close

Gürcüstanda: “Rus qanunu”nun qəbulundan sonra etirazlar səngimir, lari dollar qarşısında dəyərini itirib

Gürcüstan, aksiya. Foto: Reuters

“Vahid Milli Hərəkat” fraksiyası, “Lelo”, “Strategiya Ağmaşenebeli” də parlamentin işini boykot edib

Gürcüstan parlamenti mayın 14-də “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini üçüncü oxunuşda qəbul etsə də, etirazlar səngimir. Hər gün yüzlərlə etirazçı parlament binasının önünə toplaşaraq “rus qanunu”na yox deyir.

Parlamentdə 84 deputat lehinə, 30 deputat isə qanunun əleyhinə səs verib. Bununla da qanun layihəsinin parlamentdə müzakirəsi prosesi başa çatıb. Layihə imzalanmaq üçün Prezidentə təqdim olunacaq. Prezident Salome Zurabişvili isə qanuna veto qoyacağını bildirib.

“Xarici təsirin şəffaflığı” layihəsinin müəllifi və təşəbbüskarı “Gürcü arzusu” fraksiyasıdır.
Qanunun müzakirəsi zamanı deputatlar arasında fiziki qarşıdurma da yaranıb. Parlamentin plenar iclasında fiziki qarşıdurma zamanı hakim komandanın deputatı Rima Beradze “Strategiya Aqmaşenebeli”nin üzvü Paata Mancqaladzenin başına bloknot ilə vurub.

Paata Mancqaladze və Rima Beradze. Foto: Gürcüstan mediası

O cümlədən, “Gürcü arzusu”nun deputatı Dimitri Samxaradze plenar iclasda “Milli Hərəkat” sədri ilə əvvəlcə şifahi, sonra isə fiziki üz-üzə gəlib. Daha sonra insident digər millət vəkilləri arasında qarşıdurmaya çevrilib.

Samxaradze və Xabeişvili arasında qarşıdurmadan əlavə, “Gürcü arzusu”nun digər deputatları və müxalifət nümayəndələri arasında qarşıdurma yaşanıb.

Qanunun müzakirəsi zamanı parlament qarşısında etirazçıların aksiyası davam edirdi. Aksiyaya tələbələr, mədəniyyət nümayəndələri, müxtəlif QHT-lər toplaşmışdılar.

Parlamentin mərkəzi girişində aksiyaçılar dəmir baryerlərdən birini qırmağa müvəffəq olsa da, daha sonra polis müdaxiləsi ilə bir neçə etirazçı saxlanılıb. Bundan başqa, əraziyə cəlb olunan çox sayda polis xüsusi dəstəsi etirazçıları parlamentin qarşısından uzaqlaşdıra biliblər. Deputatlar parlament binasını tərk edəndən sonra polis geri çəkilib və yenidən etirazçılar parlament qarşısına toplaşıblar.

Gürcüstan. Foto: Meydan TV

Qanunun qəbulu ilə “Vahid Milli Hərəkat” fraksiyası, “Lelo”, “Strategiya Ağmaşenebeli” də parlamentin işini boykot edib.

Qanunun qəbuluna etiraz olaraq, Tbilisi, Batumi, Telavi, Zuqdidi, Kutaisi şəhərlərində etirazlar keçirilib.

Avropa İttifaqına üzv olan bir neçə ölkənin parlamentinin xarici əlaqələr komitələrinin sədrləri parlament binasının önündəki mitinqə gələrək, etirazçılar qarşısında çıxış ediblər.

Gürcüstan Prezidenti Salome Zurabişvili CNN telekanalına müsahibəsində “Bu, Putinin 2012-ci ildə qəbul etdiyi qanunun dublikatı, surətidir və qanundan vətəndaş cəmiyyətini tamamilə repressiya etmək üçün istifadə edilib”,- deyə bildirib.

Salome Zurabişvili. Foto: Gürcüstan mediası

Qanunun qəbulu ilə bağlı 11 amerikalı senator bəyanat yayaraq, bunu “Gürcüstan demokratiyası üçün qara gün” adlandırıb.

Bəyanatda qeyd olunur:

“Baş nazir Kobaxidzeyə məktubumuzda xəbərdarlıq etdiyimiz kimi, bu qanun layihəsinin qəbulu Gürcüstanın yeni siyasi mənzərəsini əks etdirmək üçün Konqresin ABŞ-nin Gürcüstanla bağlı siyasətinə yenidən baxmasını zəruri edəcək. Əvvəllər xəbərdar etdiyimiz kimi, bu tədbirlər demokratiyaya zərbə vurmaqda günahkar olanlara qarşı sanksiyalar, viza qadağaları və birbaşa ABŞ yardımının nəzərdən keçirilməsini əhatə edə bilər”.

Bəyanatı imzalayan senatorlar arasında Cim Riş (Respublikaçı), Gene Shaheen (Demokrat), Ben Cardin (Demokrat), Chris Coons (Demokrat), Dik Durbin (Demokrat), Rocer Uiker (Wicker) (Respublikaçı), Tim Kaine (Demokrat), Riçard Blumental (Demokrat), Pit Riketts (Respublikaçı), Lindsi Qrem (Respublikaçı) və Tom Tillis (Respublikaçı) var.

Mayın 15-də Gürcüstanda səfərdə olan Litva, Estoniya və İslandiya XİN rəhbərləri də parlament qarşısındakı etirazlara qatılaraq səhnədə çıxışlar ediblər. Bu isə Gürcüstan hökuməti tərəfindən narazılıqla qarşılanıb.

Həmçinin mayın 15-də London birjasında Gürcüstan Bankının (Bank of Georgia) səhmləri 10 faiz ucuzlaşıb. Nəticədə lari dollar qarşısında dəyər itirib.

Ana səhifəDünyaGürcüstanda: “Rus qanunu”nun qəbulundan sonra etirazlar səngimir, lari dollar qarşısında dəyərini itirib