Avropa Məhkəməsi Prezident Administrasiyası İşlər İdarəsinin keçmiş müdirinin şikayətini təmin edib
Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) dekabrın 14-də “Akif Muradverdiyev Azərbaycana qarşı” işi üzrə qərarını elan edib. Məhkəmə iddia olunan pozuntuları tanıyıb.
İş Prezident Administrasiyası İşlər İdarəsinin keçmiş müdirinin şikayəti ilə bağlıdır.
Ərizəçi 2013-cü ilin iyununda Moskvaya getmək istərkən Beynəlxalq Hava Limanında saxlanılıb. Üzərində kiçik əl çantası olan ərizəçini təhlükəsizlik, gömrük və sərhəd yoxlamalarından keçdikdən sonra, minik qapısının yaxınlığında keçmiş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları saxlayıb. Çantası götürülüb, özü ilə otaqda iyirmi dəqiqə sorğu-sual edilib. Ardınca, çantası geri verilib və şahidlərin iştirakı ilə üzərində və çantasında axtarış aparılıb. Axtarış lentə də alınıb. Protokola görə, baxış zamanı ərizəçinin çantasından 40 qızıl sikkə, müxtəlif valyutalarda nağd pullar və bir neçə mobil telefon aşkar edilib. Ərizəçi buna etiraz edib. Pul və telefonların ona məxsus olduğunu, qızıl sikkələrin isə ora qoyulduğunu deyib və protokolu imzalamayıb. Bundan sonra o, MTN-ə aparılıb. Oradakı dindirmə zamanı da qızıl sikkələrin ona məxsus olmadığını, çantasına sonradan qoyulduğunu deyib. Lakin yenə də barəsində Cinayət Məcəlləsinin 206.1-ci maddəsi ilə qaçaqmalçılıq ittihamı irəli sürülüb və məhkəməyədək həbs edilib.
İstintaq zamanı ərizəçinin vəkili onun hava limanında olan zamanı əhatə edən video görüntülərin istənilməsi haqda vəsatət verib, vəsatət təmin edilib, ancaq icra edilməyib.
Ərizəçi məhkəmə icraatı zamanı da cinayət işinin uydurma olduğunu və qızıl sikkələrin onun çantasına MTN əməkdaşları tərəfindən yerləşdirildiyini iddia edib.
Xəzər rayon Məhkəməsi ərizəçini qaçaqmalçılıqda təqsirli bilərək, dörd il müddətinə azadlıqdan məhrum edib. Yuxarı məhkəmələr də hökmü dəyişməyib.
Ərizəçi AİHM qarşısında ədalətli məhkəmə araşdırması hüququnun pozulduğunu iddia edib. Bildirib ki, o, uydurma sübutlar əsasında məhkum edilib. Həmçinin ona ortaya qoyulan sübutlara effektiv etiraz etmək, müxtəlif mərhələlərdə səmərəli hüquqi yardım almaq imkanı verilməyib. AİHM ərizənin araşdırması zamanı Mirzə Sakit və Layicov işləri üzrə qərarlarına istinad edib. Ərizəçinin məhkum edilməsinə gətirən maddi sübutların əldə edilmə şərtləri, etibarlılığı, qaynağı daxil olmaqla, keyfiyyətini incələyən məhkəmə vurğulayıb ki, ərizəçi hava limanına gəldikdən sonra təhlükəsizlik, gömrük və sərhəd yoxlamalarından rahatlıqla keçib, minik qapısında saxlanılıb və otağa aparılıb.
“Ərizəçi bir otağa aparıldı və çantasının gətirilməsi və axtarış aparılması arasında 20 dəqiqə vaxt keçib. Axtarışın hökumət tərəfindən təqdim edilən video qeydi, ərizəçinin axtarışa qədər çantanın ondan alınması iddiasını dəstəkləyir”, – məhkəmə bildirir. Məhkəmə qeyd edir ki, həbsdən dərhal sonra keçərli bir səbəb olmadan axtarış aparılmaması, sübutun “yerləşdirilmiş” olması ilə bağlı əsaslı narahatlıq doğurur, çünki, ərizəçi həmin vaxt tamamilə rəsmilərin kontrolunda olub. Digər tərəfdən, ərizəçinin saxlanılmasından dərhal sonra axtarış aparılmasını imkansız edən hər hansı xüsusi durumun mövcud olmadığı da aşkar görünür.
AİHM qərarında bunlar deyilir. Məhkəmə həmçinin, hökumətin ərizəçinin sikkələrlə təhlükəsizlik və gömrük yoxlamalarından necə keçə bilməsi ilə bağlı heç bir inandırıcı izahat təqdim edə bilmədiyini də vurğulayıb.
AİHM yekunda ərizəçiyə münasibətdə Konvensiyanın 6.1-ci maddəsinin pozulmasına qərar verib. Qərara görə, hökumət ərizəçiyə 4 min avro təzminat ödəməlidir. Ərizəçini AİHM qarşısında vəkil Fuad Ağayev təmsil edib. Hüquqşünas Xalid Ağəliyev deyir ki, dörd il azadlıqdan məhrum etməyə görə dörd min avro təzminat nəzərdə tutulub.
“Qərarda bildirilir ki, sübutlar uydurma olub, cinayət işi qondarma olub. Odur ki, AİHM qızılların çantaya yerlləşdirildiyi qənaətinə gəlib. Həm də bunun əksini isbat edən sübut yoxdur”.