close

İmran Əliyev işgəncə haqda danışdığına görə yenidən döyüldüyünü deyir

Foto: İmran Əliyevin şəxsi arxivindən

İctimai fəalın apelyasiya şikayəti təmin edilmədi

“Meclis.info” saytının rəhbəri İmran Əliyev aprelin 19-da onun haqqında  həbs qərarı çıxarılan məhkəmədə demişdi ki, saxlanılandan sonra işgəncələrə məruz qalıb, bədəninə elektrik cərəyanı verilib. Bu işgəncələr vasitəsilə onu sənədlər imzalamağa məcbur ediblər.

Bu gün – aprelin 24-də Bakı Apelyasiya Məhkəməsində İmran Əliyev deyib ki, ötən dəfə məruz qaldığı işgəncələr barədə danışdığına görə məhkəmədən qaytarılandan sonra Xətai Rayon Polis İdarəsində yenidən döyülüb. Onun üzərində hələ də xəsarət izlərinin qaldığı bildirilir.

Bakı Apelyasiya Məhkəməsində İmran Əliyev haqqında həbs qərarından verilmiş şikayətə baxılıb. Bir həftə öncə saxlanılan ictimai fəal haqqında Xətai Rayon Məhkəməsinin qərarıyla 2 aylıq həbs qətimkan tədbiri seçilib. Apelyasiya şikayəti də həmin qərardan verilib.

Bakı Apelyasiya Məhkəməsində İmran Əliyev ona qarşı irəli sürülmüş qaçaqmalçılıq ittihamının saxta olduğunu bildirib. Deyib ki, heç bir cinayət törətməyib, ona qarşı irəli sürülmüş ittiham da əsassızdır.

Lakin məhkəmə apelyasiya şikayətini təmin etməyib, İmran Əliyev haqqında həbs qərarı qüvvədə saxlanıb.

İmran  Əliyev “AbzasMedia” nəşri ilə bağlı cinayət işi üzrə məsuliyyətə cəlb edilib. Bu iş üzrə həbsdə olan digər jurnalistlər kimi, ona qarşı da Cinayət Məcəlləsinin 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsilə ittiham irəli sürülüb. O, Azərbaycanda qeydiyyatdan keçirilməyən qrant müqavilələrilə vəsaitlərin alınması və ölkəyə qaçaqmal yoluyla gətirilməsində ittiham olunur.

Lakin İmran Əliyev özünü təqsirli bilmir.

İmran Əliyev aprelin 18-də axşam saatlarında Türkiyəyə gedərkən saxlanılaraq, Bakı Şəhər Baş Polis İdarəsinə gətirilib. Gecə saatlarında onun yaşadığı evdə axtarış aparılıb.

Bütün bunlar baş verməmişdən öncə – aprelin 18-də günorta saatlarında hökumətyönlü mediada, o cümlədən “Qafqazinfo” saytında müstəqil media və jurnalistlərin əleyhinə material yayımlanıb. Həmin məqalədə “Meclis.info” saytı və İmran Əliyevin ünvanına da ittihamlar yer alıb.

İmran Əliyev isə orada yazılanların absurd və uydurma olduğunu bildirib.

Daxili İşlər Nazirliyi. Foto: DİN

Daxili İşlər Nazirliyinin mətbuat xidməti İmran Əliyevin işgəncəyə məruz qalması barədə deyilənləri təkzib edib. Bu qurumdan bildirilib ki, deyilənlər əsassızdır.

Korrupsiya araşdırmalarıyla tanınan “AbzasMedia” işi üzrə həbslər ötən il noyabrın 20-dən başlayıb. Öncə saytın direktoru Ülvi Həsənli, direktor müavini Məhəmməd Kekalov, baş redaktoru Sevinc Vaqifqızı həbs edilib. Daha sonra həbslər araşdırmaçı jurnalist Hafiz Babalı, Nərgiz Absalamova və Elnarə Qasımova ilə davam edib. Onlar da Cinayət Məcəlləsinin 206.3.2-ci (bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsilə ittiham olunur.

Bu maddənin sanksiyasında 5 ildən 8 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Noyabrın 20-də Ülvi Həsənli saxlandıqdan sonra “AbzasMedia”nın ofisində axtarış aparılıb. Saytın ofisindən 40 min avro pul tapıldığı iddia olunub.

Ülvi Həsənli isə orada pul olmadığını, 40 min avronun ofisə onu tapdığını iddia edənlərin özləri tərəfindən qoyulduğunu bildirib.

Adları çəkilən jurnalistlərin heç biri özünü təqsirli bilmir, “AbzasMedia”da Prezidentin ailə üzvləri də daxil olmaqla, bir sıra vəzifəli şəxslərin biznesi, korrupsiya ilə bağlı araşdırmalara görə cəzalandırıldıqlarını bildiriblər.

“AbzasMedia”dan sonra “Kanal 13” internet televiziyasının rəhbəri Əziz Orucov və bu qurumun əməkdaşı Şamo Eminov da qaçaqmalçılıq ittihamıyla həbs olundu. Hazırda onların işi üzrə istintaq Səbail rayon Polis İdarəsində davam edir.

Martın 6-da isə “Toplum TV” kanalının bir qrup əməkdaşı eyni ittihamla həbs edilib.

“Toplum”un redaksiyasından və ayrı-ayrı əməkdaşların evindən axtarış zamanı müxtəlif məbləğlərdə pul tapıldığı iddia olunur.

Onlar isə bu ittihamı rədd edir, tapıldığı iddia edilən pulların evlərə və ofisə axtarışı aparan polislərin özləri tərəfindən qoyulduğunu bildirirlər.

Ana səhifəSiyasətİmran Əliyev işgəncə haqda danışdığına görə yenidən döyüldüyünü deyir