close

Həbsdə aclıq edən AXCP fəalı sudan da imtina edəcəyini deyib

Zamin Salayev, Mənbə: Rüfət Səfərov

 Oğlu: “Atam pozulmuş hüquqları bərpa olunana qədər aclığı davam etdirmək niyyətindədir”

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Salyan rayon təşkilatının sədri Zamin Salayevin (Əlizamin) həbsdə ayyarım əvvəl başladığı aclığı davam etdirdiyi bildirilir. Bu barədə Meydan TV-yə danışan oğlu Oqtay Salayevin sözlərinə görə, martın 23-də atasının aclıq aksiyasının 45-ci günü tamam oldu.

Oqtay Salayev deyir ki, a yarımdır davam edən aclıq nəticəsində AXCP funksionerinin səhhətində kəskin problemlər yaranıb. O, təxminən 30 kiloqram çəki itirib, yeriməkdə çətinlik çəkir, tez-tez müvazinətini itirərək yıxılır. Buna baxmayaraq, Əlizamin Salayev aclığı dayandırmaq istəmir.

Atam şərlənərək həbs olunub. O, dayandığı yerdə böhtana məruz qalıb və aclıq eləməklə buna etirazını bildirir. Hesab edir ki, siyasi fəaliyyətinə görə onu şərləməklə, faktiki girovluqda saxlayırlar. Ona görə də pozulmuş hüquqları bərpa olunana qədər aclığı davam etdirmək niyyətindədir”, – Oqtay Salayev bildirib.

Əlizamin Salayev Bakı İstintaq Təcridxanasında saxlanılır.

Vəkili Nemət Kərimli Meydan TV-yə bildirib ki, ayyarımdır aclıq etməsinə baxmayaraq, o, istintaq təcridxanasında kamera şəraitində saxlanılır, tibbi-sanitar hissəyə köçürülməyib. Əlizamin Salayevin aclıq barədə ərizəsini də təcridxana rəhbərliyi qəbul etməyib.

Vəkil martın 11-də Əlizamin Salayevin ev dustaqlığına buraxılması üçün Qaradağ Rayon Məhkəməsinə vəsatət verib. Lakin vəsatətə hələ baxılmayıb.

Əlizamin Salayev ailə üzvlərilə telefonla əlaqə saxlayıb və quru aclığa keçmək ehtimalından danışıb.

Adi həkim müayinəsi yoxdur, təcridxananın tibb-sanitar hissəsinə köçürmürlər. Atam dedi ki, əgər vəziyyət dəyişməsə, ona qarşı münasibət bu şəkildə davam eləsə, su içməkdən də imtina edəcək”, – Oqtay Salayev əlavə edib.

Fevralın 8-də Qaradağ Rayon Məhkəməsində Əlizamin Salayev haqqında həbs qərarı verilib. O, Cinayət Məcəlləsinin 221.3 (silah və ya silah qismində əşyadan istifadə etməklə xuliqanlıq) maddəsilə ittiham olunur.

Cinayət işinin materiallarında iddia olunur ki, AXCP fəalı Natiq Süleymanov adlı şəxsə bıçaqla xəsarət yetirib.

Lakin məhkəmədə Əlizamin Salayev deyib ki, bu ittiham yalandır. Onun sözlərinə görə, fevralın 6-da axşam saatlarında “Lökbatan dairəsi” adlanan ərazidə yaşadığı Salyan rayonuna qayıtmaq üçün yol kənarında maşın gözləyərkən tanımadığı bir nəfərin söyüş söyə-söyə ona tərəf gəldiyini görüb. Həmin şəxs qəfildən əlini cibinə salıb bıçaq çıxarıb. Bu zaman baş verənlərin təxribat olduğunu anlayıb və onu itələyib uzaqlaşmaq istəyəndə ətrafdan xeyli adam çıxıb:

Başa düşdüm ki, məni həbs eləmək üçün plan qurublar”.

AXCP-nin fəal üzvlərindən olan Əlizamin Salayev bundan öncə dəfələrlə polisə müqavimət və s. ittihamlarla inzibati qaydada həbs edilib. 2020-ci il aprelin 20-də isə o, Cinayət Məcəlləsinin 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələrilə 2 il 3 ay azadlıqdan məhrum edilib. O, həmin vaxt Salyan Rayon Polis İdarəsinin əməkdaşı Həmzə Əzizovun şikayəti əsasında cəzalandırılmışdı.

Əlizamin Salayev həbsindən bir müddət əvvəl sosial şəbəkələrdə adıçəkilən polis əməkdaşıyla mübahisəsinin videosunu yaymışdı. Həmin videoda cəbhəçi Həmzə Əzizovu rayonda yaşayan qadına qarşı təcavüzə görə ittiham edirdi.

Video yayılandan az sonra Əlizamin Salayev inzibati qaydada 30 günlük həbs olundu. O, həmin vaxt saxlanılarkən işgəncəyə məruz qaldığını, nəticədə səhhətində ciddi problemlər yarandığını bildirmişdi. İnzibati həbsdən çıxandan az sonra səhhətindəki problemlərlə əlaqədar əməliyyat olunmuşdu.

Ardınca da Həmzə Əzizov ona qarşı məhkəmədə xüsusi ittiham qaydasında iddia qaldıraraq, həbsini tələb etmişdi.

Videoda haqqında bəhs olunan qadın Həmzə Əzizova bıçaqla xəsarət yetirdiyinə görə 7 il azadlıqdan məhrum edilib. O, Həmzə Əzizovun ona qarşı zorakı hərəkətlərindən müdafiə olunmaq üçün onu vurduğunu bildirib. Polis əməkdaşı isə haqqında deyilənləri təkzib edib.

Əlizamin Salayev bir müddət öncə Milli Məclisin binasına deputat Fəzail Ağamalı üçün yeşiklərdə gilas gətirməsiylə də gündəmə gəlmişdi.

Ana səhifəSiyasətHəbsdə aclıq edən AXCP fəalı sudan da imtina edəcəyini deyib