close

Gəncədə fəaliyyət göstərən vəkil: “Mən onların dediyi ilə oturub-duran deyiləm, bunu bilirlər, ona görə…”

Zabil Qəhrəmanov. Foto: Meydan TV

Zabil Qəhrəmanov: “Adını da qoyurlar ki, guya mən müxalifətçiyəm, deməli, normal düşünən adamlara “müxalifətçi” deyirlər”

Gəncədə fəaliyyət göstərən, əsasən bu şəhərdə və ətraf bölgələrdə vətəndaşların hüquqlarının müdafiəsilə məşğul olan vəkil Zabil Qəhrəmanov peşə fəaliyyətini həyata keçirərkən ciddi problemlərlə üzləşdiyini deyir. Onun sözlərinə görə, saxlanılan şəxsin hüquqlarını müdafiə etmək üçün qanunla tələb olunan bütün sənədlər (vəkil vəsiqəsi, order və s.) əlində olduğu halda, müvəkkili ilə görüşə bilmir.

“Bu absurddur”

Zabil Qəhrəmanov Meydan TV-yə danışır ki, bu cür hallarla əsasən, polis orqanlarında qarşılaşır. O, saxlanılan şəxsin hüquqlarının müdafiəsi üçün yaxınlarıyla müqavilə bağlayıb, polis idarəsinə gedir, lakin müvəkkili ilə görüşməyə qoymurlar. Müdafiəçi deyir ki, əvəzində saxlanılan şəxsə dövlət hesabına vəkil təyin edirlər.

“Noyabrın 19-da da belə oldu. Murad Cəfərov adlı şəxsi heç bir əsas olmadan saxlayıblar. Yaxınları mənimlə müqavilə bağlayıb ki, ona vəkillik edim. Anasıyla birlikdə getmişik. Məni buraxmadılar. Rəis müavini deyib ki, müqavilə üzrə vəkili buraxmırıq, dövlət hesabına növbətçi vəkil olmalıdır. Bu adamlar hələ onu bilmirlər ki, şəxsin özünün və ya yaxınlarının istədiyi vəkili tutmağa imkanı olmayanda ona dövlət hesabına vəkil təyin edilir. Adamın özünün vəkilini buraxmayasan ki, “dövlət hesabına vəkil gələcək” – bu absurddur”, – Zabil Qəhrəmanov bildirib.

Söhbət Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Regional Şöbəsinim rəis müavinindən gedir.

Həmin gün Murad Cəfərova da dövlət hesabına Fuad Xəlilov adlı şəxsi vəkil təyin ediblər. Samix rayonundan olan bu vəkil bir çox hallarda dövlət hesabına müdafiəçi kimi işlərdə iştirak edir.

“Desinlər ki, “normal vəkili işləməyə qoymuruq” biz də işimizi bilək”

Zabil Qəhrəmanov deyir ki, bəzi hallarda, hətta müvəkkilini ondan imtina etməyə də məcbur edirlər. Tutulan şəxsin öz nəzarətlərində olmasından sui-istifadə edərək, ondan imtina ərizəsi alırlar. Səbəb isə onun prinsipial fəaliyyəti, yol verilən pozuntulara göz yummamasıdır:

“Çünki mən dediklərilə oturub-duran adam deyiləm, bunu bilirlər. Buna da deyiblər ki, “səni buraxırıq, ondan imtina elə”. Birinci dəfə deyil ki… Başqa işlərdə də dəfələrlə olub. Adını da qoyurlar ki, guya mən müxalifətçiyəm. Yəqin “yuxarılara” da belə deyirlər. Halbuki, mənim heç bir siyasi partiya mənsubiyyətim yoxdur. Belə çıxır ki, normal düşünən adamlara “müxalifətçi” deyirlər. Birdəfəlik desinlər ki, “normal vəkili işləməyə qoymuruq”, biz də işimizi bilək”.

Məhkəmədə də pozuntunu tanıyıb, polis haqqında xüsusi qərar çıxarıb

Zabil Qəhrəmanov xatırladıb ki, bir müddət əvvəl də məhz eyni qurumda Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Regional Şöbəsində bənzər halla qarşılaşıb. O zaman hüquqlarını müdafiə etməli olduğu Azad Kazımov adlı şəxslə görüşməyə buraxmamışdılar. Şöbənin qarşısında gecə yarıya qədər – 5 saatdan çox gözləsə də, onun müvəkkili ilə görüşməsinə imkan verilməmişdi.

Azad Kazımov apreldə Göygöl rayonunda işlədiyi idman zalının qarşısında saxlanılaraq, Gəncəyə – polis şöbəsinə gətirilib. Onun saxlandığını görən dostları dərhal bu haqda ailə üzvlərinə məlumat veriblər. Azad Kazımovun anası da vəkildir, əvvəl özü idarəyə getsə də, oğlu ilə görüşə bilməyib. Ona görə də Gəncə şəhərindəki 1 saylı vəkil bürosunda çalışan həmkarlarından Zabil Qəhrəmanovla müqavilə bağlayıb ki, təcili prosesə qoşulsun, oğluyla görüşsün, nə baş verdiyini aydınlaşdırsın:

“O işdə də belə olmuşdu. Qapıdakı polis əməkdaşına orderi təqdim elədim, Azad Kazımovun vəkili olduğunu dedim. Getdi, az sonra gəldi ki, onun dövlət hesabına vəkili var, sənə ehtiyac yoxdur. Dəfələrlə izah eləməyə çalışdım ki, şəxsin özünün və yaxınlarının seçdiyi müdafiəçi tərəfindən müdafiə olunmaq hüququ var. Xeyri olmadı…”.

Azad Kazımov narkotik şübhəsıylə polis şöbəsinə gətirilsə də, sonradan barəsində polisə müqavimət ittihamıyla inzibati protokol tərtib edilib və məhkəməyə aparılıb. Amma məhkəmə onun haqqında inzibati xəta işinə xitam verib və azadlığa buraxılıb.

O zaman Zabil Qəhrəmanov müdafiə hüququnun pozulması, polislərin onu müvəkkili ilə görüşə buraxmamasından məhkəməyə şikayət verib. Məlum olub ki, işin içinə Azad Kazımovun adından ərizə əlavə olunub. Orada yazılıb ki, maddi durumu özünün vəkil tutmasına imkan vermədiyinə görə dövlət hesabına vəkil istəyir. Lakin ərizədə şəxsin özünün imzası yoxdur. Əvəzində “heç bir səbəb göstərmədən ərizəni imzalamaqdan imtina edib” qeydi var.

Azad Kazımov belə bir ərizə yazmadığını bildirib.

Kəpəz Rayon Məhkəməsində bu şikayətə baxan hakim Tural Qocayev polis şöbəsində baş verənləri – saxlanılan şəxsə vəkili ilə görüşməyə imkan verilməməsini müdafiə hüququnun pozuntusu kimi qiymətləndirib. Üstəlik, təhqiqatçı haqqında da xüsusi qərar çıxarılıb.

“Məhkəmə pozuntunu tanıyıb, pozuntuya yol verən şəxslərin barəsində xüsusi qərar çıxarsa da, həmin xüsusi qərar icra edilməyib”, – Zabil Qəhrəmanov əlavə edib.

Daxili İşlər Nazirliyi nə deyir?

Zabil Qəhrəmanov noyabrın 19-da baş vermiş son hadisə – müvəkkili ilə görüşünə imkan verilməməsi ilə əlaqədar dərhal DİN-in 102 xidmətinə şikayət etdiyini deyir. Lakin o, müsbət nəticə olacağına inanmır.

DİN-in mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev Meydan TV-yə bildirib ki, Zabil Qəhrəmanovun noyabrın 19-da baş vermiş hadisə ilə bağlı şikayətindən məlumatlıdır. DİN rəsmisinin sözlərinə görə, həmin vaxt saxlanılan şəxs müdafiəçi ilə təmin olunub, bütün prosessual icraat vəkilin iştirakı ilə aparılıb.

Elşad Hacıyev əlavə edib ki, şübhəli və ya təqsirləndirilən şəxs qismində saxlanılan istənilən adamın vəkillə təmin olunmasıyla bağlı qanunun tələbi var və bu tələbə hər bir halda, əməl olunur.

Ana səhifəBölgəGəncədə fəaliyyət göstərən vəkil: “Mən onların dediyi ilə oturub-duran deyiləm, bunu bilirlər, ona görə…”