close

Hərbçilərin xidmət müddəti və pensiya əlavəsi artırılır

Foto: Meydan TV

Ekspertlər fərqli düşünür, ordudan getmək istəyənlərin olacağını proqnozlaşdıran da var

Milli Məclisin dekabrın 5-də keçirilən iclasında “Hərbi qulluqçuların statusu haqqında”, həmçinin “Əmək pensiyaları haqqında” qanunlara edilən dəyişiklikdən sonra Azərbaycanda hərbçilərin pensiya yaşı artırılıb.

İndiyədək hərbi qulluqçular 20 il hərbi xidmət keçəndən sonra pensiyaya çıxmaq hüququ əldə edirdilərsə, dəyişiklikdən sonra həmin müddət beş il artırılaraq 25 ilə çatdırılacaq. Qanun layihəsində həmçinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, gizirlər və miçmanlar üçün dinc dövrdə həqiqi hərbi xidmətdə olmağın son yaş həddi 45-dən 48-ə artırılıb. Xidmət müddətinə görə də pensiya əlavəsi 50 deyil, 65 faiz olacaq. Dəyişiklik hərbi qulluqçuların formalaşmış təcrübəsindən daha uzun müddət istifadə etməklə əlaqələndirilib.

Milli Məclis
Foto: president.az

Hərbi ekspert Üzeyir Cəfərov Meydan TV-yə deyir ki, qanuna edilən dəyişiklik orduya marağı azaldacaq. Həm də ordudan çıxmaq istəyən insanların sayını artıracaq:

Milli Məclisdə hərbçilərin yerinə artıq məsələni həll ediblər. Əsaslandırmağa çalışırlar ki, hər şey yaxşı olacaq. Ziyafət Əsgərov deyir ki, bu, çox gözəl təklifdir. Heç bir gözəlliyi yoxdur. Bu qərar çox böyük narazılıq yaradıb. Heç bir elmi əsaslandırma yoxdur. Başlayıblar ki, hərbidə peşəkarlar 20 yox, 25 ilə yaranır. Mən belə düşünmürəm və hesab edirəm ki, bu qərarın qəbul olunması, ümumilikdə orduya marağı azaldacaq. Dünyada elmi tədqiqatlar var. Tibb sahəsində də sübut olunmuş bir faktdır ki, 20 il insan orqanizmi davamlı şəkildə dözür və onu keyfiyyətli şəkildə yerinə yetirməyə imkan yaradır. Hərbçi 20 il bazar, nə bayram, nə seyran bilir, növbəyə gedir, poliqonda yaşayır. Beş il az müddət deyil”.

Üzeyr Cəfərov
Üzeyir Cəfərovun şəxsi arxivindən

Üzeyir Cəfərov hərbçilərin pensiya yaşının artırılmasını hökumətin pensiya şərtlərini ağırlaşdıraraq, büdcə vəsaitlərinə qənaət etmək kimi dəyərləndirir:

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təkidi ilə hansısa beş-on manata qənaət etmək məqsədilə bu qərarı qəbul etməyə çalışırlar. Mən bu qərarın əleyhinəyəm və hesab edirəm ki, yanlış qərardır. Azərbaycan Silahlı Qüvvələrinə o qədər də xeyir gətirməyəcək”.

Millət vəkili Vüqar Bayramov deyir ki, yeni qanun 17, 18 və ya 19 il xidmət edənlərə şamil olunmayacaq:

Vüqar Bayramov
Mənbə: Meydan TV

2024-cü il yanvarın 1-dək xidmət müddətinin ən azı 17 ili tamam olan hərbçilər 20 il tamam olandan sonra pensiyaya çıxa bilərlər. Yəni, əgər hərbçi 17, 18 və ya 19 il qulluq edibsə və yeni dəyişikliklərdən sonra 25 deyil, 20 xidmət ilindən sonra pensiyaya çıxmaq istəyirsə, qanun buna imkan yaradacaq. Bu zaman hərbçi öz istəyindən asılı olaraq, ya 20 xidmət ili tamam olanda da pensiyaya çıxa və ya 25 il qulluq edib daha yüksək məbləğ ilə pensiya hüququ qazana bilər”.

İqtisadçı Natiq Cəfərli də Meydan TV-yə deyir ki, Azərbaycanda yaşa görə əmək pensiyası ən çox müzakirə olunan məsələlərdəndir. İnsanları narahat edən bu məsələ qanunvericiliyə düzəlişlər şəklində birdəfəlik həllini tapmalıdır: 

Natiq Cəfərli
Foto: Meydan.TV

Tez-tez bu sahədə ciddi qanun dəyişikliklərinə yol verirlər. Bəzi hallarda insanlar, hətta pensiya yaşına çatanda belə hansı qaydalara uyğun təqaüdə çıxacaqlarını belə bilmirlər. Çünki obrazlı desək, oyun qaydaları tez-tez dəyişir. Hərbçilərə münasibətdə isə bu, ümumiyyətlə, yolverilməzdir. Hərbçilərin həyat təhlükəsini, iş təcrübəsini nəzərə alaraq, onların pensiya yaşının artırılması, məncə, doğru və məntiqli deyil”. 

Hərbi ekspert Ədalət Verdiyev isə Meydan TV-yə deyir ki, pensiya yaşının artırılması, zabitlərə daha uzun müddət vəzifələrdə qalmağa və sonrakı rütbələrə yüksəlməyə imkan yaradacaq:

Ədalət Verdiyev, foto: https://yenicag.az/
Ədalət Verdiyev, foto: https://yenicag.az/

“Uzun müddət xidmət – növbəti rütbə və vəzifələr deməkdir. Hazırda Azərbaycan ordusunda 25 il müddətdə xidmət edənlərin sayı kifayət qədərdir. Birinci və İkinci Qarabağ müharibəsində iştirak edən əksər zabitlərin xidmət müddəti ən azından 30 ilin üzərindədir. Ona görə də dəyişiklik daha çox zabitlərin karyerasında müsbət addım kimi dəyərləndirilə bilər”.

Ana səhifəSosialHərbçilərin xidmət müddəti və pensiya əlavəsi artırılır