close

Göyçayda işsiz ailə və əlçatmaz ünvanlı sosial yardım…

Mənbə: Göyçay Rayon İcra Hakimiyyəti

“Elə kriteriyalar müəyyənləşdirilməlidir ki, məmur müdaxiləsinə imkan tanınmasın”

2020-ci ildən həyat yoldaşımın ağır dərəcəli bel yırtığı var. 4-5 aydır ki, fasiləli yataqdadır. Ona ağır fiziki iş olmaz, amma iş tapanda məcbur işləyir. Özüm də xəstəlik keçirmişəm. İş də tapa bilmirəm. Üç övladımızın yeməyi, təhsili xərcləri və digər ehtiyacları var. Beş nəfərlik ailənin maddi yükünü o çəkir. Olur ki, uşaqlarım bəzən ac qalır. Heç bir yerdən gəlirimiz də yoxdur”.

Göyçayın Ləkçıplaq kənd sakini Həmidova Xəyalə Mikayıl qızı deyir ki, işsiz, kasıb və ehtiyac meyarı az olan ailələrdəndir.

Üç övlad anası xeyli vaxtdır ki, nə iş tapa, nə də aztəminatlı ailələr üçün nəzərdə tutulan ünvanlı sosial yardım proqramından yararlana bilir.

Həmidovlar ailəsi. Fotolar: Meydan TV

Heç aylıq kirayə borcumu ödəyə, iynə-dərmanımı ala bilmirəm”

O, Meydan TV-yə deyir ki, ünvanlı sosial yardımın şərtləri də ağırdır, bu üzdən yardım ala bilmir.

Ailə rayon mərkəzində kirayədə yaşayır.

Həyat yoldaşı Samir Həmidov indiyə qədər  günəmuzd işlərdə çalışaraq ailəni dolandırsa da, son aylarda iş tapmaqda əziyyət çəkir.

Xəyalə Həmidovanın özünün iş axtarışı cəhdləri də nəticəsiz qalır.

Göyçay Rayon İcra Hakimiyyəti və Məşğulluq Xidmətinə işlə bağlı müraciətlərinə də müsbət cavab verilməyib.

Samir Həmidov isə deyir ki, borc-xərc içində batır, vəziyyətdən çıxış yolu tapa bilmir:

“Məndə ağır dərəcəli bel yırtığıdır. Sinir sisteminin üstündədir. Ağır yük götürəndə pis təsir edir, elə ağır fiziki işlərdə çalışmaqdan bu xəstəliyi tapdım. Ötən ilin sentyabr və oktyabrını yataqda keçirmişəm. Noyabr, dekabr aylarında isə güclə iş tapıb işləmişəm. Yanvar ayından yenə yataqdayam. Son iki ayda isə demək olar ki, heç yerdə iş tapa bilmirəm. Heç aylıq kirayə borcumu ödəyə, iynə-dərmanımı ala bilmirəm. Həyat yoldaşım da 2021-ci ildən ağır dərəcəli koronavirus xəstəsidir, iki ay yatıb. Banka borcumuz da çoxdur. Ödəyə bilmədiyimizdən məhkəməyə veriblər”.

“Maddi imkan və iş yeri yoxdur ki, sosial yardımı düzəldə bilək”

Dediklərinə görə, qohumların, dostların da köməyi tükənib. Ailənin tək ümidi ünvanlı sosial yardım proqramıdır ki, bunun üçün edilən müraciət də pay torpağından dolayı həllini tapmır:

İcra hakimiyyətinə və xəstəxanaya iş üçün getdim, qəbul etmədilər, məşğulluq xidmətinə yönəltdilər. Orada da adımı qeydə alıb dedilər ki, iş olanda xəbər edərik. Amma mənə təcili iş lazımdır. Himayəmdə 2 yaşlı Ümid adlı oğlum, 13 yaşlı Yağmur və 10 yaşlı Xədicə adlı iki qızım var. Ünvanlı sosial yardım ala bilərəm, ancaq həyat yoldaşıma iş yerindən arayış lazımdır. Pay torpağının seriya nömrəsinin tələbi də prosesi yubadır. Maddi imkan, iş yeri yoxdur ki, sosial yardımı düzəldə bilək. Torpaq da Qaraman kəndində şoran ərazidədir və istifadəyə yararsızdır. Ünvanlı sosial yardım kasıblar üçün nəzərdə tutulsa da, əlimiz çatmır”, – deyə Xəyalə Həmidova bildirib.

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Rəşad Mehdili Meydan TV-yə deyib ki, Həmidovlar ailəsinin müraciəti araşdırılıb.

O, ailənin ünvanlı sosial yardımla bağlı elektron sistemə müraciət etmədiyini bildirib. Həmçinin ailədən pay torpağının varlığına dair sığortaedənin uçot nömrəsi (SUN) tələb olunub.

Vətəndaşla telefon əlaqəsi yaradılaraq ailənin sosial yardım almaq hüququnun müəyyənləşdirilməsi üçün ona suallar verilib. Məlum olub ki, Samir Həmidovun ailəsi 5 nəfərdən (özü, həyat yoldaşı 10 yaşlı və 2 az yaşlı övladı) ibarətdir. Hazırda o və həyat yoldaşı işsizdir. Həyat yoldaşı Xəyalə Həmidova 8 yaşınadək uşağa qulluq etdiyinə görə o, işləməyə bilər. Samir Həmidovun isə adına kənd təsərrüfatına yararlı torpaq sahəsi olduğu üçün SUN əldə etdikdən sonra müraciət edərsə, ailənin ünvanlı sosial yardımla bağlı bu müraciətinə baxıla bilər. Samir Həmidov bu barədə məlumatlandırılıb və sosial yardımla bağlı digər sualları da cavablandırılıb”, – deyə Rəşad Mehdili bildirib.

Dövlət Məşğulluq Agentliyindən isə bildirilib ki, işlə bağı ailə ilə əlaqə saxlanılıb və məsələ araşdırılacaq.

Hazırda rəsmi statistikaya əsasən, Göyçay rayon üzrə 250 ailə ünvanlı sosial yardım alır ki, bu da ölkə üzrə ümumi göstəricinin 0.7 faizini təşkil edir.

Ən yüksək göstərici 9.2 faiz Yardımlı rayonu, ən az göstərici isə 0.2 faiz olmaqla Balakən və Qobustan rayonları üzrədir.

Ünvanlı dövlət sosial yardımının 2023-cü il üçün ehtiyac meyarının həddi 246 manat məbləğindədir.

2022-ci il üzrə bu meyar 200 manat məbləğində idi. Son on ildə isə ən çox ailənin ünvanlı sosial yardım alması 2020-ci ildə qeydə alınıb ki, 85 min ailə yararlanıb.

Bu da pandemiya ilə əlaqədar olub. Hər ailəyə 225.5 manat məbləğində ünvanlı sosial yardım təyin edilib.

Qanunda nəzərdə tutulan imtiyazlar…

DSMF-nın Göyçay şöbəsində çalışan mütəxəssis Cəbrayıl Məmmədov deyir ki, ünvanlı sosial yardım almaq üçün xüsusi qanun var. Həmin qanunun şərtlərini ödəyən ailələr bu imtiyazdan yararlana bilərlər:

““Ünvanlı dövlət sosial yardımı haqqında” Qanuna əsasən, sosial yardım orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün birinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə qərarı ilə itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələrə verilir. Bu il üçün ehtiyac meyarı 246 manat olduğundan ailədə adambaşına gəlir bu məbləği ötməməlidir”.

Dövlət Sosial Müdafiə Fondu
Foto: arxiv

Maneə yaradan səbəblər hansılardır?

Mütəxəssis ünvanlı sosial yardımın verilməsinə bir sıra halların mane olduğunu deyir:

“Bu hallar isə  ailə tərkibinin və ailə gəlirlərinin gizlədilməsi, elektron müraciət zamanı qeyd olunan məlumatlarda uyğunsuzluq olduqda, bir il ərzində ailənin orta aylıq gəliri hər bir üzvü üçün ehtiyac meyarının məcmusuna bərabər, yaxud yuxarı olduqda, ailənin mülkiyyətində və istifadəsinə nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabiltasiya məqsədləri üçün verilmiş nəqliyyat istisna olmaqla) ailənin əmək qabiliyyətli şəxsi muzdlu işlə məşğul olmadıqda,(rəsmi əməkhaqqı olmadıqda) ailənin kommunal və rabitə xərclərinin cəminin orta aylıq yaşayış minumunun 15%-nə bərabər və ondan yuxarı olduqda, mülkiyyətində iki və daha artıq əmlak aşkarlananda imtina edilir”.

Bizdə işsizlik müavinəti ilə ünvanlı sosial yardım anlayışı qarışıb”

İqtisadçı Natiq Cəfərli isə hesab edir ki, dövlət ünvanlı sosial yardım üçün müraciət edənlərin sayının azalmasına çalışmalıdır, amma əsas hədəfi ölkədə əhali üçün iş yerlərinin açılması və özünüməşğulluq proqramının işlək vəziyyətə gətirilməsi olmalıdır.

Natiq Cəfərli hesab edir ki, ünvanlı sosial yardım üçün elektron müraciət forması məmur müdaxiləsini sıfıra endirib və bu, doğru yanaşmadır.

Ekspertin sözlərinə görə, ölkədə işsizliyin artması işsizlik müavinəti ilə ünvanlı sosial yardım anlayışını qarışdırıb:

“İş yerləri açılmalı, insanların şəxsi təşəbbüsləri və sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün şərait yaxşılaşdırılmalıdır ki, mümkün qədər az insanın sosial yardıma ehtiyacı yaransın. Sosial yardım xüsusi imtiyaz və kateqoriya sahiblərinə, məsələn, əngəlli, müəyyən xəstəlikləri olanlara aid edilməsi doğru olardı. Əksinə, bizdə işsizlik müavinəti ilə ünvanlı sosial yardım anlayışı qarışıb. Ölkədə daha çox işsizlik problemi var deyə ünvanlı sosial yardım almaq üçün müraciətlər artır. Vətəndaşlar iş tapa bilmir, özünə iş qura bilmir”.

Natiq Cəfərli
Natiq Cəfərli, Foto: Meydan TV

Ünvanlı sosial yardımın elektronlaşdırılması ilə bağlı müəyyən qərarlar alınsa da, amma yenə insan faktoru var. Yəni vətəndaşlar özləri məlumatı portala daxil etsə də, sonucda qərarı yenə hansısa məmur verir. Bu da yenə subyektivliyin yaranmasına səbəb olur. Ona görə də bu sahədə elə kriteriyalar müəyyənləşdirilməlidir ki, hansısa məmur müdaxiləsinə imkan tanınmasın. Şərtlər, qaydalar dəqiq, aydın və şəffaf olmalıdır. Eynilə yol hərəkət qaydaları kimi. Sonucda vətəndaş haqlı olduğu ünvanlı sosial yardımı ala bilsin, çıxış imkanları olsun. Buna çox ehtiyac var. Xüsusilə də sənədləşmə işlərində”, – deyə ekspert bildirib.

Vətəndaşların sənədləşmə işlərində ən çox üzləşdiyi problem avtomobil, pay torpağıdır ki, ekspert bunun da doğru araşdırılmadığını deyir:

“Avtomobillərin dəyəri, işlək vəziyyətdə olub olmaması, torpaq sahələrinin kənd təsərrüfatına yararlı olub-olmaması nəzərə alınmalıdır. Məsələn, vətəndaşın adına avtomobil var, amma heç işlədilmir və ya yararsızdır. Ancaq sənədlərdə adı gedir deyə ala bilmir, adına kiçik torpaq sahəsi olan insanlar var ki, onlar həm torpaqdan istifadə edə bilmir, həm də sosial yardımdan məhrum olurlar”.

“Yaşayış minimumunun hesablanma indikatorları həm köhnəlib, həm də reallığı əks etdirmir”

Ekspert ehtiyac meyarının, yəni yaşayış minimumunun hesablanmasında isə bir çox məqamların nəzərə alınmadığını qeyd edir:

Ölkədə minimumu yaşayış məbləği, yəni ehtiyac meyarı da ciddi problemdir. Yaşayış minimumunun hesablanma indikatorları həm köhnəlib, həm də reallığı əks etdirmir. Çox aşağı qiymətlər və tələbatlarla hesablanıb. Bir çox ölkələrin təcrübəsi, tələbləri Azərbaycanda nəzərə alınmır. Ən kiçik misal, yaşayış minimumu hesablanarkən hər bir insanın gündə internetdən 15 dəqiqə istifadə etmək dəyəri nəzərə alınır. Bu da reallığı əks etdirmir”.

“Müasir dünyada internet ayrılmaz məşğuliyyətdir. Həmçinin digər ölkələrdə buna mədəni ehtiyaclar – kitab, teatr, kino, sərgi, konsert üçün xərclər daxil olur. Bizdə ümumiyyətlə nəzərə alınmır. Hesablama qaydaları doğru olmadığından çox aşağı məbləğ alınır. Bu da insanların ehtiyaclarını ödəmək qabiliyyətində deyil”, – deyə o bildirib.

Ana səhifəBölgəGöyçayda işsiz ailə və əlçatmaz ünvanlı sosial yardım…