Keçmiş deputat məhkəməyə onlayn qoşulub
Həbsdə olan keçmiş deputat Hüseyn Abdullayevin 6 illik cəza müddətinin bitməsinə 40 gün qalmış onun haqqında başlanmış yeni cinayət işi üzrə məhkəmə prosesi keçirilsə də, özü məhkəməyə gəlməyib. O, məhkəmə prosesinə saxlandığı Bakı İstintaq Təcridxanasından onlayn qaydada qoşulub. Onun vəkillərindən Şəhla Hümbətova təcridxanada yanında, digər müdafiəçiləri Cavad Cavadov, Ceyhun Yusifov və Vasif Mirzəyev isə Bakı Ağır Cinayətlər Məhkəməsində zalda olub.
Hüseyn Abdullayev istintaq təcridxanasında prosesə video konfrans vasitəsilə qoşulduğu zalda proses boyunca başını qarşısındakı masadan qaldırmayıb. Vəkili Şəhla Hümbətova bildirib ki, müvəkkilinin vəziyyəti ağırdır.
Hakim Azər Tağıyev bildirib ki, avqustun 15-də keçirilən hazırlıq iclasında Hüseyn Abdullayevin Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülməsi, orada müayinə olunması və vəziyyəti barədə rəy hazırlanaraq, məhkəməyə təqdim olunması haqda qərar qəbul edilmişdi:
“Bu gün özüm əlaqə saxladım, bildirildi ki, müayinədən keçirilib, lakin hələ rəy hazır deyil. Hazırlayıb göndərəcəklər”.
Şəhla Hümbətova bildirib ki, hazırda Hüseyn Abdullayev məhkəmə prosesinə onlayn qatılsa da, faktiki prosesdə iştirak etmir. Çünki vəziyyəti buna imkan vermir. Vəkil qeyd edib ki, öncə onun sağlamlığıyla bağlı məsələlər həllini tapmalı, sonra məhkəmə prosesinin davam edib-etməməsinə qərar verilməlidir. Müdafiəçinin sözlərinə görə, hazırlıq iclasından sonra Hüseyn Abdullayevi Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürsələr də, tələsik geri qaytarıblar:
“Şifahi şəkildə deyiblər ki, səndə problem yoxdur”.
Vəkil Ceyhun Yusifov da bildirib ki, Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi Hüseyn Abdullayevin səhhətilə bağlı məsələyə formal yanaşır:
“24 saat ərzində tələm-tələsik aparıblar və geri qaytarıblar. Bir sutkaya ətraflı müayinə olur? Şəxsin keyfiyyətli müdafiə olunmaq hüququ var. Keyfiyyətli müdafiə də şəxsin özündən başlayır. Adam sağlam şəkildə özünü müdafiə etmək iqtidarında deyilsə, kənardan onun müdafiəsi də səmərəli olmur”.
Digər vəkil Cavad Cavadov bildirib ki, Hüseyn Abdullayevin vəziyyətilə əlaqədar hazırda Avropa Məhkəməsilə Azərbaycan hökuməti arasında kommunikasiya gedir:
“Mən əmin edirəm ki, heç bir simulyasiyadan söhbət gedə bilməz. Dünən təcridxanada mənimlə görüşə gələndə çox pis halda idi. Onu arabaya qoyub apardılar. Onun vəziyyətilə əlaqədar 39-cu Qayda əsasında Avropa Məhkəməsinə müraciət etmişik, kommunikasiya başlayıb, hökumətə sorğu göndərilib. Hökumət 180 səhifəlik sənədlər göndərib. O sənədlərdə də Hüseyn Abdullayevin hansı xəstəliklərdən əziyyət çəkdiyi əksini tapıb”.
Vəkil əlavə edib ki, Hüseyn Abdullayev həbsdə olduğu dövrdə iki dəfə uzunmüddətli aclıq aksiyası keçirib. Bu aclıqlar da onun səhhətində problemlər yaradıb.
Şəhla Hümbətova isə xatırladıb ki, ötən məhkəmə iclasında sabiq deputatın mülki xəstəxanada, etibar etdiyi həkim tərəfindən müayinə olunması barədə vəsatət qaldırmışdılar. Vəsatət də qismən təmin olunmuşdu. Lakin icra edilməyib:
“Baş verənlərdən belə nəticəyə gəlmək olur ki, Penitensiar Xidmət, Tibb Baş İdarəsi Hüseyn Abdullayevin sağalmasında, müalicə almasında maraqlı deyil. Yoxsa niyə “səndə heç nə yoxdur” deyib, tələsik geri qaytarıblar?”
Hakim Azər Tağıyev bildirib ki, Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsindən rəy gələndən sonra ona uyğun növbəti addımlar atılacaq.
Hüseyn Abdullayev vəkili vasitəsilə çatdırıb ki, onun sağlamlığı nisbətən yaxşılaşana qədər məhkəmə prosesinin təxirə salınmasını istəyir.
Məhkəmə prosesi də sentyabrın 5-nə qədər təxirə salınıb.
Hüseyn Abdullayev ötən məhkəmə iclasında bildirmişdi ki, təcridxanada onu zəhərləyiblər.
Sabiq deputat 2018-ci ilin aprelində İstanbulda saxlanılaraq Azərbaycan hüquq-mühafizə orqanlarına təhvil verilib. Keçmiş deputat Bakı Hərbi Məhkəməsinin 2019-cu ilin oktyabrında çıxardığı hökmə əsasən, dələduzluq, vergidən yayınma, cinayət yolu ilə əldə olunmuş vəsaitlərin leqallaşdırılması kimi ittihamlarla 6 il azadlıqdan məhrum edilmişdi.
Cəzasının başa çatmasına ay yarım qalmış – bu ilin martında onun barəsində yenidən cinayət işi başlanıb. Ona bu dəfə Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma) maddəsilə ittiham verilib. O, bir neçə ölkədə külli miqdarda pulu leqallaşdırmaqda təqsirləndirilir.
İddia olunur ki, Hüseyn Abdullayev özü və ailə üzvlərinin adlarına Azərbaycandakı banklarda açılmış 7 hesab vasitəsilə ümumilikdə 5.5 milyon manatdan çox pulu həm yerli, həm də xarici banklardakı hesablara köçürüb, yaxın qohumunun adına Azərbaycanda daşınmaz əmlaklar alıb. Bu yolla da külli miqdarda vəsaiti leqallaşdırmaqda təqsirləndirilir.
Lakin sabiq deputat ittihamı qəbul etmir. O, özünü təqsirli bilmədiyini bildirib. Barəsindəki cinayət işinə gəlincə, hesab edir ki, onu həbsdə saxlamaq üçün saxta iş hazırlayıblar.
Hüseyn Abdullayevə ittiham verilən Cinayət Məcəlləsinin 193-1.3.2 maddəsində 7 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası var.
Bu, Hüseyn Abdullayev haqqında üçüncü cinayət işidir. İlk dəfə o, 2007-ci ildə parlamentin iclasında digər deputat Fəzail Ağamalı ilə davaya görə həbs olunmuş, bir müddət sonra şərti cəza ilə azadlığa buraxılmışdı. Azadlığa çıxandan sonra Almaniyaya mühacirət edən keçmiş deputat 2014-cü ildə orada sığınacaq almışdı.