close

Həbsdə aclıq edən AXCP fəalının Penitensiar Xidmətin rəhbərliyi tərəfindən təhdid olunduğu bildirilir 

Elxan Əliyev. Foto: E.Əliyevin şəxsi arxivindən

Həyat yoldaşı Elxan Əliyevə qarşı təzyiqlər başladığını, ölümlə hədələndiyini deyir

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan fəalı Elxan Əliyevin mayın 15-dən Kürdəxanıdakı Bakı İstintaq Təcridxanasında aclıq etdiyi bildirilir. Yaxınlarının bildirdiyinə görə, heç bir cinayət törətmədiyi halda, həbsdə saxlanmasına etiraz edən Elxan Əliyev 3 gündür ki, quru aclıq keçirir – həm qidadan, həm də sudan imtina edib.

Həyat yoldaşı Şahnaz Əliyeva deyir ki, aclıq etdiyinə görə təcridxanada Elxan Əliyevə qarşı təzyiqlər başlayıb, onu təhdid edirlər. Şahnaz Əliyevanın sözlərinə görə, həyat yoldaşını Penitensiar Xidmətin rəhbərliyi adından, hətta ölümlə hədələyirlər.

Bu barədə onun özü mayın 16-da ailəsilə telefonla əlaqə saxlayarkən məlumat verib.Bu üzdən yaxınları onun həyatına görə narahatdır. Həyat yoldaşı vurğulayıb ki, Elxan Əliyevin səhhətində ciddi problemlər var, aclıq onun durumunu daha da kəskinləşdirə, həyatını təhlükə altında qoya bilər:

“İki dəfə insult keçirib. Hər gün təzyiqi qalxırdı, ürək ağrıları olurdu. Həkimlərin bildirdiyinə görə, həbsdə mikroinfarkt keçirib”.

Elxan Əliyevin aclıq etməsi, ona qarşı təzyiq və təhdidlərlə bağlı Penitensiar Xidmətdən münasibət öyrənmək mümkün olmayıb.AXCP fəalı mayın 13-də Bakı Apelyasiya Məhkəməsində bildirmişdi ki, mayın 15-dən “ölüm aclığına” başlayacaq – qida və sudan imtina edəcək. O bildirib ki, qanunsuz həbsinə etiraz olaraq, bu addımı atır. Onun sözlərinə görə, heç bir cinayət törətmədiyi halda, siyasi sifarişlə 10 aydır həbsdə saxlanılır.

Elxan Əliyev torpaq satışı zamanı dələduzluqda ittiham edilərək, 5 il həbs cəzası kəsilib. Hökmə əsasən, Elxan Əliyevlə birlikdə eyni ittihamla mühakimə olunan Vəfadar Axundov və Yusif Əliyevə isə şərti cəza verilib. Amma onların üçünə də Cinayət Məcəlləsinin 178 (dələduzluq) və 320-ci (saxta sənəddən istifadə) maddələrilə ittiham verilib.

Cinayət işində Sabunçu rayonu, Nardaran qəsəbəsində torpaq sahəsinin satışından bəhs olunur. Zərərçəkmiş qismində tanınan Ramo Şükürov iddia edir ki, ona mülkiyyət sənədi olmayan, bələdiyyənin sərəncamıyla verilmiş torpaq sahəsi 57 min manata satılıb.

Təqsirləndirilən şəxslər isə ittihamı qəbul etmir. Onlar bildirirlər ki, əvvəldən Ramo Şükürov özü də torpağın çıxarışının olmadığını, bələdiyyə sərəncamıyla verildiyini bilirdi.

Elxan Əliyev bildirib ki, Ramo Şükürov müəyyən strukturlarda çalışan qohumlarının olduğunu və onların köməyilə çıxarış alacağını demişdi. Lakin torpaq sahəsini alıb, pulunu verəndən dərhal sonra polis idarəsində şikayətçi olub. Deyib ki, onu aldadıb, sənədsiz torpaq satıblar.

Əvvəllər daşınmaz əmlak alqı-satqısıyla məşğul olan AXCP üzvü vurğulayıb ki, Ramo Şükürov özü israrla ona zəng edib, bağ evi, torpaq sahəsi tapmasını istəyib. Hətta bu şəxsin ona dəfələrlə zəng etməsi, israrla görüşmək istəməsindən də şübhələnib. Bu şəxsin məqsədli şəkildə onun yanına göndərildiyini düşünüb. Bununla əlaqədar AXCP funksionerlərindən olan dostuna videogörüntü də göndərib. Həbsindən bir neçə gün əvvəl göndərdiyi videoda Elxan Əliyev ona qarşı təxribat hazırlanmasından şübhələndiyini bildirib.

Əvvəllər ev alqı-satqısı işiylə məşğul idim. İndi məşğul deyiləm. İndi mənə bir nəfər zəng edir, əl çəkmir. Deyir ki, mənə ev tap, bağ tap. Birini tapdım, xoşuna gəlmədi. Amma yenə də əl çəkmir. İndi yenə zəng eləyib, deyir ki, “gedək, çörək yeyək, yaxından tanış olaq”. Bilmirəm ki, nə məsələdir. Hakimiyyətin oyunudur, nədir…”, – Elxan Əliyev videoda deyir.

Bu videogörüntü məhkəməyə də təqdim edilib. Elxan Əliyev əvvəldən hazırlanan təxribat nəticəsində həbs olunduğunu vurğulayıb.Ramo Şükürovun torpaq sahəsini aldığı şəxsə ödədiyi 57 min manat ona tam şəkildə qaytarılıb. Elxan Əliyev deyir ki, alqı-satqı prosesində makler olaraq, ona 3900 manat pul çatmışdı, o da ödənilib.

Zərərçəkmiş məhkəmədə bildirib ki, pulu qaytarılsa da, şikayətçidir.Elxan Əliyevin vəkili Nemət Kərimli Meydan TV-yə bildirib ki, cinayət işində müvəkkilinin dələduzluq etməsi, saxta sənəddən yararlanmasını təsdiqləyən heç bir sübut-dəlil yoxdur. Onun sözlərinə görə, hüquqlarını müdafiə etdiyi şəxsin səhhətində ciddi problemlər var:

Həbsdə olduğu 10 ay ərzində istintaq təcridxanasında bir neçə dəfə vəziyyəti pisləşib. Ortada heç bir sübut-dəlil olmadan 3 azyaşlı körpənin atasını bu vəziyyətə salmaq olmaz”.

AXCP Təşkilat Şöbəsinin əməkdaşı olan Elxan Əliyev bundan əvvəl də etiraz aksiyalarında və s. dəfələrlə saxlanılıb. Ona polisin tələbinə tabe olmama ittihamıyla bir neçə dəfə 30 sutkalıq inzibati həbs cəzası verilib.

Ana səhifəXəbərlərHəbsdə aclıq edən AXCP fəalının Penitensiar Xidmətin rəhbərliyi tərəfindən təhdid olunduğu bildirilir