close

Həbsdəki jurnalistin qardaşı: “Üstünə qaynar su töküb, özünə qəsd eləyib”

Foto: Zaur Qəmbərovun şəxsi arxivindən

Elməddin Qəmbərov: “Dərhal təcridxanada tibbi-sanitar məntəqəyə aparıblar, həkimlər ikinci dərəcəli yanıq diaqnozu qoyublar”

Gəncədəki 2 saylı istintaq təcridxanasında jurnalist Zaur Qəmbərovun intihara cəhd etdiyi bildirilir.

Bu barədə Meydan TV-yə danışan Gədəbəy rayonunun Arıqıran kənd sakini Elməddin Qəmbərov deyir ki, qardaşı saxlandığı kamerada üstünə qaynar su töküb.

Kamera yoldaşları mane olmağa çalışıb, amma…”

Qardaşının sözlərinə görə, nəticədə Zaur Qəmbərovun sinəsi, kürəyi, beli, çiyni və qolu yanıb:

Mən xəbər tutanda dəhşətə gəldim. Qaynar suyu başından tökmək istəyib. Kamera yoldaşları görən kimi mane olmağa çalışıb. Amma əlindən ala bilməyiblər. Çiyin hissəsindən tökülüb. Dərhal təcridxanada tibbi-sanitar məntəqəyə aparıblar. Orada yardım göstəriblər. Həkimlər ikinci dərəcəli yanıq diaqnozu qoyublar”.

Elməddin Qəmbərovun sözlərinə görə, qardaşının istintaq təcridxanasındakı şəraitdən, əməkdaşların ona qarşı rəftarından narazılığı yoxdur. O, sifarişlə həbs edilməsinə, şərlənərək 5 aydır həbsdə saxlanmasına etiraz olaraq, bu addımı atıb.

“Sarkazm.az” saytının redaktoru Zaur Qəmbərov 2023-cü il avqustun 1-dən həbsdədir. Ona Cinayət Məcəlləsinin 221.3 (silah və ya silah qismində əşyadan istifadə etməklə xuliqanlıq) maddəsilə ittiham verilib. İddia olunur ki, Gəncədə yol qəzası baş verib, qarşı tərəflə mübahisə zamanı Zaur Qəmbərov iki nəfərə – Arzu Mirzoyev və Tofiq Həsənova xəsarət yetirib.

“Yanıqlara görə məhkəməyə də bir hissəsi kəsilmiş köynəklə gətirilmişdi”

33 yaşlı jurnalistin işinə hazırda Gəncə Şəhər Məhkəməsində baxılır. İş hakim Orxan Cəfərlinin icraatındadır.

Elməddin Qəmbərov deyir ki, istintaq təcridxanasının rəhbərliyilə yanaşı, məhkəmədə onun işinə baxan hakim, prokuror da qardaşının özünə qəsd etməsindən xəbərdardır.

Hadisədən sonra məhkəməyə gələndə yanıq xəsarətlərinə görə köynəyin bir hissəsi kəsilmiş vəziyyətdə idi. Təbii ki, hakim maraqlandı, Zaur da danışdı. Dedi ki, şərlənib həbs olunmasına, ədalətsizliyə etiraz olaraq bu addımı atıb. Hakim yaxından da gördü yanıqları. Düzdür, söz verdi ki, işə ədalətli baxıb qərar verəcək. Amma bilmirik ki, dediyinə əməl eləyəcək, yoxsa yox”.

Həqiqəti gizlətmək üçün səs yazısını polis idarəsində məhv elədilər”

Zaur Qəmbərov iddia edir ki, həbs olunmasının səbəbi İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Mahmud Süleymanov haqqında korrupsiya araşdırmalarıdır. Onun sözlərinə görə, saxlanılıb Gəncə Şəhər Baş Polis İdarəsinə gətiriləndən sonra idarədə də ona cəzalandırılmasının əsl səbəbini deyiblər.

“Onu himayə eləyən məmur Gəncədə də söz sahibidir. Mən də Gədəbəydə yaşadığıma, Gəncəyə tez-tez gedib-gəldiyimə görə burada şərlətdirib həbs eləmək daha rahat idi. Ona görə Gəncədə belə bir təxribat qurdular mənə qarşı. Maşında öz yolumla getdiyim yerdə qəfildən qarşıma bir avtomobil çıxdı. Birinci dəfə o qəzadan yayındım. Sonra özü gəlib məni arxadan vurdu və içindəki iki nəfər də düşüb təhqir eləməyə başladı. Təxribat olduğunu dərhal başa düşdüm, telefonun diktofonu ilə səsləri yazdım. O səsi də polis idarəsində təqdim elədim. Həqiqəti gizlətmək üçün o səs yazısını Gəncə şəhər Baş Polis İdarəsində məhv elədilər…” – Zaur Qəmbərovun sözləridir.

Penitensiar Xidmət sorğunu cavablandırmadı, DİN isə deyir ki…

Jurnalistin Gəncədəki 2 saylı İstintaq Təcridxanasında intihara cəhd etməsi haqda qardaşının dediklərilə əlaqədar Meydan TV Penitensiar Xidmətə sorğu versə də, bu qurumdan məsələyə münasibət bildirilməyib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, avqustun 1-də axşam saatlarında Post Patrul Xidmətinin əməkdaşları Gəncə-Şəmkir avtomobil yolunun 1-ci kilometrliyində yol nəqliyyat hadisəsinin baş verdiyini, sürücülərdən birinin digərinə küt alətlə xəsarət yetirdiyini aşkar ediblər:

Gədəbəy rayon sakini Zaur Qəmbərov idarə etdiyi “Hyundai” markalı avtomobillə “Chevrolet” markalı avtomobilin onu ötməsinə əsəbləşərək, yol hərəkəti qaydalarını kobud surətdə pozub. O, sözügedən avtomobili ötərək qarşısına keçib və qəfil əyləcləmə edib. “Chevrolet” markalı avtomobilin sürücüsü yaranmış qəza şəraitində idarəetməni itirib, Zaur Qəmbərovun avtomobili ilə toqquşub. Zaur Qəmbərov avtomobildən düşüb, qarşı tərəfi təhqir edib, ona müxtəlif bədən xəsarətləri yetirib”.

Zaur Qəmbərovun ittiham olunduğu Cinayət Məcəlləsinin 221.3 maddəsində 2 ildən 5 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Ana səhifəBölgəHəbsdəki jurnalistin qardaşı: “Üstünə qaynar su töküb, özünə qəsd eləyib”