close

Göyçayda yeniyetmə qıza qarşı cinayət: ailə istintaqdan narazı qalıb

Mənbə: Meydan TV

Bizə demişdilər ki, zorlama maddəsilə iş açılacaq, ittiham aktını əlimizə alanda gördük ki, aldadıblar”

Göyçayda 15 yaşlı qızın ailəsi onun təcavüzə məruz qaldığını, istintaqın bu cinayətə düzgün hüquqi qiymət vermədiyini deyir. Ailə iddia edir ki, müstəntiq zərərçəkənin ifadələrini təhrif edib, nəticədə təqsirləndirilən şəxsə qarşı daha yüngül maddə ilə ittiham irəli sürülüb.

İş məhkəməyə göndəriləndə gördük ki, yalan danışıblar”

“İstintaqda bizi aldatdılar. Bizə demişdilər ki, guya Cinayət Məcəlləsinin 149-cu (zorlama) maddəsilə iş açacaqlar. İş məhkəməyə veriləndə ittiham aktını əlimizə alırıq, görürük ki, yalan deyiblər, bizi aldadıblar”, – zərərçəkmişin əmisi Rəvan Daşdıyev Meydan TV-yə danışır.

Sözügedən cinayət işi artıq bir aydır ki, Göyçay Rayon Məhkəməsinin icraatındadır. Təqsirləndirilən Ramiz Cəfərov Cinayət Məcəlləsinin 152.1 (14 yaşına çatmış, lakin 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsilə ittiham olunur.

Bu maddənin sanksiyasında 3 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Zərərçəkmiş tərəf isə Ramiz Cəfərovun Cinayət Məcəlləsinin 149.2-1.1 “zorlama, yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə) maddəsilə cinayət məsuliyyətinə cəlb olunmasını tələb edir. Bu maddədə 10 ildən 15 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

“Uşağı hədələyib”

Cinayət işinin materiallarında iddia olunur ki, təqsirləndirilən şəxslə zərərçəkmiş arasında cinsi münasibətlər könüllü şəkildə olub, Cəfərov buna görə qıza zor tətbiq etməyib, onu hədələməyib.

Lakin Rəvan Daşdiyev deyir ki, zərərçəkmiş K.K. istintaqa fərqli ifadə verib, təqsirləndirilən şəxsin vəziyyətini yüngülləşdirmək üçün onun dediklərini saxtalaşdırıblar:

Qız yetkinlik yaşına çatmadığına görə anasıyla birlikdə ifadə verib. Hər dəfə istintaqa mən aparmışam. O uşaq 4 ay mənim evimdə qalıb. Deyirdi ki, necə varsa, elə də ifadə vermişəm. Atasına, ailəsinə deməklə, biabır eləməklə, başqa şeylərlə necə hədələyib, nələr eləyib, hamısını olduğu kimi danışıb. İndi onun dedikləri yoxdur işin içində. Bu işin üstünü birinci mən açmışam. Xəbər tutandan sonra uşaqla danışmışam, nömrəsini alıb buna zəng eləmişəm, ağzına gələni danışıb. Şəxsən mənə deyib ki, “Göyçayın içində əlimdə başla gəzərəm, heç kim də mənə heç nə deməz”. Bunu müstəntiqin yanında da dedim. Hətta müstəntiq onda ona bir şillə də vurdu. Mənə dediklərinin də heç biri yoxdur işdə…”.

“Bizim üçün prisipial məsələdir, geri çəkilməyəcəyik”

Zərərçəkmiş tərəf bildirir ki, istintaq dövründə vəkilləri olmayıb. Ona görə istintaqın gedişi haqda ətraflı məlumat ala bilməyiblər:

“Uşaq da ifadə verəndən sonra anası da oxumayıb orada olanları. Çünki müstəntiqə güvənimiz olub. Elə danışırdı ki, ona rəğbətimiz yaranmışdı. Hər kəsin balası var. Heç kim deməsin ki, mənim başıma gəlməz. Bu həyatda heç kim heç nədən sığortalanmayıb. Şəxsən mən usta adamam, hüquqdan, qanunlardan bir o qədər başım çıxmır. Amma o demək deyil ki, vətəndaşı aldatmalısan…”.

Rəvan Daşdiyev əlavə edib ki, təqsirləndirilən şəxsin qohumları istintaq dövründə şikayətçi olmamaları üçün onlara böyük məbləğdə pul, hətta mənzil də təklif ediblər. Lakin onlar razılaşmayıblar:
“Bizim üçün bu, prinsipial məsələdir. Pulun və ya başqa nəyinsə qarşılığında biz geri çəkilən deyilik. İstintaqa nəzarət orqanı prokurorluqdur. İttiham aktını prokurorluq təsdiqləyib. Ona görə biz aprelin 28-də Baş Prokurorluğa getdik. Dedilər ki, artıq iş məhkəmədir. Amma məhkəmədə dövlət ittihamını müdafiə edən prokuror var, işi nəzarətdə saxlayacağıq. Qayıdandan sonra mənə bu tərəf mesaj göndərir ki, getməklə nə əldə etdin? Hətta bu dəfə əldə etməsəm belə, yenə də əl çəkən deyiləm…”.

Foto: Meydan TV

Təqsirləndirilən şəxs nə deyir?

2001-ci il təvəllüdlü Ramiz Cəfərov istintaqa ifadəsində deyib ki, özünü 152.1 maddəsilə təqsirli bilir, əməlindən peşmandır. K.K. ilə aralarında sevgi münasibətləri olduğunu deyən təqsirləndirilən şəxs deyib ki, bir neçə dəfə onunla öz razılığıyla cinsi əlaqədə olub və onun 15 yaşı olduğunu bilib. Cəfərov iddia edib ki, onlar birinci dəfə cinsi münasibətdə olanda artıq zərərçəkmişin bakirəliyi pozulmuşdu.

K.K. isə bildirib ki, o, yalan danışır. Onun ilk dəfə cinsi əlaqədə olduğu şəxs elə Ramiz Cəfərov olub.

Zərərçəkmişin istintaqa ifadəsində göstərilib ki, Ramiz Cəfərov gələcəkdə evlənəcəklərinə söz verdiyi üçün onunla könüllü şəkildə cinsi əlaqədə olub.

DİN: “Ekspertiza rəyinə əsasən, zorlama halı olmayıb”

Daxili İşlər Nazirliyi zərərçəkmişin ifadələrinin saxtalaşdırılması haqda iddiaları rədd edib.
Nazirliyin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inapektoru, polis kapitanı Mahir Məsimov Meydan TV-yə bildirib ki, 2023-cü ilin yanvarında Göyçay Rayon Polis Şöbəsinə müraciət edən qadın R.Cəfərov adlı şəxsin onun yeniyetmə qızını evlənmək adıyla aldadıb, cinsi əlaqədə olması barədə məlumat verib. Həmin müraciət əsasında şöbədə araşdırmalar başlanılıb, ekspertizalar təyin olunub və üzləşdirmə keçirilib:

“Ekspertizaların rəylərinə əsasən Cəfərovun təqsiri sübuta yetirilib və faktla bağlı Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib. İstintaq müddətində ifadəsi alınan yeniyetmə Cəfərovla könüllü cinsi əlaqədə olduğunu bildirib. Ekspertizanın da rəyinə əsasən, hər hansı bir zorlama halına rast gəlinməyib. Başlanmış cinayət işinin istintaqı yekunlaşdırılaraq məhkəməyə göndərilib”.

Hüquqşünas rəyi…

Hüquqşünas Emin Abbasov deyir ki, Azərbaycanın cinayət qanunvericiliyi zorlama cinayətinin tərkibinin yaranması üçün təkcə  zərərçəkmişin cinsi aktla bağlı razılığının olmamasını yetərli saymır. Üstəlik, zor tətbiq etmə, bununla hədələmə, yaxud da zərərçəkənin köməksiz vəziyyətindən istifadə etmə olduqda bu cinayətin tərkibi yaranır:

“Azərbaycan cinayət qanunvericiliyində zorlamanın təkcə razılığa istinad edən tərifinin olmaması zorlamanı zərərçəkmişin fiziki müqavimət göstərdiyi fiziki zorakılıq aktı (zorakılıq hədəsi) və şəraitdən asılı olaraq zərərçəkmişin köməksiz vəziyyətində törədilməsi kimi qəbul edildiyi təcrübəyə gətirib çıxarır. Azərbaycan Cinayət Məcəlləsi zorlama cinayətinin tərkibinin yaranması üçün təkcə  zərərçəkmiş şəxsinin cinsi aktla bağlı razılığının olmamasını kifayətedici hesab etmir. Əvəzində zorlama ilə bağlı maddə təqsirli şəxsin zor tətbiq etməsini və ya belə zor tətbiq etmə hədəsinin, yaxud zərərçəkmiş şəxsin köməksiz vəziyyətinin mövcudluğunu tələb edir. Bu şərtlər yetkinlik yaşına çatmayan (14-16 yaş) şəxslərin cinsi əlaqə üçün həqiqi azad iradəsi (razılıq ifadəsi) olub-olmadığına əhəmiyyət verilməməsi ilə nəticələnir. Məsələn cinayət təkcə zorakılıq hədəsi ilə deyil, başqa təzyiqlər (rüsvay edəcəyi ilə hədələmə, ailəsinə və ya dostlarına xəbər vermə və s) ilə törədildikdə belə əməllər ya cəzasız qalır, ya da daha yüngül cinayət əməllərinə tövsif edilir”.

Ana səhifəBölgəGöyçayda yeniyetmə qıza qarşı cinayət: ailə istintaqdan narazı qalıb