close

Hüseyn Abdullayevin həbsdə infarkt keçirdiyi bildirilir

Hüseyn Abdullayev. Foto: Meydan TV

Keçmiş deputatın anası: “Tibb müəssisəsinə köçürmürlər, yəqin öldürüb vermək istəyirlər mənə”

Keçmiş deputat Hüseyn Abdullayevin saxlandığı istintaq təcridxanasında infarkt keçirdiyi bildirilir. Bu barədə “Müdafiə Xətti” insan hüquqları təşkilatının rəhbəri Rüfət Səfərov məlumat verib.

Hüquq müdafiəçisi bildirib ki, Hüseyn Abdullayevin vəziyyəti ağırlaşsa da, onu Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürmürlər, o, Bakı İstintaq Təcridxanasında adi kamerada saxlanılır.

Rüfət Səfərovun sözlərinə görə, bir müddət əvvəl Hüseyn Abdullayevin qan təzyiqi kəskin yüksəlib və bu səbəbdən təcridxananın həkimlərinə müraciət edib. Ona iynə vurulub, dərman verilsə də, sonradan durumu daha da pisləşib:

“Çoxsaylı xahiş və tələblərdən sonra təcridxanada ürəyi kardioqramma edilib. Amma kardioqrammanın nəticələrini nə özünə, nə də yaxınlarına veriblər. Baxmayaraq ki, dəfələrlə tələb olunub, yenə də kardioqrammanın nəticələrini verməkdən imtina ediblər. Deyiblər ki, “narahat olmayın, heç bir problem yoxdur”. Vəkilləri də, ailə üzvləri də görüb ki, Hüseyn Abdullayev görüşə çətinliklə gəlir, təngnəfəs olur, hərəkətində problemlər yaranıb. Özü də deyib ki, “mənə nəsə olub, kürəyim yanır”.

Hüquq müdafiəçisi deyir ki, bir qədər əvvəl sabiq deputat xəstəlik tarixçəsini əldə edib. Təcridxana rəhbərliyi, həkimlər kardioqrammanın nəticələrini verməkdən imtina etsələr də, xəstəlik tarixçəsində infarktın əlamətlərini göstəriblər. Özəl klinikalardan birinin kardioloqu həmin tibbi sənədə baxaraq, nəticələri dəyərləndirəndə onun infarkt keçirdiyini bildirib.

Keçmiş deputatın anası Zeynəb Abdullayeva da Meydan TV-yə bildirib ki, oğlunun vəziyyəti 20 gündən çoxdur ki, ağırlaşıb. Anası deyir ki, Hüseyn Abdullayevlə eyni kamerada saxlanılan şəxslər də onun durumunun pisləşdiyini xəbər veriblər, lakin heç bir tədbir görülməyib:

“Son vaxtlar 14 kilo arıqlayıb. Kamerada olanlar deyir ki, gecələr səhərə qədər yatmır, yanındakılara deyir ki, “məni buraxma, boğuluram”. Sənədləri kənar həkimə göstərdim, dedilər ki, infarkt keçirib, ürəyinin arxa divarında çat yaranıb. Əl-ayağı qıc olur. Onların verdiyi dərmanlardan da imtina edib. Tibb müəssisəsinə köçürmürlər. Yəqin öldürüb vermək istəyirlər mənə. Ombudsmana teleqram vurmuşam, indi də Penitensiar Xidmətə qəbula gəlmişəm. Yer üzündə şikayətlərimə baxan yoxdur, Allaha şikayət yazacam bunlardan…”.

Hüseyn Abdullayev və Zeynəb Abdullayeva
Foto: arxiv

Hüseyn Abdullayevin anasının dediklərinə Penitensiar Xidmət və Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsindən münasibət öyrənmək mümkün olmayıb.

Sabiq deputat 2018-ci ilin aprelində İstanbulda saxlanılaraq Azərbaycan hüquq-mühafizə orqanlarına təhvil verilib. Keçmiş deputat Bakı Hərbi Məhkəməsinin 2019-cu ilin oktyabrında çıxardığı hökmə əsasən, dələduzluq, vergidən yayınma, cinayət yolu ilə əldə olunmuş vəsaitlərin leqallaşdırılması kimi ittihamlarla 6 il azadlıqdan məhrum edilmişdi.

Cəzasının başa çatmasına ay yarım qalmış – bu ilin martında onun barəsində yenidən cinayət işi başlanıb. Ona bu dəfə Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma) maddəsilə ittiham verilib. O, bir neçə ölkədə külli miqdarda pulu leqallaşdırmaqda təqsirləndirilir.

İddia olunur ki, Hüseyn Abdullayev özü və ailə üzvlərinin adlarına Azərbaycandakı banklarda açılmış 7 hesab vasitəsilə ümumilikdə 5.5 milyon manatdan çox pulu həm yerli, həm də xarici banklardakı hesablara köçürüb, yaxın qohumunun adına Azərbaycanda daşınmaz əmlaklar alıb. Bu yolla da külli miqdarda vəsaiti leqallaşdırmaqda təqsirləndirilir.

Lakin sabiq deputat ittihamı qəbul etmir. O, özünü təqsirli bilmədiyini bildirib. Barəsindəki cinayət işinə gəlincə, hesab edir ki, onu həbsdə saxlamaq üçün saxta iş hazırlayıblar.

Hüseyn Abdullayevə ittiham verilən Cinayət Məcəlləsinin 193-1.3.2 maddəsində 7 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası var.

Bu, Hüseyn Abdullayev haqqında üçüncü cinayət işidir. İlk dəfə o, 2007-ci ildə parlamentin iclasında digər deputat Fəzail Ağamalı ilə davaya görə həbs olunmuş, bir müddət sonra şərti cəza ilə azadlığa buraxılmışdı. Azadlığa çıxandan sonra Almaniyaya mühacirət edən keçmiş deputat 2014-cü ildə orada sığınacaq almışdı.

Ana səhifəSiyasətHüseyn Abdullayevin həbsdə infarkt keçirdiyi bildirilir