close

Hərbi cinayətlərlə bağlı görüntülər beynəlxalq qurumlara göndərilir

Ermənistan-Azərbaycan sərhədi. Foto: tanitost/shutterstock

Hər iki ölkə bir-birini hərbi cinayətdə günahlandırır

Ermənistan “Formula 1” oyunlarının Azərbaycanda keçirilməməsi üçün beynəlxalq imzatoplama kampaniyası keçirilir. Petisiyanı imzalayanlar buna səbəb kimi Azərbaycanda ermənifobiyanı və müharibə cinayətlərini göstərirlər.

Kampaniya son günlər sosial şəbəkələrdə yayılan hərbi cinayət hallarını əks etdirən videogörüntülərdən sonra başladılıb.

Azərbaycanlı hərbçilərin əsirləri güllələdiyini əks etdirən həmin görüntülərdən belə aydın olur ki, komandirin atəşi dayandırmaq əmrinə tabe olunmur. Hadisənin 2022-ci ilin sentyabrında Azərbaycan-Ermənistan sərhədində baş verdiyi ehtimal edilir.

Ermənistan tərəfdən də azərbaycanlı əsgərlərə qarşı edilmiş hərbi cinayətlərlə bağlı videogörüntülər yayılıb.

Həmin görüntülərin nə zaman çəkildiyi məlum deyil. Ehtimal edilir ki, hadisə 2020-ci ildəki 44 günlük müharibə ərəfəsində baş verib.

Ermənistanda Beynəlxalq Hüquq Məsələləri üzrə Nümayəndəlik İdarəsinin mətbuat katibi Hasmik Samvelyan deyib ki, erməni hərbi əsirlərin edamını əks etdirən video ilə bağlı beynəlxalq təşkilatlara, Avropa İnsan Haqları Məhkəməsinə müraciət ediblər.

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar isə “Twitter” hesabında yazır ki, ona azərbaycanlılara qarşı törədilmiş hərbi cinayətləri əks etdirən bir neçə video göndərilib.

Klaar bildirib ki, bütün bunlar araşdırılmalı və əsl günahkarlar məsuliyyətə cəlb edilməlidir:

Toivo Klaar. Foto: APA

“Münaqişə hər iki tərəfdə dərin yaralar buraxdı və bunun üçün məsuliyyətə ehtiyac var”.

Azərbaycanda Baş Prokurorluq sosial mediada paylaşılan hərbi cinayət videolarının araşdırıldığını açıqlayıb.
Prokurorluq bildirib ki, görüntüləri Azərbaycan Respublikasının Hərbi Prokurorluğu araşdırır:

“Bu kateqoriyadan olan videolar üzrə onların həqiqi olub-olmaması, habelə videolardakı görüntülərin çəkildiyi zaman və məkan, onlarda əks olunan hərbi qulluqçuların şəxsiyyəti, eləcə də obyektiv həqiqətin müəyyən edilməsi üçün əhəmiyyət kəsb edən digər bütün hallar araşdırılır”.

Baş Prokurorluq bildirib ki, araşdırmanın nəticəsində qanunla nəzərdə tutulmuş tədbirlər görüləcək.

Bu ilin avqustunda BMT-nin İrqi ayrı-seçkiliyin ləğv edilməsi üzrə Komitəsinin iclasında Azərbaycan hökumətinin rəsmisi Qarabağ müharibəsi (2020) zamanı humanitar hüququn pozulması ilə bağlı 11 cinayət işi araşdırmasının başlanıldığını bildirib.

Baş Prokurorluq
Foto: Azərtac

Bu məlumatda istinad edilən Cinayət Məcəlləsinin 115.2 və 115.4 -cü maddələri hərbi əsirlərə işgəncə verilməsi və qəsdən öldürülməsi əməlləri ilə bağlıdır və müvafiq olaraq 5-10 və 14-20 il azadlıqdan məhrum etmə cəzası müəyyən edir.

Məcəllənin istinad edilən 245-ci maddəsi isə qəbir və ya meyit üzərində təhqiramiz hərəkətlə bağlıdır və buna görə islah işləri (2 ilədək), azadlıqdan məhrumetmə (5 ilədək) nəzərdə tutulur

Lakin açılmış bu cinayət işləri üzrə məhkum edilənlər, onların məhkəmə işləri barədə ictimaiyyətdə məlumatlar yoxdur.

Bu məlumatdan belə aydın olur ki, iki il ərzində aparılan cinayət araşdırmasının nəticəsində yalnız qəbir və meyit üzərində təhqiramiz əməllərə görə 4 hərbçinin işi məhkəmələrə göndərilib.
Digər maddələr barədə araşdırmanın nəticəsi məlum deyil.

Azərbaycan dövlətinin əvvəllər də erməni əsirlərə işgəncə verməsi və işgəncə sonrası ölümündə təqsirli olması, həmçinin bu hallarla bağlı effektiv istintaq aparmaması Avropa Məhkəməsinin “Sarıbekyan və Balyan Azərbaycana qarşı” (2020) və “Petrosyan Azərbaycana qarşı” (2022) qərarlarında əks olunur.

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında 44 günlük silahlı qarşıdurma olub. Hər iki tərəfdən 6 minə yaxın hərbçinin həlak olduğu İkinci Qarabağ müharibəsinin sonunda atəşkəs razılaşması bağlanıb. Həmin zamandan bu yana dəfələrlə tərəflər arasında atəşkəs pozulub.
Tərəflər bununla bağlı bir-birlərini ittiham ediblər.

Ana səhifəSiyasətHərbi cinayətlərlə bağlı görüntülər beynəlxalq qurumlara göndərilir