Yəni 2023-cü illə eyni.
Milli Məclisdə 2024-cü il üçün yaşayış minimumu haqqında qanun layihəsi də üçüncü oxunuşda təsdiqlənib.

Beləliklə, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilib.

Qanunvericiliyə görə, yaşayış minimumu minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən təşkil olunmuş sosial normadır. Həmin məbləğdən az gəliri olanlar yoxsul sayılırlar.

Ana səhifəİqtisadiyyatGələn ilin dövlət büdcəsi təsdiqləndi