close

Gübrə bahalaşıb, su qıtlığı var, gəlir azalıb…

Gübrə. Foto: “margin.az”

Fermerlər: “Anbarlarda məhsul saxlamaq  sərfəli deyil”

“Bu il istehsal xərcləri iki-üç dəfə artıb. Xüsusilə də gübrə bahalaşıb. Əvəzində isə məhsulları sərfəli qiymətə satmaqda çətinlik çəkdik, istədik heç olmasa xərcləri ödəyə bilək”.

Bunu Meydan TV-yə sitrus meyvəçiliklə məşğul olan lənkəranlı fermer Mirzə Mirzəyev deyib. Onun  sözlərinə görə, təkcə onlar deyil, çayçılıqla məşğul olan qohumları da zərər çəkiblər. Bir neçə xırda təsərrüfat satılıb.

Fermerlər Rusiya-Ukrayna müharibəsinə görə, məhsullarını Rusiya bazarına çıxarmaqda çətinlik çəkiblər. Anbarlarda məhsul saxlamaq isə sərfəli deyil.

Cəlilabadda faraş kartof istehsal edən fermerlər də xərclərin artmasından narazıdırlar. Cəlilabadlı fermerlərin əsas dolanışıq yeri Rusiya bazarlarıdır. Məhsul ixrac edə bilsələr də,  xərclər artdığından son 1-2 ildə qazancları azalıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, kənd təsərrüfatı məhsullarının istehsal xərclərində artım var. Bu ilin birinci ayında ötən ilin dekabrı ilə müqayisədə kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri indeksi 2,9 faiz, birillik bitkilər üzrə 3,4 faiz, çoxillik bitkilər üzrə 5,5 faiz, heyvandarlıq məhsulları üzrə 2 faiz yüksəlib. Həmçinin bir il ərzində birillik bitkilər üzrə 9,6 faiz, çoxillik bitkilər üzrə 8,7 faiz, heyvandarlıq məhsulları üzrə 12 faiz yüksəlib. Eləcə də komitənin hesabatına görə,  bu ilin ilk iki ayında Azərbaycana gətirilən 1 ton gübrənin orta idxal dəyəri 732 dollar olub. İdxal olunan gübrənin 1 tonu 171 dollar, yaxud  30 faiz bahalaşıb.

Xalid Kərimli. Foto: “vergiler.az”

İqtisadçı Xalid Kərimli Meydan TV-yə bildirib ki, gübrənin bahalaşmasına Ukrayna-Rusiya müharibəsi də təsir edib.

“Dünyada gübrəni əsasən iki ölkə-Rusiya və Belarus istehsal edir. Yəni gübrənin bəzi növündə 50, bəzi növlərində isə 75 faizi bu iki ölkənin payına düşür. Hər iki ölkədə gübrə bahalaşıb”,– mütəxəssis deyib.

Onun sözlərinə görə, Amerika, Avropa və eləcə də bir çox ölkə Rusiya və Belarusdan gübrə almır. Nəticədə dünya bazarında gübrə bahalaşır:

Gübrə kənd təsərrüfatı məhsullarının istehsalında əsas xərclərdəndir. Bir tərəfdən də su qıtlığı məhsuldarlığa təsir edir. Məhsuldarlığın aşağı düşməsi də xərcləri artırır. Dünya bazarında ərzağın qiyməti azalıb, amma Azərbaycanda bahalaşma Dövlət Statistika Komitəsinin hesabatına görə, kəskin olmasa da, davam edir”.  

İqtisadçı hesab edir ki, gübrənin idxal qiymətlərinin enəcəyi hələlik real deyil.

Ana səhifəBölgəGübrə bahalaşıb, su qıtlığı var, gəlir azalıb…