close

Hərbi ekspertlər Qarabağdakı sülhməramlıların gələcəyi ilə bağlı mübahisə ediblər

Foto: Meydan TV

“Sülhməramlıların funksiyası hərbidən polisliyə keçər”

“Kavkazski uzel”in materialı

Rusiyalı sülhməramlıların Qarabağda, demək olar ki, heç bir vəzifəsi qalmayıb, lakin missiyanın vaxtından əvvəl bitməsi Moskvanın imicinə mənfi təsir göstərməyəcək.
Hərbi ekspertlər Aleksandr Xramçixin və Vasili Dandıkin belə hesab edir.

“Azərbaycan sülhməramlıların 2025-ci ilin noyabrınadək Qarabağda qalmasında maraqlı ola bilər”, – “Xəzər” Strateji Tədqiqatlar İnstitutunun elmi işçisi Aleksandr Karavayev ehtimal edir.

Ermənistanın Baş naziri Nikol Paşinyan oktyabrın 10-da bəyan edib ki, bölgədə rusiyalı sülhməramlıların mövcudluğu Ermənistandan asılı deyil və onlar Qarabağ ərazisindən çıxdıqdan sonra Rusiyaya qayıtmalı olacaqlar.

Oktyabrın 17-də Avropa Parlamentində çıxış edən Baş nazir qeyd edib ki, yerli əhali Dağlıq Qarabağdan çıxarılarkən sülhməramlılar fəaliyyətsiz qalıb.

“2023-cü il sentyabrın 19-dan tərəflərin keçmiş təmas xətti boyu – Əsgəran, Mardakert (Ağdərə), Martuni (Xocavənd) və Şuşa rayonlarında rusiyalı sülhməramlıların 8 müşahidə və 16 müvəqqəti müşahidə məntəqələri ləğv olunub. Yolboyu təhlükəsiz hərəkət üçün 13 məntəqə, o cümlədən Azərbaycan tərəfi ilə müştərək 8 məntəqə qurulub”, – Rusiya Müdafiə Nazirliyi sülhməramlıların fəaliyyətinin gündəlik hesabatında xəbər verib.

Oktyabrın 9-da Rusiya Müdafiə Nazirliyi xəbər verib ki, sülhməramlıların müşahidə məntəqələrinin bağlanması fonunda Qarabağda silahların götürülməsi üçün 25 keşikçi məntəqəsi, o cümlədən Azərbaycan hərbçiləri ilə birgə 14 məntəqə qurulub. 

“Rusiya sülhməramlı kontingentinin Qarabağda mövcudluğu heç bir məqsəd güdmür və heç kəsə lazım deyil”, – hərbi ekspert Aleksandr Xramçixin hesab edir. “Onların rolu tamamilə bitib, belə ki, Ermənistan özü hər şeyi verib. O özü Qarabağdan imtina edib. Əslində elə əvvəl də Rusiya və ya Fransa Ermənistandan daha çox Ermənistan olsaydı, bu çox qəribə səslənərdi”, – o deyib.

 Ekspert hesab edir ki, Ermənistanın mövqeyi ilə bağlı Rusiyanın heç bir imic itkisi ola bilməz. “Ermənistan öz seçimini edib. Və Rusiyanın 2025-ci ilədək öz kontingentini Qarabağda saxlamasının heç bir mənası yoxdur, müddəti ondan o yana da uzatmaq, ümumiyyətlə, sürrealizmdir”, – Xramçixin hesab edir.

 “Yerevan və Bakı ərazi bütövlüyünü qarşılıqlı surətdə tanımaq barədə razılığa gəlib“, Paşinyan Avrasiya İqtisadi İttifaqının mayın 25-i Moskvada keçirilmiş sammitində xəbər verib. O, oktyabrın 5-də Qranadada Dağlıq Qarabağ ərazisi də daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünün tanınması barədə bəyannaməyə qol çəkib.

“Dağlıq Qarabağ ləğv olunduqdan sonra Rusiya sülhməramlı kontingentinin Qarabağda mövcudluğu öz mənasını itirib”, – hərbi ekspert Vasili Dandıkin həmkarı ilə razılaşıb. “Rusiya Prezidenti Vladimir Putin deyib ki, Rusiya sülhməramlı kontingenti faktiki olaraq Azərbaycan ərazisindədir. Ermənistan lideri Nikol Paşinyan Azərbaycanı sovet respublikası sərhədlərində bütünlüklə tanıdıqdan sonra və Dağlıq Qarabağ yanvarın 1-dən öz mövcudluğuna son verəcəyindən, rusiyalı sülhməramlılar maraqlı bir vəziyyətə düşüblər. Və burada söhbət imic itkisindən getmir. Onlar hələ yerli əhalinin təxliyəsi ilə məşğul olublar”, – o aydınlaşdırıb.

O, Rusiya sülhməramlı kontingentin 2025-ci ilin sonunadək Qarabağda qalıb-qalmayacağı ilə bağlı şərh verməkdə çətinlik çəkib. “Rusiya sülhməramlı kontingentin gələcək taleyi Rusiya və Azərbaycan prezidentləri tərəfindən həll ediləcək”, – Dandıkin deyib.  “Sülhməramlıların bazası, yəqin ki, 2025-ci ilin sonunadək qalacaq”,- “Xəzər” Strateji Tədqiqatlar İnstitutunun elmi işçisi Aleksandr Karavayev qeyd edib.

“Madam ki, razılaşmada sülhməramlıların 2025-ci ilin noyabrınadək qalması qeyd olunub, o zaman onlar qalacaqlar. Sayları isə 1960 nəfərdən minimum iki dəfə az olacaq, belə ki, onların nəzarət etdikləri sahə də xeyli ixtisara düşüb,” – o deyib.

“ Amma, bununla yanaşı, qondarma “Dağlıq Qarabağ Respublikası” hərbçilərinin qoyduğu 66 milyon vahid silah və sursatın götürülməsi və məhv edilməsi ilə bağlı məsələ var”, – o qeyd edib.

“Onları Azərbaycanda qorunma yerlərində yerləşdirmək lazımdır. Bunu tez bir zamanda etmək mümkün deyil. Sülhməramlılar tədricən yolları və yaşayış məntəqələrini qorumaqdan silah anbarlarını qorumağa keçəcəklər. Üstəlik az sayda erməni əhalisi üçün polis funksiyasını yerinə yetirmək zərurəti meydana çıxacaq. O da istisna deyil ki, yeni hakimiyyətlə və Qarabağa qayıdan azərbaycanlılarla bağlı asayiş pozulmazsa, müəyyən sayda erməni Qarabağa dönəcək. Qarabağ ermənilərinin 1991-ci ilədək sahib olduqları daşınmaz əmlakına – evlərinə, mənzillərinə, sahələrinə qarşı heç bir sanksiya yoxdur”, – Karavayev deyib. Onun fikrincə, Azərbaycanın nöqteyi-nəzərindən kontingentin hərbi sülhməramlı statusundan müəyyən polis funksiyası verilmiş monitorinq qrupuna çevrilməsi barədə danışıqlara yol verilə bilər. “Bunu Rusiya sülhməramlı kontingentinin Qarabağda qalma müddəti bitənədək etmək olar. Monitorinq qrupunun yaradılması danışıqların nəticəsi ola bilər ki, bu da Rusiyanın Qarabağda qalma müddətinin uzadılmasına gətirib çıxarar. Beləcə, sülhməramlıların funksiyası hərbidən polisliyə keçər”, – Karavayev deyib.

 Onun dediyinə görə, Rusiyaya Qarabağda qalmaq əlverişlidir, lakin rusiyalı sülhməramlıların statusunun dəyişməsi çərçivəsində Azərbaycan da bunda maraqlı ola bilər. “Rusiya ilə rəsmi kommunikasiya xətti qorunub saxlanar. Rəsmi Bakı son iki ildə Rusiyanın bölgədə mövcudluğunu şübhə altına salmayıb. Bunu bir çox Azərbaycan KİV-in bəyanatları da təsdiqləyir. Belə ki, onlar missiyanın dayandırılması zərurəti haqda çox yazır. Rusiyanın mövcudluğu isə Qarabağın qayıda biləcək erməni əhalisinə qarşı tolerantlığın nümayişi üçün bir pəncərə olacaq”, – Karavayev şərh edib.

Ana səhifəXəbərlərHərbi ekspertlər Qarabağdakı sülhməramlıların gələcəyi ilə bağlı mübahisə ediblər